İstiqlal nəğməsinə təşnə
şair
Səməd Mənsur-140
“Mavi, qırmız, yaşıl boyaqlı ələm, Ucalaydı, görə bütün aləm...”
Ötən əsrin altmışıncı illərində Rəsul Rza Azərbaycan ədəbiyyatı üçün tam yeni olan və modern assosiasiyalar üzərində qurulmuş «Rənglər» silsiləsini yazdı. Bu silsilə cəmiyyətdə birmənalı qarşılanmadı, köhnə düşüncəli insanlar bu şeirləri mənasız söz yığınına bənzətdilər, yeni düşüncəli yaradıcı insanlar isə bu əsərdən vəcdə gəldilər, oradakı yeni assosiativ duyuma heyran oldular. Rəsul Rzanın rəngləri o dövrün gənc sənətkarlarının əsərlərində özünü büruzə verdi, rəssamlıq tablolarına keçdi, musiqilərdə özünü göstərdi, şairləri riqqətə gətirdi.
Bu hadisədən əlli il qabaq, əsrin əvvəllərində İçərişəhərin qənbər döşənmiş dar küçələriylə ağır-ağır addımlayan və addımladıqca divarların dibində oturub nərd atan köhnə içərişəhərliləri öz ayaqqabılarının taqqıltısıyla diksindirən Səməd Mənsur isə bütün dünyaya “rəng” dedi. Bəli, bütün dünyaya, insanlara, onların məqsədlərinə, amallarına, xoşbəxtliyə, səadətə, sevgiyə, eşqə, bir sözlə, hər şeyə “rəng” dedi Səməd Mənsur. Bütün mövcudat onun fikrincə, sadəcə bir rəng imiş. Və bu rəngin arxasında nə gizlənir - bunu yəqin ki, heç Səməd Mənsurun özü də bilmirdi.
Səməd Mənsur ən məşhur «Həbsi rəngdir» şeirini 1919-cu ildə yazıb. Həmin dövrdə artıq süqut etmiş Rusiya imperiyasının hər yerində inqilab eyforiyası yaşanırdı. Azərbaycan da tufanlı dəniz kimi çalxalanırdı, cəmiyyət müxtəlif qruplara bölünmüşdü, kimisi xalqın müstəqilliyi üçün əlləşir, kimisi kommunist təbliğatı aparır, kimi də sadəcə bulanıq suda balıq tutmağa, öz şəxsi mənafeyini təmin etməyə çalışırdı.
Müxtəlif partiyalar, silahlı toqquşmalar, mitinqlər, qəzetlər, xoşbəxt gələcəkdən dəm vuran odlu-alovlu natiqlər, yağlı vədlər, qışqır-bağırlar... Ancaq maraqlı olan dövrün ictimai-siyasi mənzərəsini təsvir etmək yox, bu ehtiraslı, odlu-alovlu illərdə Səməd Mənsurun nə düşündüyünə diqqət verməkdir. Səməd Mənsur isə bütün bu hay-küyə əsl Şərq müdrikləri kimi baxırdı. Zamanın keşməkeşi, dünyanı dəyişmək istəyənlərin hay-küyləri bu müdrik, ağır insanın gözündə yalnız və yalnız rəng idi. Altında tamam başqa mətləbləri gizlədən rəng.
Uyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir,
Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir.
Mey riya, məşuqə ğəş, hüsnü vəcahət rəngdir.
Rəngdir hər dürlü matəm, hər məsərrət rəngdir,
Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngdir.
İndi isə bir qədər də əvvəllərə, yəni on doqquzuncu əsrin son onilliyinə və iyirminci əsrin ilk illərinə qayıdaq. Səməd Mənsurun hansı şəraitdə ədəbiyyat aləminə qədəm qoyduğuna diqqət edək.
Həmin dövrlərdə Azərbaycanda mətbuat hələ inkişaf etmədiyinə görə ədəbi qüvvələr əsasən mütəmadi olaraq müxtəlif şəxsi evlərdə ədəbi məclislərdə cəmləşirdilər. Azərbaycanın, demək olar ki, bütün əyalətlərində təşkil olunan belə məclislərə öz dövrünün məşhur şairləri Seyid Əzim Şirvani, Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Xurşudbanu Natəvan rəhbərlik edirdilər. Belə məclislərdə müxtəlif şeirlər oxunar, müzakirə edilər, bədahətən beytlər deyilər, başqa ədəbi məclislərlə yazışmalar həyata keçirilər, məclisin sonunda isə qonaq kimi gələn xanəndələrin ifaları dinlənilərdi. Bakıda da «Məcməüş-şüəra» adlanan belə bir ədəbi məclisi 1880-ci ildə Məmmədağa Cürmi təşkil etmişdi. Bu məclisin yaradılmasında o dövrün məşhur və azman Bakı şairləri Ağadadaş Sürəyya, Ağakərim Salik, Mirzə Əbdülxalıq Yusif, Mikayıl Seydi, Əbdülxalıq Cənnəti yaxından iştirak etmişdilər.
Səməd Mənsurun da bir şair kimi yetişməsini, ərsəyə gəlməsini bu məclisdən kənarda təsəvvür etmək mümkün deyil.
Ey rəhmli canan, eləmə ülfətə adət,
Nazınla vüqarın verər ətvarına zinət,
Bihudə gülümsünmə, vüsalında nə ləzzət?
Sıx qəlbimi, yansın ciyərim, qanımı qeynət,
Cövrünlə dəri-sirri-nihanə mənə baz et!
Naz et mənə, ey sevgili yarım, mənə naz et!
Şairin sırf klassik Şərq şeiri üslubunda qələmə aldığı və divan ədəbiyyatından gəlmə ideyaların daşıyıcısı olan «Naz et mənə», «Sən mənim olsan» və s. şeirləri, Füzuliyə təxmis və nəzirələri onu göstərir ki, Səməd Mənsur hələ gənc yaşlarından ustad şairlərin köməyi ilə klassik Şərq poeziyasının bütün incəliklərinə dərindən yiyələnmiş və bu sahədə hələ bəlkə öz ustadlarından da irəli getmişdi. Bundan başqa, qeyd edək ki, Səməd Mənsur dediyimiz dövrdə həm fars, həm də rus dillərini mükəmməl öyrənmişdi.
1905-ci ildə rus çarının imzaladığı «17 oktyabr manifesti» nəticəsində mətbuatda senzura zəifləmişdi və bunun nəticəsində bütün imperiyada olduğu kimi, Bakıda da çoxsaylı mətbu orqanlar dərc edilməyə başlamışdı. Şübhəsiz ki, bu tarixi Azərbaycan mədəniyyəti və ədəbiyyatı üçün də dönüş nöqtəsi hesab etmək olar. «Molla Nəsrəddin», «Həyat», «Füyuzat», «Təkamül» və s. milli qəzet-jurnallar Azərbaycan maarifçilik hərəkatının genişlənməsində böyük rol oynamış oldu.
Başqa qələm sahibləri kimi Səməd Mənsur üçün də milli mətbuat geniş ziyalı kütlələriylə əlaqə yaradaraq öz sözünü xalqa çatdırmaq və eyni zamanda istər Azərbaycanın, istərsə də dünyanın aparıcı ədəbi qüvvələrinin əsərləriylə yaxından tanış olmaq üçün bir vasitə idi. Məhz həmin dövrdən başlayaraq şairin yaradıcılığı yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdu. Qəzetlərdə aktiv çıxış edir, milli oyanışı təbliğ edirdi.
Yatma dəxi göz aç oyan, getdi hamu izzətimiz,
Yandı vətən cəhl odına bir oyanmaz millətimiz.
Başqa miləl elm oxuyub oldı bu dünyadə sərvər,
Bizlər isə cəhlə uyub məhv elədik şani yeksər.
Dərs oxuyub alim olan görməz dünyadə bir zillət,
Dərsə çalış huşilə bax, olsun zail qəflətimiz.
1917-ci ilin inqilabı ilə 1920-ci ilin apreli arasında olan üç il müddətində Bakının düşdüyü vəziyyəti, şəhərdəki qarışıqlığı göz önünə gətirəndə insanı qeyri-müəyyən bir qorxu hissi bürüyür. Bu müddət ərzində Bakıda nələr baş vermədi, kimlərin iç üzü açılmadı, kimlərin gizli niyyətləri görünmədi. Bütün bu hadisələrə Səməd Mənsurun münasibəti isə çox maraqlı idi. Xalqın düşdüyü bu qarışıq vəziyyət, anarxiya onu həm həddən artıq kədərləndirir, eyni zamanda acı-acı güldürürdü. O dövrdə baş verən hadisələrin çoxuna diqqət yetirəndə Səməd Mənsurun kinayəli gülüşünün səbəbini anlamaq çətin deyildi. Dünənki qoçular bu gün siyasi partiyalar təşkil edir, dünənki hamballar bu gün mitinqlərdə odlu-alovlu çıxışlar edir, keçmiş oğru-quldurlar idarəçilik komitələri qurur, mərsiyəxanlar qəzet naşiri olurdular. Hamı da iddialı, lovğa, özündən başqa heç kimi bəyənməyən. Hamısının gözü yuxarıda, ali mənsəblərdə.
Tuti, çünki işimiz düşdü belə,
Sən də bu işdə bir az qıl əcələ,
Yaz bu elanımızı, bildir elə,
Neçə illər çalışıb
yığdıq ələ,
İndi
mən onları tək-tək satıram,
Gəl-gəl, ay müştəri, məslək satıram...
Yeni yaranmış Azərbaycan
Cümhuriyyətinin rəhbərliyi
ölkədə müəyyən
qədər nizam-intizam
yaratmağa çalışsa
da, xarici qüvvələrin təsiri
güclü olduğundan
istədiyinə nail ola bilmirdi. 1920-ci ilin əvvəlində
artıq bütün düşmənlərinə qalib
gəlmiş bolşevik
Rusiyası diqqətini
Cənubi Qafqaza, ilk növbədə neft şəhəri olan Bakıya yönəldir və Azərbaycanda sovet hakimiyyəti qurulur. Yeni bolşevik hakimiyyətinin
bir-birindən qəribə
görünən siyasi
və iqtisadi addımları xalqı daha da heyrətləndirir,
bütün ömrü
sürgünlərdə, çar
məhbəslərində keçmiş
bu yeni komissarların,
icrakomların, ümumiyyətlə,
dövlət idarə
etmək iqtidarında
olmadıqları aşkara
çıxırdı. Onlar daha çox öz mənafelərini düşünür, xalqa
isə əhəmiyyət
vermirdilər.
Səməd Mənsur da bir çox ziyalılarımız kimi
bu proseslərə öz münasibətini bildirirdi. Lakin bir çoxlarından
fərqli olaraq onun münasibəti daha kəskin, daha cəsarətli idi.
Sanma ki avamdır, qana bilməz qoca kəndli,
Hər bir əməlindir o qoca kəndliyə bəlli,
Türk
işçisi, türk
kəndlisi, türk fəhləsi yeksər
Kor gözlərinə görsənir
heyvanla bərabər...
Həyat və yaradıcılığının
məhz bu mərhələsində Səməd
Mənsur şəxsiyyətinin
daha bir cəhəti özünü
qabarıq büruzə
verir. Onu həmkarlarından fərqləndirən cəhətlərdən
biri, bəlkə ən əsası da məhz hədsiz
cəsarəti və qorxubilməzliyi idi. Həmin ərəfədə
dərc etdirdiyi şeirlərin bir çoxunda şair qorxub çəkinmədən
həmin dövrün
partiya və dövlət xadimlərini
adbaad tənqid atəşinə tutur, onların yarıtmaz işini qamçılayırdı:
O kimdir ki, alov
yağır gözündən?
O kimdir ki, məna
çıxmır sözündən?
O kimdir ki, qorxar
özü-özündən?
Buna cavab verən aşıq var olsun!
Mirzoyandır alov yağır
gözündən,
Mirbəşirdir məna çıxmır
sözündən,
Qəzənfərdir qorxar özü-özündən,
Söz soran aşığa Allah yar olsun!
Şeirdə adıçəkilən Mirbəşir
(Qasımov), Levon (Mirzoyan), Qəzənfər
(Musabəyov) sovet Azərbaycanında yüksək
partiya rütbələrində
çalışan bolşeviklər
idi. Səməd Mənsur satirasının
belə kəskinləşməsi,
əlbəttə ki, əbəs deyildi. Yeni siyasi xadimlərin
xalqa verdiyi yağlı vədlərin,
yer üzündə zəhmətkeş kütlələr
üçün əsl
cənnət quracaqları
barədə söhbətlərin,
hakimiyyətin və dövlətin xalqa mənsub olacağı barədə fikirlərin iflasa uğraması və yeni qurulan
hökumətin bir çox parametrlərdən
baxanda əvvəlkindən
də aşağı
səviyyəli olması,
təbii ki, Səməd Mənsuru hiddətləndirirdi. Müəllif öz qəzəbini bu dəfə simvolik, rəmzi yox, tam açıq və cəsarətlə satiralarında bəyan edirdi.
Var bizim şəhrdə beş-altı dilavər kişilər,
Fağırın hamiləri, partiya rəhbər kişilər.
Verdilər neftimizi, puşəmizi,
xalçamızı,
Qırxdılar xəlqi də başdan-başa bərbər
kişilər.
Baxarıq ağlayarıq, dinsək
əzər ağzımızı,
Bizə
sərvər kişilər,
özgəyə nökər
kişilər...
Səməd Mənsur ixtisasca mühasib idi. Uzun illər
müxtəlif dövlət
idarələrində öz
ixtisası üzrə
çalışmışdı. Elə buna görə də xalq kütlələrinin
görə bilmədiyi
bir çox məqamları o daha yaxından görür və qələmə sarılırdı. Ondan tələb
olunanları yox, öz əqidəsinin ona diktə etdiklərini yazırdı.
Şairi susdurmaq istəyənlər çox
olsa da, buna nail
ola bilmirdilər. Çünki susmaq Səməd
Mənsurun təbiətində
deyildi.
Mirbəşir Qasımova…
Ağlaram gülməli, əylənməli
ətvarından,
Gülərəm ağlamalı haləti-kirdarından.
Səni
Məcnun eləmiş
sanki rəyasət eşqi,
Anlaşılmaz iki söz etdiyi göftarından...
Bəli, Səməd Mənsur çar dövründəki
eybəcərlikləri necə
qamçılayırdısa, sovet dövründə də eyni kəskinliklə
sözünü deyirdi.
* * *
Səməd Mənsur 1927-ci ildə gözlənilmədən vəfat
etdi. Bəlkə bu da onun vüqarına, qüruruna, cəsarətinə
Allahın bir mərhəmətiydi. İrəlidə otuzuncu illərin repressiyaları gəlirdi.
Səməd Mənsur da
şübhəsiz ki,
ilk olaraq həbs edilənlərin, sürgün
olunanların arasında
olacaqdı. Amma Allah Səməd
Mənsurun repressiya tufanına düşməyini,
əyilməyini, sınmağını
istəmədi, onu elə bütün ömrü boyu yaşadığı kimi
şax, vüqarlı,
əzəmətli bir
məqamda bu dünyadan apardı.
Səməd Mənsur dünyaya
kişi gəldi, kişi kimi yaşadı və sözünü də həmişə qorxu-hürküsüz, açıq
şəkildə üzə
dedi. Əqidəsini dəyişmədi, susmadı, bunları öz şəxsiyyətinə
sığışdırmadı. Bütün dünyaya rəng dedi. Amma özü başqaları
kimi rəngini dəyişmədi, zamanının
rənginə düşmədi,
bir sözlə, rəng olmadı. Əgər rəng olsaydı, onda Səməd Mənsur olmazdı.
P.S.
İstəməm mənsəb, istəməm
sərvət,
İstərəm xalqa əmn-aman,
rahət,
İstəməm köşklər, imarətlər
İstəməm hücrələr, ticarətlər.
Görməyəydim bu qəmli çöhrələri,
Duymayaydım bu odlu nalələri,
Eşidəydim sədasın əsgərimin,
“İrəli” kəlməsin
o nərlərimin.
Mən də bir evdə,
bir otaq, palazım,
Bir dolabda kitab, divarda sazım,
Mavi, qırmız, yaşıl
boyaqlı ələm
Ucalaydı, görə bütün
aləm,
Saz alıb mən, ürəkdə nəşəli
hal
Bir çalaydım nəvayi-istiqlal...
Azad Azərbaycanda istiqlal
nəğməsi, istiqlal
nəvası çalmaq
şairin ən böyük arzusu idi. Və bu gün müstəqil Azərbaycanda Səməd
Mənsur kimi mübariz şairlərimizin
ruhu həmişə başımızın üstündədir...
İlqar
FƏHMİ
AYB-nin
katibi, şair-dramaturq
Mədəniyyət.- 2019.- 30
yanvar.- S.6.