Həmişə diri səslər

 

 

 

Azərbaycan Dövlət Səs Yazıları Arxivi 50 mindən çox fonosənədin (qrammofon valları, video, audio, kompakt kasetlər) qorunduğu misilsiz xəzinədir. Onların hamısı xalqımızın müxtəlif sahələrdə həyatı ilə bağlı olan səs yazılarıdır. Arxivin qurucularından olan, uzun illər bu quruma rəhbərlik etmiş Əməkdar mədəniyyət işçisi Həsənxan Mədətovla həmin günlərə qayıtdıq.

 

- Həsənxan müəllim, artıq yarım əsri arxada qalmış Dövlət Səs Yazıları Arxivinin yaranmasında yaxından iştirak etmisiniz. O günləri necə xatırlayırsınız?

-1968-ci il idi. Bir gün Tarix Muzeyinin yanından keçərkən “Kadrlar şöbəsi” sözlərini oxudum və hər ehtimala qarşı pəncərədən otaqdakı adama “Sizdə olarmı?” - deyə soruşdum. O, əli ilə mənə içəri gəlməyi işarə etdi. İçəri keçdim, o, mənə çoxlu suallar verdi. Deyəsən, cavablar onu qane etmişdi. Uzun fasilədən sonra dedi: “Yoldaş, sən bizə lazımsan. Sənədlərini sabah gətir”.

Sən demə, bu, istefada olan polkovnik Əli Bünyatov idi. İki gündən sonra sənədlərimi gətirib təqdim etdimyeni yeri barədə geniş bilgi aldım. Öyrəndim ki, Azərbaycan SSR Arxiv İdarəsinin tabeliyində Dövlət Səs Yazıları Arxivi yaradılır. Beləliklə, kiçik elmi işçi vəzifəsinə qəbul olundum. 2-3 nəfər işçi idik. Direktor təyin edilməmişdi (bir müddət sonra Dövlət Arxiv İdarəsinin əməkdaşı Gültəkin Sultanova direktor təyin edildi), arxiv sənədləri və texniki baza yox idi.

Arxiv təşkil olunana qədər biz müvəqqəti olaraq Mərkəzi Dövlət Tarix Arxivində işləməli olduq. Tarix arxivi köçürüldükdən sonra bizim arxivin onun yerində, yəni Tarix Muzeyinin arxa küçəsindən birinci mərtəbəsində yerləşdirilməsi qərara alındı. Bura 5 otaq və dəhlizdən ibarət hündür, təmirsiz bir yer idi. Beləliklə, 1968-ci ilin aprel ayında Dövlət Səs Yazıları Arxivi yaradıldı.

 

- Arxivin qurulmasında ilk olaraq nədən başladınız?

- Əslində, hər şeyi sıfırdan başlamalı idik. Öncə arxivin sənəd bazasını yaratmalı idik. Ən vacib fəaliyyətimiz isə səs yazılarını saxlamaq ehtimalı olan ayrı-ayrı vətəndaşların, kolleksiyaçıların yaşayış və yerlərini müəyyənləşdirməli, görüşüb məqsədimizi onlara elə izah etməliydik ki, saxladıqları sənədləri arxivə versinlər. Hər gün tapdığımız bir lent yazısı, yaxud qrammofon valı arxivdə az qala bir hadisəyə çevrilirdi.

Arxivdə belə bir qayda qoyulmuşdu: hamı səhər işə gəlir, qeyd edildikdən sonra hər kəs ötən gündən yarımçıq qalmış işinin ardınca gedir, yaxud da uyğun təşkilatlara, ya da yeni-yeni adamlarla görüşə yollanırdılar. İş gününün sonunda müdirin yanında toplaşaraq gün ərzində yerinə yetirdikləri işlər barədə hesabat verirdilər. Arxivə ilk sənədlər gətirilirdi. Az bir zamanda xeyli uğurlar əldə etdik. Xüsusən, Bakı kəndlərindən əldə etdiyimiz nadir qrammofon valları çoxluq təşkil edirdi. Arxiv yaradılarkən Azərbaycan RadioTeleviziya Verilişləri Komitəsinin fonoteka və videotekaları birbaşa arxivin əsas komplektləşdirmə mənbəyi kimi göstərilmişdi.

Mərkəzi univermaqdan aşağıda kiçik bir mağaza var idi. Burada ucuzlaşdırılmış mallarla yanaşı, qiyməti 5 qəpiyə vallar da satılırdı. Biz həmin vallardan seçib arxivə gətirirdik. Bu, “ucuzlaşdırılmış mallar mağazası” bir növ arxivin bazasına çevrildi. Bu gün düşünürəm ki, o illərdə topladığımız həmin valların əsas hissəsi indi arxivin “qızıl fondunu təşkil edir.

Məlumdur ki, ilk maqnitofon lent yazıları 1947-ci ildən yazılmağa başlayıb. Ona qədər olan radio verilişləri, digər tədbirlərin hamısı efirə birbaşa verilirdiheç bir yerə yazılmırdı. Müxtəlif ifalar, bəstəkar əsərləri isə qrammofon vallarına yazılırdı. Tofiq Quliyevin ötən əsrin 50-60-cı illərdəki çox məhsuldar və coşqun yaradıcılığının əsas tarixçəsi, demək olar ki, vallarda idi. Sonralar elm və texnikanın sürətlə inkişafı qrammofon vallarının istehsalını arxa plana keçirdi.

Bütün başladığımız işlər ilk olduğuna görə böyük maraqla qarşılanırdı. Ona görə ki, bunlar 19-cu əsrin ikinci yarısı – 20-ci yüzilliyin əvvəllərində bütün Şərqdə və Avropada məşhur olan Azərbaycanın klassik muğam ustaları Cabbar Qaryağdıoğlu, Keçəcioğlu Məhəmməd, Məşədi Məhəmməd Fərzəliyev, Segah İslam (İslam Abdullayev), Məcid Behbudov (Rəşid Behbudovun atası), Seyid Şuşinski, Məşədi Zeynal, fədakar qadın xanəndə Mirzə Güllər xanım, Həmid Malıbəyli, Bülbül, Şəkili Ələsgər (Abdullayev)... və başqalarının heç vaxt eşitmədiyimiz səsləri idi. Arxivin fondlarında 1902-1914-cü illərdə Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən səsyazma şirkətləri tərəfindən Azərbaycanın klassik xanəndələrinin səsləri yazılmış 1600-ə qədər nadir qrammofon valları mühafizə edilir. Bu valların köçürülməsi, bərpası və elektron variantda sığorta nüsxələrini hazırlamaqdan ötrü onlara uyğun avadanlıqların olması çox vacibdir.

 

- Arxivdə xalqımızın görkəmli şəxslərinin fondları yaradılıb. Ən diqqətçəkən fondlardan hansını örnək göstərmək olar?

- Doğrudur, arxivimizdə Azərbaycanın müxtəlif sahələrdə fəaliyyət göstərmiş görkəmli şəxsiyyətlərinin səsləri qorunur. Bəzilərini sağlığında arxivə dəvət edərək onların səslərini sabaha saxlamaq üçün yazmışıq. Arxivdə Cəfər Cabbarlı fondu ayrıca yer tutur. Fondda dramaturqun həyat və yaradıcılığından bəhs edən çoxlu fonosənəd toplanıb. Onlardan biri də görkəmli ədibin anadan olmasının 70 illiyi münasibətilə Moskvada keçirilmiş yubiley gecəsinin materiallarıdır. Dramaturqun anadan olmasının 75 illiyi ilə bağlı fonosənədlər də maraq doğurur. Böyük sənətkarın 60 illik yubileyi münasibətilə türk şairi Nazim Hikmətin evində keçirilən məclisdə çıxışı yazılmış maqnitofon lenti də qiymətli sənədlərdəndir.

C.Cabbarlı musiqi həvəskarı olub. Onun məşhur Azərbaycan xanəndələrinin səsi yazılmış qrammofon vallarından ibarət şəxsi fonotekası qiymətli yadigarlardandır. C.Qaryağdıoğlunun ifasında “Bayatı-kürd”, “Mənsuriyyə”, D.Səfiyarovun ifasında “Mahur”, Keçəçioğlu Məhəmmədin ifasında “Mirzə Hüseyn segahı”, habelə başqa muğam, təsnif və el mahnıları yazılmış vallar onların arasındadır.

1934-cü ildə Moskvada sovet yazıçılarının I Ümumittifaq qurultayında olarkən C.Cabbarlı SSRİ və bir sıra Avropa xalqlarının dillərində musiqi yazılmış xeyli qrammofon valı alıb gətirmişdi. Onlar da ədibdən əziz xatirə kimi arxivdə saxlanılır.

 

S.QALİBOĞLU

 

Mədəniyyət.- 2019.- 30 yanvar.- S.7.