Gəlin, teatr sənətimizə
bir də virtual səyahət edək
Dünyanı hələ də cəngində saxlayan
COVİD-19 virusu mədəniyyət
və incəsənət
fəaliyyətini də
böyük ölçüdə
virtual aləmə köçürüb.
Əslində, illərdir dünyada,
o cümlədən ölkəmizdə
də yaradılan
virtual muzey, kitabxana və s. imkanları bu kritik günlərdə
köməyimizə gəlir.
Bu günlər dünyanın məşhur
muzeyləri virtual ziyarətçi
axınına məruz
qalıb desək, yanılmarıq.
Respublikamızın aparıcı muzeyləri də karantin rejiminə uyğun olaraq fəaliyyətini onlayn rejimdə davam etdirir. Onlardan biri də Cəfər
Cabbarlı adına
Azərbaycan Dövlət
Teatr Muzeyidir.
Muzeyin elmi katibi Rəna Mahmudova deyir ki, bu məkan zəngin fondu ilə hər zaman teatr ictimaiyyətinin diqqət mərkəzində olub: “Muzeyin fondunda 139 mindən artıq eksponat qorunur. Burada yüzlərlə sənətkarın şəxsi arxivləri toplanıb. Müxtəlif tamaşalara aid nadir proqram və afişalar, foto və neqativlər, geyim və dekorasiya eskizləri, əlyazmalar, rol dəftərləri, məktublar, şəxsi əşyalar, rejissor eksplikasiyaları, teatr kostyumları, rekvizitlər marağa səbəb olan nümunələrdir.
Elmi katib bildirir ki, muzeyin 3D formatında hazırlanmış http://teatrmuzeyi.musigi-dunya.az saytı 10 ildir fəaliyyət göstərir və bu, respublikada muzey sahəsində 3D formatında hazırlanmış ilk saytdır: “Sayta daxil olan hər kəs muzeyin yaranma tarixi, ayrı-ayrı nadir eksponatları haqqında məlumat almaqla yanaşı, həm də onlayn ekskursiya vasitəsilə muzeyin ekspozisiyası ilə tanış ola bilər”.
Bu günlər muzey özünün sosial şəbəkə səhifələrində də tamaşaçılarının görüşünə gəlir. Əməkdaşlar “Muzeyin teatr həqiqətləri”, “Qapınızı döymədən”, “Korifey” kimi layihələrlə teatr sənətkarlarımızın həyat və yaradıcılığından, muzeyin fondunda qorunan eksponatların tarixçələrindən bəhs edən videoçarxlar hazırlayaraq internet istifadəçilərinə təqdim edirlər.
Qısa vaxtda muzeyin “Facebook”, “İnstagram” səhifələrində, “Youtube” kanalında onlarla material yerləşdirilib. Azərbaycan və ingilis dillərində hazırlanan materialların bu müddətdə 5000 nəfərdən artıq izləyicisi olub.
Yeni layihələr üzərində düşündüklərini əlavə edən muzey əməkdaşı yaxın günlərdə virtual ustad dərsləri və viktorinalarla da izləyicilərin qarşısına çıxacaqlarını deyir.
Həmidə NİZAMİQIZI
Mədəniyyət.-2020.- 10 aprel.-
S.4.