Karantin günlərində
virtual musiqi layihələri
Xüsusi karantin rejimi günlərində konsert
müəssisələri, musiqi
kollektivləri də sosial şəbəkələr
vasitəsilə fəaliyyətlərini
genişləndirərək internet üzərindən mədəni
xidmət göstərməkdə
davam edirlər.
Aprelin
9-da Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsi və “Parlaq” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “İnstagram” səhifələrində gənc
azərbaycanlı opera ifaçıları
– İtaliyanın La Skala
Akademiyasında təhsil
alan Azər Zadə və Məhərrəm Hüseynov,
ictimai birliyin təsisçisi Riad Ağa ilə birlikdə “Azərbaycan və İtaliya opera ifaçılığı ənənələri,
peşəkar opera ifaçılığı
məktəbinə inteqrasiya,
mövcud problemlər
və perspektivlər”
mövzusunda onlayn müzakirə təşkil
edib. Müzakirəyə musiqi ictimaiyyətinin
nümayəndələri qoşularaq
mövzu ilə bağlı fikirlərini bölüşüblər. Aparılan fikir mübadiləsi izləyicilər tərəfindən
maraqla qarşılanıb.
Baş idarənin nəzdində fəaliyyət göstərən,
bədii rəhbəri
Xalq artisti Mircavad Cəfərov olan “Cəngi” estrada-folklor ansamblı unudulmaz bəstəkar, cazmen Rafiq Babayevin
doğum günü
(31 mart) münasibətilə “Anlamaq istəyirəm” adlı videoçarx hazırlayaraq sosial şəbəkə hesabından
musiqisevərlərə təqdim
edib.
Bu günlərdə paytaxtın
musiqi məktəbləri
də virtual layihələrdə
fəallıq nümayiş
etdirir. Müəllim heyətinin onlayn
ustad dərsləri sosial şəbəkələr
vasitəsilə öz
ünvanına çatır,
beləliklə, şagirdlər
tədris prosesindən
kənarda qalmır.
***
Azərbaycan Dövlət Akademik
Filarmoniyasının Mahnı
və rəqs ansamblının üzvləri Mədəniyyət
Nazirliyi və “Mədəniyyət” kanalının
“Bizi birləşdirən
mədəniyyət” layihəsi
çərçivəsində “Üzeyir Hacıbəyli həftəsi”nə töhfə
olaraq dahi bəstəkarın əsərlərindən
parçalar ifa edərək sosial şəbəkədə paylaşıblar.
Filarmoniyanın “Yaradıcılığı evdə
öyrən” layihəsi
çərçivəsində isə ansamblın solistləri Ramin Hüseynov və Nigar Hüseynova “Uzundərə” rəqsi barədə videodərs təqdim ediblər.
***
Beynəlxalq Muğam Mərkəzi
də gündəlik olaraq “Facebook” və “İnstagram” səhifələri vasitəsilə
korifey muğam ustadlarımızın həyat
və yaradıcılığı,
eləcə də milli musiqi alətlərimizlə
bağlı mühazirələr
nümayiş etdirir. Hər gün saat 16:00-da isə mərkəzin solistlərinin
qısa konsert proqramı onlayn olaraq musiqisevərlərə
təqdim edilir. Virtual təqdimatlar maraqla qarşılanır.
Qeyd edək ki, BMM-in direktoru, Xalq artisti, pianoçu Murad Hüseynov Mədəniyyət Nazirliyi
və “Mədəniyyət”
kanalının “Bizi birləşdirən mədəniyyət”
layihəsində iştirak
edib. Aprelin 8-də “Mədəniyyət” kanalında
Murad Hüseynovun Latviyanın Dövlət Filarmoniyasının böyük
konsert salonunda Latviyanın simli kvarteti ilə birgə keçirilmiş
konsert proqramının
lent yazısı efirə
gedib.
Aprelin 9-da Akademik
Opera və Balet Teatrının solisti, Xalq artisti Mənsum
İbrahimov evindən
virtual olaraq izləyicilərin
görüşünə gəlib. Xanəndə Bakı Şəhər Mədəniyyət Baş
İdarəsinin başladığı
#senetinledestekle çağırışı
çərçivəsində tamaşaçılara xanəndəlik
sənətinin sirlərindən,
muğamlarımızdan söhbət
açıb. Musiqisevərlər
virtual görüşü @bakimedeniyyetidaresi və sənətçinin özünün @mansumibrahimovofficial
“İnstagram” hesablarından
canlı izləmək
imkanı qazanıblar.
Lalə AZƏRİ
Mədəniyyət.-2020.- 10 aprel.-
S.3.