“Altmışıncılar” nəslinin tanınmış nümayəndəsi

   

 

Yaradıcılığı qəlblə idrakın, ağılla hissin vəhdətindən rişələnən sənətkarlarımızdan bir də tanınmış şair, nasir, dramaturq, filologiya elmləri doktoru, professor Arif Abdullazadə olub. Onun poetik düşüncələri fikrin təsviri, məna çalarları, nəsr yaradıcılığı isə yüksək vətəndaşlıq mövqeyi ilə fərqlənir. Mərhum alim-ədibi 80 illiyi münasibətilə yada saldıq.

 

Arif Əbdürrəhman oğlu Abdullazadə 5 aprel 1940-cı ildə Şəki şəhərində ziyalı ailəsində anadan olub. Uşaqlıq və gənclik dövrü çox çətin zamana – II Dünya müharibəsi və sonrakı ağır illərə təsadüf edib. Müharibənin gətirdiyi məşəqqətlərə baxmayaraq, təhsildən ayrı düşməyib. Şəki şəhər 11 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinə qəbul olunur. 1961-ci ildə təhsilini başa vurur. Təyinatla Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat Muzeyində redaktor-mütəxəssis kimi əmək fəaliyyətinə başlayır. Bir müddət sonra akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyətini davam etdirir. “Qafur Qantəmirin həyat və yaradıcılığı” mövzusunda namizədlik, “Azərbaycan poeziyasında yaradıcılıq üslubları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edir.

 

Araşdırmalardan məlum olur ki, Arif Abdullazadə 1970-1972-ci illərdə Türkiyədə xidməti ezamiyyətdə olub, tərcüməçi kimi fəaliyyət göstərib. Sonra ölkəyə qayıdaraq elmi yaradıcılığını davam etdirir, elmi məqalə və monoqrafiyaları işıq üzü görür. Arif Abdullazadə gənc elmi kadrların hazırlanmasına da töhfə verib. Onun rəhbərliyi ilə yeddi nəfər tədqiqatçı elmlər namizədi (fəlsəfə doktoru) dissertasiyası müdafiə edib.

 

Türkiyədən qayıtdıqdan sonra bədii yaradıcılıqla da məşğul olmağa başlayan A.Abdullazadə qısa müddətdə beş roman ərsəyə gətirib. Azərbaycan və SSRİ Yazıçılar ittifaqlarının üzvü olub. Uzun illər Azərbaycan Yazıçılar İttifaqında Poeziya bölməsinin sədri işləyib.

 

A.Abdullazadənin “Arzular”, “Könüllərin dünyası”, “Hər yerdə, hər zaman”, “Ana dünyamız”, “Sevin Azərbaycanı”, “Səninlə sənsiz”, “Duyum”, “Bəxtimizin kitabı”, “Ulu Qorqud”, “Tövbə duaları”, “Qanlı yaddaş” kitabları oxucular tərəfindən maraqla qarşılanıb.

 

AliminNovatorluqüslub”, “Şair Cəfər Cabbarlı”, “Od nə çəkdi” adlı monoqrafiyaları elmi ictimaiyyətin diqqətini cəlb edib. Tədqiqatçı Xalq şairi Rəsul Rzanın ömür və sənət yolundan bəhs edən “Od nə çəkdi” monoqrafiyasında şairi dünya poeziyası ilə əlaqələndirən məqamlara toxunub. Onun Azərbaycan poeziyasına gətirdiyi novatorluq meyilləri və poetik məktəbini şərh edib. “Şairlər və yollar” monoqrafiyasında isə Azərbaycan şeirinin üslublarından söz açıb. XX əsr Azərbaycan sovet şairlərinin fərdi poetik üslublarını təhlil obyektinə çevirib.

 

O, həmçinin “Azərbaycan ədəbiyyatı tarixi” kitabının V cildinin, “Ədəbiyyatda şəxsiyyət konsepsiyası” kitabının əsas müəlliflərindən biri olub.

 

Onu da deyək ki, A.Abdullazadə ədəbiyyatımızın “Altmışıncılar” nəslinə mənsubdur. Bu nəslin tanınmış nümayəndələri kimi ədəbiyyata yeni fikir, yeni ideya gətirməyə çalışıb. “Altmışıncılar” adlı şeirində bu ədəbi nəslin məramını belə ifadə edib:

 

Dünyanın səsləşmə qanunları var,

Onun bu başında günəş doğanda,

O başda qatarda ulduzlar yanar.

Beləcə doğuldu 60-cılar...

 

Müəllifin “Bir ovuc torpaq”, “Duyum”, “İşıq zolağı”, “Qanlı yaddaş”, “Sınaq kürəsi” romanları, “Aqillər” və “Evlərin axşamları” pyesləri ideya-bədii xüsusiyyətləri ilə maraq doğurur.

 

Bir ovuc torpaq” romanının mövzusu Türkiyə həyatından alınıb. Romanda II Dünya müharibəsində əsir düşən azərbaycanlıların sərt sovet qanunları üzündən qürbət ellərdə yaşamaları, qarşılaşdıqları çətinliklər təsvir edilir. Əsərdə Balaş, İsmət, İbrahim kimi insanların daim vətən həsrəti ilə yaşamaları real faktlarla diqqətə çatdırılır. “Duyum”, “Sınaq kürəsi” romanlarında müəllif müasir insanın intellektual düşüncəsini əks etdirir. “Qanlı yaddaş” romanı isə 20 Yanvar hadisələrinə həsr olunub.

 

Arif Abdullazadə 31 may 2002-ci ildə vəfat edib, doğulduğu Şəkidə dəfn olunub.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.-2020.- 10 aprel.- S.5.