Mehdi Məmmədov ömrünün səhifələri

 

 

Yanvarın 28-də Teatr Xadimləri İttifaqında (TXİ) böyük rejissor, aktyor, teatrşünas, SSRİ Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı, professor Mehdi Məmmədova (1918-1985) həsr olunmuşÖmrün səhifələri” kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan TXİ-nin sədr müavini, Xalq artisti Hacı İsmayılov dedi ki, Mehdi Məmmədov haqqında kitabın təqdimat mərasimi təsadüfən bu günə salınmayıb. 28 yanvar onun anım günüdür. Mehdi Məmmədovun Azərbaycan mədəniyyətində yerindən, tarixi rolundan danışan Hacı müəllim çıxış üçün ilk sözü ittifaqın sədri, Xalq artisti, professor Azərpaşa Nemətova verdi.

Azərpaşa Nemətov Mehdi Məmmədovun ondan ötrü həm müəllim, həm əmi, həm dost, həm də dostu Elçinin atası kimi əziz olduğunu söyləyərək xatirələrini danışdı. Həmin xatirələrdə zahirən çox zəhmli, qaradinməz kişi təsiri bağışlayan Mehdi müəllimin mülayim xasiyyətli, dənizi çox sevən, öz tamaşalarının məşq prosesində tələbələrinin fikrinə qulaq asan, onların yaradıcılığını təhsillərini başa vurduqdan sonra da izləyən, tövsiyəsini onlardan əsirgəməyən qayğıkeş insan kimi canlandı.

Kitabın  müəllifi, TXİ-nin məsul katibi Aida Qafarova söylədi ki, təqdimatına yığışdığımız nəşr Azərbaycan teatrının 100 yaşı qeyd edilən görkəmli sənətkarlarına həsr edilən “Ömrün səhifələri” silsiləsindən sayca 7-ci kitabdır. Bu silsilə 2011-ci ildən başlayaraq nəşr edilir. Ötən müddətdə  Şəmsi Bədəlbəyli, Məhərrəm Haşımov, Hökumə Qurbanova, İlyas Əfəndiyev, Qəmər Almaszadə və Nəsibə Zeynalovaya həsr olunmuş kitablar oxuculara təqdim edilib. Konkret sənədlər əsasında qələmə alınmış, Azərbaycan, rusingilis dillərində tərtib olunmuş kitabda silsilə nəşrin formatına uyğun olaraq yubilyarın həyat və yaradıcılığının ən mühüm məqamları, həyat və yaradıcılığını əks etdirən fotolar da verilib.

Mehdi Məmmədovun tələbələrindən tanınmış rejissor, Xalq artisti Ağakişi Kazımov, qızı qədər sevdiyi Elmira Əliyeva xatirələrini bölüşdülər.

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov bir teatrşünas kimi formalaşmasında Cəfər Cəfərovla yanaşı Mehdi Məmmədovun da böyük rolunun olduğunu qeyd etdi.

Tanınmış aktyorlarxalq artistləri Ramiz Məlik və Rafiq Əzimov Mehdi Məmmədovun tamaşalarında oynadıqları rolları, onlarla rol üzərində necə işlədiklərindən söz açdılar.

Çıxışlar arasında Mehdi Məmmədovun yadigar video lentləri, aktyor kimi iştirak etdiyiquruluş verdiyi tamaşalardan, çəkildiyi “Onu bağışlamaq olarmı?” filmindən fraqmentlər göstərildi.

Təqdimat mərasiminin sonunda Mehdi Məmmədovun qardaşı oğlu, teatrşünas Əsəd Məmmədov çıxış edərək, kitabın üzərində əziyyəti keçən hər kəsə, tədbirə gələnlərə təşəkkürünü bildirdi.

Mehdi Məmmədov. Ömrün səhifələri” kitabı görkəmli rejissorun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə açılır. Ön sözün müəllifi Azərpaşa Nemətovdur. Kitabda xalq artistləri Hacı İsmayılovun, Rasim Balayevin, Ramiz Məlikin və Vaqif Əsədovun, əməkdar incəsənət xadimləri Rafiq Sadıqov, Məhərrəm Bədirzadə və Bəhram Osmanovun, Əməkdar mədəniyyət işçisi Əsəd Məmmədovun xatirə yazıları, nəvəsi – rəssam Kərim Məmmədovun babasının qrafika janrında çəkdiyi portreti və fotoşəkillər yer alıb.

 

G.MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.- 30 yanvar.- S.1;4