Neolit dövrü qədim yaşayış məskənlərində tədqiqat

 

 

AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Tovuz rayonunda Göytəpə qədim yaşayış yerinin arxeoloji materialları kontekstində orta Kür hövzəsi ərazilərində yerli yaşayış məskənləri sisteminin lokal aspektlərini tədqiq edib.

 

Qədim yaşayış yerinin 14 tikili mərhələsi (bina evlərinin mərhələli tikintisi) üzrə 45 radio karbon analizi sayəsində Kür çayının orta axarında formalaşmış yaşayış məskənlərinin xronoloji çərçivəsi ilk dəfə olaraq dəqiq müəyyənləşdirilib. Abidənin eramızdan əvvəl 5650 və 5460-cı illərə aid olduğu təyin edilib.

 

Cənubi Qafqazda Neolit dövrünün erkən mərhələsini göstərən arxeoloji komplekslərin mövcudluğunu əks etdirən, Göytəpə qədim yaşayış yerindən bir kilometr aralıda yerləşən Hacıələmxanlı abidəsinin radio karbon analiziarxeoloji materialların təhlili abidənin Göytəpədən 200 il əvvələ aid olduğunu üzə çıxarıb. Bölgədə son iki ildə davam etdirilən tədqiqat işləri Neolit dövrünə aid yeni abidənin öyrənilməsinə şərait yaradıb. Göytəpənin ətraf ərazilərinə daxil olan Kiçiktəpə qədim yaşayış yeri iriölçülü dairəvi planlı tikililəri ilə diqqəti cəlb edir.

 

Qeyd edək ki, Göytəpə və ətrafında yerləşən Neolit dövrünün qədim yaşayış yerlərinin tədqiqatları yaxın illərdə də davam etdiriləcək. Xarici mütəxəssislərin iştirakı ilə reallaşdırılacaq multidissiplinar xarakterli tədqiqatlar zamanı orta Kür hövzəsi ilə Arazboyu vadidə neolitləşmə proseslərinin müqayisəli təhlilinin aparılması planlaşdırılıb.

 

Mədəniyyət.-2020.- 10 aprel.- S.5.