Yüz yaş qeyd ediləcək: bir az gec-tezi var...
Bu ilin payızında, yəni qarşıdakı teatr mövsümündə S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının 100 yaşı tamam olacaq. Teatrın kollektivi yubileylə bağlı tədbirlərə məlum səbəblər üzündən virtual məkanda başlamağa qərar verib.
Bununla bağlı teatrın saytında sənət ocağının tarixində son illər baş vermiş əlamətdar hadisələr barədə materiallar yer almaqdadır. Saytın istifadəçilərinə premyeralar, xarici səfərlər, yubiley axşamları, Rusiya və digər ölkələrin aparıcı teatrlarının bu teatrın səhnəsindəki qastrol tamaşaları barədə videomateriallar təqdim edilir.
Bölmədəki ilk material 26 may 2008-ci il
tarixinə aiddir. Həmin gün Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bərpa və təmir olunmuş teatr binasının açılışında
iştirak etmişdilər.
Bölmədə 2010-cu il 21 dekabr
tarixində keçirilən
teatrın 90 illik yubileyindən, tamaşalardan
fraqmentlər, 2015-ci ildə
teatrın “Maskarad” və “Fedra” tamaşaları ilə yollandığı Sankt-Peterburq
qastrolundan materiallar da yer alıb.
100 illiyə həsr
olunmuş videoxülasələrin
sayı mütəmadi
olaraq artır, bölmənin materialları
zənginləşir.
G.MİRMƏMMƏD
Mədəniyyət.-2020.- 10 aprel.-
S.3.