Qarabağ ədəbi-mədəni mühiti haqqında kitab

 

 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədovanın “Qarabağ ədəbi-mədəni mühiti (XIX əsrin ikinci yarısı – XX əsrin əvvəlləri)” adlı monoqrafiyası çapdan çıxıb.

 

Kitabda XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində Qarabağ ədəbi mühitində yetişən sənətkarlar barədə oçerklər təqdim olunub. Qarabağda doğulub böyümüş, yaşayıb-yaratmış şairlər, nasirlər və publisistlərin yaradıcılığına ayrı-ayrı oçerklərdə ümumi nəzər salınıb, bu vaxta qədər tədqiqatdan kənarda qalmış məsələlərə toxunulub, təhlillər aparılıb.

 

Oçerklər həmin dövrlərdə Qarabağ ədəbi mühitinin aparıcı simalarından olan Qasım bəy Zakir, Sədi Sani Qarabaği, Mir Möhsün Nəvvab, Xurşudbanu Natəvan, Növbəri, Həsənəli xan Qaradaği, Abdulla bəy Asi, Mir Mehdi Xəzani, Xarrat Qulu, Məşədi Məhəmməd Bülbül, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Üzeyir Hacıbəyli və digər şəxsiyyətlərə həsr olunub.

 

Nəşrin elmi məsləhətçisi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, ön sözün müəllifi filologiya üzrə elmlər doktoru, professor Yaqub Babayevdir. Kitabın rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimov və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, elmi redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.

 

Mədəniyyət.-2020.- 10 aprel.- S.7.