Bakıda keçiriləcək mötəbər
tədbirlərlə bağlı UNESCO-da
müzakirələr aparılıb
Məlum olduğu kimi, 2019-cu ilin 2-3 may tarixində Bakıda 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu, 30 iyun – 10 iyul tarixlərində isə UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək. Hər iki mötəbər tədbirlə bağlı hazırlıq məsələlərini müzakirə etmək məqsədilə Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri, sözügedən tədbirlərin əməliyyat qrupunun rəhbəri Vasif Eyvazzadə Parisdə UNESCO Katibliyinin rəsmiləri ilə görüşlər keçirib.
5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilmiş görüşdə UNESCO-nun Sosial və humanitar elmlər departamentinin rəhbəri Magnus Magnusson təşkilatın Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə fəaliyyətini yüksək qiymətləndirdiyini və bu istiqamətdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinə böyük önəm verildiyini bildirib.
Forumun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci ildə irəli sürdüyü “Bakı Prosesi” təşəbbüsünün tərkib hissəsi kimi BMT tərəfindən çox vacib qlobal platforma elan edildiyini diqqətə çatdıran V.Eyvazzadə bu platformanın UNESCO ilə yanaşı BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun da tərəfdaşı olduğu yeganə beynəlxalq hərəkat olduğunu vurğulayıb.
Qeyd olunub ki, 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu bu xüsusiyyətləri özündə saxlamaqla mədəni müxtəliflik, dialoq və əməkdaşlıq, insan təhlükəsizliyi, gənclərin liderliyi, miqrasiya, münaqişələrin qarşısının alınması və s. mövzuları əhatə edəcək. Artıq UNESCO-nun da iştirakı ilə beynəlxalq ekspertlərlə birgə forumun konseptual müzakirə sənədi və proqram layihəsi hazırlanıb. Görüş zamanı, həmçinin forumun təşkilati məsələləri ilə bağlı müzakirələr aparılıb.
Sonra UNESCO-nun Dünya İrs Mərkəzinin direktor müavini Petya Totçarovanın rəhbərlik etdiyi katibliyin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının sədrliyi ilə keçiriləcək Dünya İrs Komitəsinin sessiyası ilə bağlı bu ilin iyul ayına kimi təşkil ediləcək görüşlər, 43-cü sessiya və onun çərçivəsində baş tutacaq Gənclər forumu və Abidə menecerlərinin forumuna hazırlıq məsələləri ilə bağlı müzakirələr aparılıb. V.Eyvazzadə bildirib ki, sessiyanın Bakıda keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Təşkilat komitəsi yaradılıb.
Görüş zamanı,
həmçinin UNESCO Katibliyinin
missiyasının mart ayında Bakıya səfəri
ilə bağlı razılıq əldə olunub.
Mədəniyyət.- 2019.- 30
yanvar.- S.4.