Muzeylərin onlayn layihələri
davam edir
Ölkəmizin aparıcı muzeyləri sosial təcrid günlərində onlayn layihələr həyata keçirirlər. Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyi “Xatirə” adlı yeni layihəsi üzrə “Facebook” səhifəsində görkəmli
bəstəkar, dirijor,
Xalq artisti, professor Hacı Xanməmmədovla bağlı
məlumat yerləşdirib.
“Zövqlə ifa et” layihəsində isə muzey tərəfindən aşkar
edilərək nəşr
olunan musiqi əsərlərinin notları
onlayn təqdim edilir. Muzey layihə üzrə
ilk olaraq maestro Niyazinin
“Miracle” (“Möcüzə”) əsərini paylaşıb.
***
Azərbaycan Milli İncəsənət
Muzeyinin kollektivi tərəfindən yeni
virtual layihəyə start verilib.
“İncəsənət” adlı
uşaqlar üçün
layihədə hər
gün saat 19:00-20:00 arasında “Facebook” şəbəkəsi üzərindən
maraqlı, maarifləndirici,
əyləncəli, sənətə
dair yeni bilgilər verən çeşidli ustad dərsləri, qiraət və s. təqdim olunacaq.
“Azərbaycanın sehrli
abidələri” kitabının
müəllifi, Qərb
Universitetinin professoru Elçin Əliyev ilk dəfə olaraq Nardaran kəndindəki qala barədə məlumatı muzeyin
virtual ziyarətçiləri üçün səsləndirib. Bundan əlavə,
muzey tərəfindən
elan olunan müsabiqələrlə əlaqədar
paylaşımlar da davam etdirilir.
***
Muzey Mərkəzi
bu günə kimi həyata keçirdiyi layihələr
haqqında “Facebook”dakı
səhifəsi üzərindən
paylaşımları davam
etdirir. Mərkəzdə keçirilən sərgilərin videoyazıları
və müxtəlif sənət növləri
ilə bağlı paylaşımlar izləyicilər
tərəfindən maraqla
qarşılanır.
***
Azərbaycan Milli Xalça Muzeyi “Sənətə həsr olunmuş ömür” rubrikasında dekorativ-tətbiqi sənət, xüsusilə xalça sənətinin inkişafında
böyük xidmətləri
olmuş insanlar haqqında onlayn məlumatlar təqdim edir. İlk olaraq muzeyin
eksperti, Əməkdar
rəssam Aydın Rəcəbov haqqında təqdimat “Facebook” şəbəkəsində paylaşılıb.
Muzey eyni zamanda onlarla əməkdaşlıq edən,
yeni eksponatların alınmasında vasitəçi
olan xarici ekspert və kolleksiyaçılar haqqında
da məlumat verir. Növbəti məlumat xalça
eksperti və kolleksiyaçı, Qarabağın
“Əjdahalı” xalçasının
ölkəmizə qaytarılmasına
yardımçı olmuş
Stefano İoneskuya həsr
edilib.
***
Azərbaycan İstiqlal Muzeyi
də yaranmış vəziyyətə uyğun
olaraq fəaliyyətini onlayn
rejimdə davam etdirir. Qeyd edək
ki, Cəbrayıl
Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Ağdam şəhər R.Məmmədov adına
Döyüş Şöhrəti
Muzeyinin eksponatları
da müvəqqəti
olaraq İstiqlal Muzeyində yerləşir.
Muzeyin direktor əvəzi Sədi Mirseyiblinin bildirdiyinə görə, karantin müddətində muzeydə və fondda saxlanılan eksponatlarla əlaqədar onlarla videosüjet hazırlanaraq sosial şəbəkələrdə paylaşılıb. Həmin videosüjetlər arasında görkəmli mütəfəkkir Əli bəy Hüseynzadəyə aid eksponatlara həsr olunan süjet daha çox maraq doğurub. Yaxın günlərdə Nobel qardaşları, Əzim Əzimzadənin II Dünya müharibəsinə həsr etdiyi karikaturaları və ilk kosmonavt Yuri Qaqarinin İstiqlal Muzeyində saxlanılan əlyazması ilə bağlı videoroliklər hazırlanaraq museum.az saytında yerləşdiriləcək.
***
Bu arada Azərbaycan Respublikasının Gənclər Fondu Mədəniyyət Nazirliyi ilə birgə layihəyə start verib. “Evdə qal və evdə öyrən” çağırışı ilə həyata keçirilən layihə üzrə ölkədə fəaliyyət göstərən muzeylərə virtual ziyarət təşkil edilir. Layihə çərçivəsində Bakıdakı Heydər Əliyev Mərkəzində yerləşən muzeyə, Azərbaycan Milli İncəsənət Muzeyinə virtual ziyarətlər təqdim olunub.
Lalə AZƏRİ
Mədəniyyət.-2020.- 10 aprel.-
S.2.