Operadan ekrana aparan yolun
yolçuları
Musiqili teatr səhnəsi
ulduzlarının kino yaradıcılığı barədə
IV yazı
Bu
yazımızın qəhrəmanlarının sənət
taleyində bir qədər oxşarlıq var: hər ikisi opera
səhnəsinə dramatik teatr səhnəsindən gəlib. Musiqili teatr səhnəsindəki
çıxışları ilə yanaşı xalq və bəstəkar
mahnılarının gözəl ifaçısı, həm
də mahir vokal müəllimi kimi tanınıblar. Üstəlik, arada filmlərə də çəkiliblər.
Onların böyük ekranda yaratdıqları
irili-xırdalı, bəzən isə səssiz-sözsüz,
hətta bir epizodluq rollarını da diqqətlə seyr etdikdə
düşünürsən ki, bizim kino rejissorlarımız bu
sənətkarların aktyorluq qabiliyyətini, kameraya oynamaq məharətini
layiqincə qiymətləndirsəydilər, yəqin bundan təkcə
çoxtərəfli istedadına geniş meydan tapan sənətkarlar
deyil, həm də Azərbaycan kinosu qazanardı.
Yastı
Salmanın məhşurlaşdırdığı Firudin
Mehdiyev
Azərbaycan teatr tarixinin elə bir dövrü olub ki,
peşəkar səhnəyə gələnlərin
çoxunun sənət yolu özfəaliyyət dərnəyindən
keçib. Əməkdar artist, uzun illər Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının solisti olmuş Firudin
Mehdiyev də aktyor kimi ilk addımlarını özfəaliyyət
dərnəyində atıb.
1944-cü
il. Yeniyetmə Firudin 14 yaşında
Bakıdakı Leytenant Şmidt adına
zavodda fəhlə işləməyə məcburdur. Təkcə dolanışığa görə yox,
həm də işçi qüvvəsi
çatışmadığına görə. Böyük Vətən müharibəsinin ən
ağır dövründə belə zavod-fabriklərdə
özfəaliyyət, dram dərnəkləri vardı. Şmidt zavodundakı dram dərnəyinə
artıq tanınmış aktyor olan Ağadadaş Qurbanov rəhbərlik
edirdi. Mirmehdi Seyidzadənin “Qızıl
quş” tamaşasını hazırlayan Ağadadaş qaynar
gözlü, ortaboylu, gur səsli Firudini Bəbir xan rolunda
sınayır. Firudin sınaqdan necə
çıxırsa, Ağadadaş Qurbanov həmin dərnəkdəki
bir neçə yeniyetmə ilə Firudinin də Teatr
Texnikumunda təhsil alması barədə məsələ
qaldırır və ... bu məsələ öz həllini
tapır.
Hələ səsindən xəbərsiz Firudin texnikumda
oxuyur və indiki Akademik Milli Dram Teatrının köməkçi
heyətinin üzvü kimi tamaşaların kütləvi səhnələrində
çıxış edir.
Belə baxanda deyirsən ki, həyat məcrasına
düşüb, bu gənc oğlan da yaxın illərdə
bu teatrın səhnəsində parlayacaq.
Sən
saydığını say, gör, rejissorlar nə sayır.
O zaman
cavan rejissorlardan olan Şəmsi Bədəlbəyli yenidən
bərpa olunan Musiqili Komediya Teatrında çalışmaq
üçün səsi olan, oxumağı bacaran aktyorlar
axtararkən yolunu Dram Teatrından salır. Firudin Mehdiyevi, Lütfi
Məmmədbəyovu, Məlik və Salman Dadaşovları,
daha bir neçə nəfəri təzə kollektivə dəvət
edir. Onların arasında ən fəallarından
olan Firudin Mehdiyev qısa müddətdə bütün
tamaşalardakı aparıcı obrazların da mətnini
öyrənir, hətta gündüz tamaşalarında
Lütfəli Abdullayevin rollarını oynamağa
başlayır.
Tale onun yolunu Quba teatrına salmasaydı, bəlkə də
Firudin Mehdiyevi yalnız dramatik aktyor, xarakterik rollar ustası
kimi tanıyacaqdıq. Amma Quba teatrında Fikrət Əmirovun
“Gözün aydın” komediyası tamaşaya hazırlananda bəstəkar
gənc aktyorun vokal imkanlarını və geniş diapazonlu səsini
kəşf edir. Beləcə, Firudin
Mehdiyevin sənət istiqaməti yenidən dəyişir.
Əgər o, yalnız opera səhnəsinə
qapanıb qalsaydı, olsun ki, onu tanıyanlar o qədər də
çox olmayacaqdı. Lakin 1961-ci ildə kinorejissor Həbib İsmayılov
Mirzə İbrahimovun Azərbaycan kəndində baş verən
dəyişikliklərdən bəhs edən “Böyük
dayaq” romanı əsasında bədii filmin çəkilişlərinə
başlayanda aktyor seçimi baxımından xeyli riskə
gedir. Kimsənin tanımadığı gənc
aktyorları görkəmli sənətkarlar – Ələsgər
Ələkbərov, Məmmədrza Şeyxzamanov, İbrahim
İsfahanlı, Nəsibə Zeynalova, İsmayıl
Dağıstanlı ilə eyni filmə çəkir. Filmdəki ən qəliz obrazlardan birinə - Salman
roluna operanın solisti Firudin Mehdiyev çəkilir. Dramatik tenor kimi teatrda aparıcı partiyaları ifa
edən vokalçı bu obrazın sayəsində xarakterik
rollar ustası kimi tanınır.
Həqiqətən də, qısa dramatik-komik teatr
aktyorluğu təcrübəsinə malik Firudin Mehdiyev
“Böyük dayaq”la istedadının başqa tərəflərini
göstərə bilir. Üstəlik, Yastı Salmanın onun
kinoda debütü olduğunu nəzərə alsaq, kamera
qarşısında ən incə mimikadan məharətlə
istifadə etməsi, situasiyaya uyğun olaraq səsinin
çalarlarını dəyişməsi, görkəmli
aktyorlara bərabər oyun sərgiləməsi, sözün
yaxşı mənasında, heyrət doğurur.
Rüstəm
kişi Pərşanın gülüşünü eşidəndə
“qız ki kəkil çıxartdı...” deyib deyinəndə
potensial adaxlı cildinə girib utanırmış kimi
başını aşağı salan da, Maya ilə hər
rastlaşanda min cür dil tökən də, qondarma
yoxlamanın nəticəsini sədrin önünə
çırpan da Salmandır!... Amma bu
Salmanlar Firudin Mehdiyevin aktyorluq istedadı, kişi
xarizması sayəsində bir-birinə heç bənzəmir.
Gözləmək olardı ki, “Böyük dayaq”dakı
uğurundan sonra Firudin Mehdiyev davamlı olaraq filmlərə
çəkiləcək. Lakin onun 60-80-ci illərdəki kino
yaradıcılığı “Arşın mal alan”
(1965) və “Sevil” (film-opera, 1970) filmlərində əsas qəhrəmanların
ariya və kupletlərini kadrarxasında səsləndirməsi
ilə bitir.
Bu koloritli opera müğənnisinin sırf aktyorluq
potensialı bir də 80-ci illərin sonunda yada
düşür. 1989-cu ildə o zaman gənc rejissor, bu
gün isə Əməkdar incəsənət xadimi Ziya
Şıxlinski onu öz diplom işi olan “Dairə” adlı
qısametrajlı (17 dəqiqə) filminə dəvət edir.
Təəssüf ki, həmin filmə baxa bilmədiyimiz
üçün görkəmli vokalçının illər
sonra ekrandakı görüntüsü, ifası barədə
söz deyə bilmirik. Xalq artisti
Əbdül Mahmudov “Gecə qatarında qətl” kəskin
süjetli, dövrün simasını tam fərqli bucaqdan
göstərən filmi çəkməyə başlayanda
Firudin Mehdiyevi əsas rollardan birinə dəvət etməklə
onu milli kino heyranlarının yadına salır. Ekranda davamlı görünməsə də, əhvalatların
əsas həlledici siması olan Şef – mafiya
başçısı rolu Firudin müəllimin bir növ
ekrana qayıdışı olur. Bu barədə elə həmin
filmin quruluşçu rejissoru Əbdül Mahmudov
danışır:
– Firudin Mehdiyev xarakterik rolları yarada bilən aktyor idi. Böyük
aktyorlar üçün də rolun
böyüyü-kiçiyi olmur. Digər
tərəfdən, Firudin müəllimin sifət quruluşu
elə idi ki, ona məhz Şef kimi xarakterik rollar
tapşırmaq lazım idi. Bilirsiniz, Ezop
obrazının yaraşdığı aktyora Fərhadı
tapşırmaq olmur. Üstəlik, Firudin
müəllim improvizə etməyi bacaran, yüksək
intellektli bir aktyor idi. İmprovizə etməyi
bacaran aktyor rejissorun ona verdiyi tapşırığı,
obrazda görmək istədiklərini öz əlavələri
ilə dolğunlaşdırıb göstərməyi
bacarır. Soruşursunuz ki, Firudin müəllim filmlərə
niyə az çəkilib? O, opera səhnəsinə
çox bağlı adam idi. Yadımdadır ki, bizim rejissorlardan biri onu öz
filmində çəkmək istəyirdi. Firudin
müəllim ssenarini də, təklif olunan rolu da bəyənsə
də razılaşmamışdı ki, teatr iki aylıq
qastrola gedir, mən kollektivi yarı yolda qoya bilmərəm.
Hərçənd başqa birisi olsaydı,
rejissorun qarşısında tələb qoyardı ki, mənim
çəkiliş qrafikimi elə qur ki, qastrol
tamaşalarımı da oynayım, filmə də çəkilim.
...Ömrünün
son illərində Firudin müəllim səhhətindəki
problemlər üzündən səhnədən
uzaqlaşmalı olur, yalnız pedaqoji fəaliyyətlə məşğul
olur. Ara-sıra televiziyada xalq və bəstəkar
mahnılarından ibarət konsertlər verir. Çox koloritli simaya, güclü xarizmaya malik
aktyor-müğənni çəliklə gəzməyə məcbur
qalsa da, qamətini əymir, görkəmindəki səliqə-sahmana
heç bir xələl gətirmir. Əbdül
Mahmudov xatırlayır ki, Firudin müəllim həmişə
kostyumuna uyğun papaq, şlyapa qoyar, çəkmə geyinər
və bu geyim ansamblını tamamlayan əsa götürərdi.
Əslində, diqqətli Azərbaycan
tamaşaçısı Firudin müəllimin bu obrazı
Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru”
filmindəki səssiz Qara eynəkli qoca kimi
tanışdır. Film boyu bir neçə
dəfə iki cavan stulu camaatın arasında qoyaraq, Qara eynəkli
qocanın qoltuqlarından yapışaraq həmin qatlanma stula əyləşdirir,
camaat yerindən tərpənəndə də eyni qaydada onu əyləşdiyi
stuldan qaldırıb aparırlar. Bununla belə,
tamaşaçı Qara eynəkli qocanı yadında
saxlayır.
Rolunu
gözləri ilə oynayan Gülxar
Görkəmli xanəndə kimi daha böyük
şöhrət qazanmış Xalq artisti Gülxar Həsənovanın
da sənət yolu böyük ekrandan keçib. Səhnə fəaliyyətinə
dramatik aktrisa kimi başlayan Gülxar xanım vokal səsi nisbətən
daha gec kəşf edilən opera müğənnilərindəndir.
Milli operalarda Əsli, Leyli, Şahsənəm,
Leylinin anası kimi klassik muğam partiyalarının mahir
ifaçısı “Şah İsmayıl” operasındakı qəhrəman
Ərəbzəngi obrazında xüsusilə yadda qalıb.
Sonralar “Koroğlu”, “Bahadır və Sona”, “Vaqif”, “Gəlin
qayası” operalarında klassik vokal partiyalarını da ifa
edib.
1979-cu ildə Gülxar xanım opera solisti karyerasına
son verdiyi zamanda geniş tamaşaçı kütləsi onu
teatr aktrisası kimi yenidən kəşf etdi. Həmin il Azərbaycan
televiziyasında təqdim edilən “Yollar görüşəndə”
musiqili teletamaşası (müəllif - Ruhəngiz
Qasımova, quruluşçu rejissor - Ramiz Həsənoğlu)
Gülxar xanımın nə vaxtsa Gənc
Tamaşaçılar Teatrının səhnəsində
oynadığı rolları unudanlara, ya da yaşına
görə həmin rolları görməyənlərə
onu yenidən tanıtdı. Bəlkə də
gözləmək olardı ki, “Yollar görüşəndə”
Gülxar xanımı böyük ekranla yenidən
görüşdürəcək və biz bu gözəl xanəndə-aktrisanı
tez-tez yeni tamaşalarda, filmlərdə görə biləcəyik.
Hərçənd Gülxar xanım 1976-cı
ildə ekrana çıxmış “Xoşbəxtlik
qayğıları” (quruluşçu rejissor - Həsən
Seyidbəyli) filmində cəmi bir epizodda da olsa, çəkilmişdi.
Evin ikinci qızı Xalidə üçün
gələn elçilərin arasındakı nəcib təbəssümlü,
zəngin geyimli Qadın Gülxar Həsənova idi. Rejissor cəmi bir neçə kadrda görünən
və heç bir kəlmə də deməyən Elçi
qadın rolunu sanballı xanıma həvalə etməkdə
potensial qudaların necə bir nəsildən olduqlarını
vurğulamaq istəmişdi və öz niyyətinə
çatmışdı.
...1990-cı
ildə Gülxar xanım iki filmə çəkilir: “Zirzəmi”
və “Gecə qatarında qətl”. “Zirzəmi”
filmində (quruluşçu rejissor - Davud İmanov) baş qəhrəmanın
dostu Eldarın anası rolunda çəkilib. Cəmi bir
neçə dəqiqə ekranda görünən, psixoloji
problemləri olan, müştüklü siqareti əlindən
düşməyən Ana - Gülxar Həsənova simaca tanış olduğu qədər də
obrazın xarakterinə görə bir o qədər də yad
və yenidir.
Rejissor
Əbdül Mahmudov Gülxar xanımı “Gecə qatarında
qətl” filmində narkomafiyaya işləyən Qadın roluna
necə dəvət etməyini belə xatırlayır:
- Filmin çəkilişlərinə başlamışdıq. Bir gün kinostudiyada mənə dedilər ki, Leyla xanım (Leyla Bədirbəyli) səni axtarır. Leyla xanımın otağına gələndə gördüm ki, Gülxar xanımla birlikdə çay içirlər. Demə, rəfiqə olan görkəmli sənətkarlarımız söhbət edəndə Gülxar xanım umu-küsü edib ki, niyə məni heç kim lap kiçik bir rola da çəkmir? Elə həvəslə oynayaram ki!... Leyla xanım da deyir ki, Əbdül bizim uşaqdır, indi də film çəkir. Ondan soruşaram, görüm, həmin filmdə sənə uyğun rol var? Yaxın günlərdə yaşlı aktrisanın tələb olunduğu həmin səhnənin çəkilişi olacaqdı. Başqa aktrisanı nəzərdə tutsam da, Leyla xanımın təklifi ağlıma batdı. Elə həmin gün Gülxar xanım sınaq çəkilişinə çəkildi və rola təsdiq olundu. Çəkiliş gününə elə həvəslə hazırlaşmışdı ki!... Hətta onun epizodu çəkildikdən sonra çıxıb getmədi, bir kənarda əyləşib çəkiliş prosesini maraqla izlədi. Film hazır olanda sevindim ki, nə yaxşı, Leyla xanımın məsləhətinə qulaq asdım, az da olsa, Gülxar xanıma yeni bir sənət sevinci yaşada bildim.
Gülxar xanım 2005-ci ildə vəfat edib. 2004-cü ildə isə onun çəkildiyi son film - “Məkanın melodiyası” (quruluşçu rejissor - Hüseyn Mehdiyev) ekranlara çıxdı. Baş qəhrəman musiqiçi Murad bir zamanlar sevdiyi, lakin qovuşa bilmədiyi Minanı xatırlayır. Xatırlayır və xatirələrin izi ilə Minanın rəfiqəsi Məryəmi tapır. Rəfiqəsinin nakam məhəbbətini, gətirməyən taleyini, sevgisinin şahidi ağac kəsilərkən etdiyi fəryadını lap dünən baş vermiş hadisə kimi dəqiqliklə xatırlayan, yana-yana söyləyən Məryəm rolunda da Gülxar xanım çəkilib. Qocaman aktrisa oturduğu yerdən tərpənmədən, artıq qırışmış üzünün iztirab dolu ifadəsi ilə təkcə öz obrazını yox, bəxtsiz rəfiqəsinin taleyini də oynayır...
Deməli, insan yaşlansa da, nə onun sənət eşqi sönür, nə də istedadı azalır. Gedən ömürdür, qalan əməldir, sənətdir.
Gülcahan MİRMƏMMƏD
Mədəniyyət.-2020.- 10 aprel.-
S.4.