Özbəkistanda Xətai
“Divan”ının nadir nüsxəsi
tapılıb
Şah İsmayıl Xətainin ana dilində (Azərbaycan türkcəsi) “Divan”ının unikal nüsxəsi Özbəkistanda tapılıb. Nüsxə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə tərəfindən bu ölkədə Azərbaycana aid qədim əlyazmalarla bağlı tədqiqat işi apararkən aşkar edilib.
Qeyd edək ki, tədqiqat işi ötən il Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən layihəyə əsasən aparılıb. Layihədə Azərbaycana dair Özbəkistan Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazmaların müəyyən edilməsi, onların kataloqunun hazırlanması, surətlərinin qarşılıqlı əsaslarla Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu ilə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.
Aparılan tədqiqat zamanı Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və s. tanınmış Azərbaycan klassiklərinin çoxsaylı əlyazma əsərləri aşkarlanaraq ilkin tədqiqata cəlb edilib. Bu əlyazmalar arasında xüsusilə dəyərli və önəmli hesab edilən Şah İsmayıl Xətainin anadilli “Divan”ının əlyazma nüsxəsi də yer alır.
Özbəkistan Elmlər Akademiyası Əbu Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutunda qorunan əlyazma Azərbaycanın böyük dövlət və hərb xadimi, eyni zamanda da anadilli şeirimizin ən gözəl nümunələrini yaratmış Şah İsmayıl Xətainin türkcə “Divan”ının ən unikal nüsxəsidir. Xətainin anadilli “Divan”ının bundan başqa Britaniya Muzeyində və İran İslam Respublikasında da nüsxələri qorunmaqdadır.
Qeyd edək ki, əlyazma nüsxəsinin surəti daha geniş tədqiqat və nəşr üçün Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun təşəbbüsü ilə əldə edilib.
Əlyazmanın katibi Şah Məhəmməd əl-Nişapuridir. Əlyazmanın köçürülmə tarixi isə hicri 942-ci il (miladi 1535) kimi qeyd edilib. Əlyazma incə nəstəliq xətti ilə yazılıb. Əlyazmanın ölçüsü 23,5x14,5 sm, həcmi isə 84 vərəqdir. Əlyazmanın 1b-2b səhifələri boşdur. Bu səhifələrin ətrafı və “Divan”ın başlanğıcı zərif təhziblə bəzədilib. Mətn qızılı və mavi xətlərlə haşiyələnib. Mətn qara mürəkkəblə, başlıqlar qızılı və mavi mürəkkəblə, müəllifin adı, yəni təxəllüs isə hər yerdə qızılı mürəkkəblə yazılıb. Əlyazmanın səhifələrinə qızılı mürəkkəb çilənərək “Zərəfşan” adlanan üsulla bəzədilib. Bu da nəfis tərtib olunmuş əlyazmaya xüsusi gözəllik verir. Əlyazmanın qəhvəyi rəngli dəridən ibarət cildinin üzərində qızılı zəncirək naxışlar var. Ümumilikdə əlyazma klassik Azərbaycan kitab mədəniyyətinin ən gözəl, zərif, nəfis incilərindəndir.
Əlyazmada iki məsnəvi, Xətainin 239 qəzəli və 10 tuyuğu yer alır.
Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsi yaxın zamanlarda transfoneliterasiya edilərək fotokafsimileli nəşr ediləcək və rəsmi surətdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna hədiyyə ediləcək.
Mədəniyyət.-2020.- 10 aprel.-
S.7.