Kərpicləri dünyanın məşhur
muzeylərinə aparılan xanəgah
Azərbaycan hər qarışı sirli bir xəzinə, tarix pıçıldayan zənginliklər diyarıdır. Bu zənginliyin bir qismini tarixi abidələr təşkil edir. Abidələrimiz ulu babalarımızdan bizlərə yadigardır. Bu sayımızdan etibarən oxucularımıza respublikamızın tarixi mədəniyyət abidələri haqqında elmi mənbələr əsasında məlumat vermək istəyirik.
“Tarix pıçıldayan məkanlar” rubrikasında ilk olaraq Hacıqabul rayonunun Qubalıbaloğlan kəndi ərazisində yerləşən XI-XII əsrlərə aid Pir Hüseyn xanəgahından söz açacağıq. Bu abidə Pirsaat xanəgahı, Pirsaatçay xanəgahı da adlandırılır. Memorial abidələrdən olan xanəgah haqqında çoxsaylı rəvayətlər var.
İçərisində Azərbaycanda islami-fəlsəfi dünyagörüşün formalaşmasında mühüm rol oynamış Pir Hüseyn Rəvanın (Şirvani) məzarı olan xanəgaha çoxsaylı ziyarətçilər gəlir.
Rus şərqşünası, professor V.A.Kraçkovskaya xanəgahın öyrənilməsini üç dövrə bölür: 1858-1861, 1907 və 1935-1936-cı illər. 1858-ci ildə rus şərqşünası İ.X.Bartolomey xanəgahda olub, abidədəki kitabələr, türbənin və məscidin al-əlvan kaşı bəzəkləri onu heyrətə gətirib.
1956-1965-ci illərdə kompleksdə bir sıra bərpa işləri aparılıb. 2007-ci ildə isə xanəgahda əsaslı təmir işləri həyata keçirilib və abidəyə muzey statusu verilib.
Pirsaatçay üzərindəki xanəgah zəngin memarlıq texnikasına malik qiymətli tarixi memarlıq abidəsidir. Hazırda abidə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında yer alır. “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın tədbirlər planına uyğun olaraq Pir Hüseyn xanəgahında da elmi tədqiqat işləri aparılıb.
2019-cu ildə UNESCO-nun Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun direktoru, UNESCO-nun eksperti Dmitri Voyakin Böyük İpək Yolu üzərində yerləşən tarixi məkanlarda tədqiqatların aparılması məqsədilə noyabr ayında ölkəmizə səfəri çərçivəsində Pir Hüseyn xanəgahı ilə tanış olub. Mütəxəssisə abidə haqqında ətraflı məlumat verilib.
Xanəgah kompleksinə türbə, məscid, minarə, ziyarətçilərin qalması üçün bina və yardımçı tikililər həmçinin abidəni əhatə edən qala divarları, karvansara, Orta əsrlərə aid hücrələr və qədim qəbiristanlıq daxildir. Xanəgahın günümüzə nisbətən salamat gəlib çatan hissələri Pir Hüseyn məqbərəsi və minarədir.
Tarixçi Şərqiyyə Məmmədova araşdırmasında qeyd edir ki, üzərində zərlə yazılmış kitabələr olan kərpiclər çıxarılıb bir qismi Sankt-Peterburqa – Ermitaj Muzeyinə, bir neçəsi Gürcüstan Dövlət Muzeyinə, bir hissəsi də Moskvadakı Şərq Mədəniyyəti Muzeyinə, hətta Luvr (Paris) və Britaniya muzeylərinə aparılıb. Məscidin mehrab hissəsi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində nümayiş etdirilir.
Abidənin bütün tikililəri əhəngdaşıdan inşa edilib. Xanəgahın dörd sətirdən ibarət ərəb dilində yazılmış kitabəsində deyilir ki, bina Əbdül Müzəffəra Fəhriburz bin Kərşasi bin Fərruxzad Maniçöhrün dövründə tikilib və abidənin memarı Şeyx Hacı Məhəmmədin oğlu Şeyxzadə Həbibullahdır. Kitabədə Şirvanşah III Fəhriburzun da adı çəkilir. Minarənin üzərindəki yazıda monqol hökmdarı Munke Buğa xan, eləcə də minarənin 1294-cü ildə Şirvanşah Axsitanın oğlu II Gərşəsbinin göstərişi ilə bərpa edildiyi haqqında məlumat verilir.
Xanəgah tədqiqatçıları əsasən yüksək səviyyəli bəzək işləri ilə cəlb edib. Yerli memarlıq ənənələrinə əsasən, başdan-başa daşdan böyük ustalıqla tikilmiş abidənin interyerində bu bölgə üçün səciyyəvi olmayan gəc və çoxrəngli kaşı bəzəyinin nadir örnəklərinin olması ölkənin şimal və cənubu arasında münasibətlərin Elxanilər çağında güclənməsinin nəticəsi kimi xarakterizə olunur.
Məscid və onun yanındakı tikililər dördkünc qala divarının içində yerləşir. Məscidin yolu qalanın şərq divarına bitişik tikilmiş otaqdandır. Məscidin daxili cənub divarı müxtəlif naxışlarla bəzədilib. Mərkəzi hissədə mehrab, onun hər iki tərəfində isə pannolar var. Mehrabın yalnız orta hissəsindəki yazıda mina fraqmentləri qalıb.
L.AZƏRİ
Mədəniyyət.-2020.- 10 aprel.-
S.5.