“Qanlı kaha”
kitabının təqdimatı
“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində jurnalist Elxan Salahovun yeni çapdan çıxmış “Qanlı kaha” kitabının təqdimatı keçirilib.
İctimai birliyin sədr müavini Həbib Misirov tədbiri açaraq kitab haqqında danışıb. Bildirilib ki, 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı yaşanan Başlıbel müsibətindən söz açan kitab Qarabağ həqiqətlərinin öyrənilməsində və dünya ictimaiyyətinə çatdırılmasında tutarlı mənbədir.
Müəllif Elxan Salahov kitab haqqında ətraflı məlumat verib. Bildirib ki, kitab 1993-cü ildə Kəlbəcərin işğalı zamanı rayonun Başlıbel kəndinin yurd-yuvasını tərk etməyən, 4 ay müddətində kahalara sığınmış 76 dinc sakininin mühasirə həyatından bəhs edir. Sənədli-publisistik povestdə işğal zamanı dağlara çəkilərək kahalara sığınan sakinlərin dözülməz mühasirə günləri, erməni quldurlarının törətdikləri qətliamlar, vandalizm hərəkətləri yer alıb, həmin hadisələri gözləri ilə görmüş və məşəqqətləri yaşamış şahidlərin xatirələri toplanıb. Aralarında 8 uşaq, 24 qadın, 15 qoca olan bu insanların 113 gün davam edən mühasirə həyatı, soyuğa, aclığa qarşı dözümü Qarabağ müharibəsinin ən dəhşətli səhnələrindən biridir. Kitabda Kəlbəcərin işğalı zamanı Başlıbel kəndinin 36 sakininin amansızcasına qətlə yetirildiyi, 19 nəfərin girov götürüldüyü, 1 nəfərin itkin düşdüyü bildirilir.
Tanınmış jurnalist Süleyman Qaradağlının redaktoru olduğu kitabda həmçinin 1994-cü ilin yanvar-fevral aylarında
Kəlbəcər rayonunun işğaldan
azad edilməsi uğrunda
gedən döyüşlər, “Murovdağ
əməliyyatı” barədə də məlumat verilir.
Mədəniyyət.- 2019.- 30
yanvar.- S.5.