Sosial izolyasiya
şəraitində kitab və kitabxanalar
XIII-XIV əsrlərdə yaşamış Azərbaycan şairi və mütəfəkkiri Hümam Təbrizi yazırdı: “İsgəndərin zülmətdə tapa bilmədiyini ağ kağız üzərinə qara mürəkkəblə yazılmış kitablarda tapmaq olar”. Dahi Nizami Gəncəvi də “Kitab elə bir zəmidir ki, ondan hamı biçsə, yenə tükənməz” deyirdi. Bu gün axtardıqlarımızı, doğrudan da, kitablarda tapa bilərik.
Kitab müxtəlif insanların düşüncələrini vəhdət halında birləşdirən və onların arasında sıx ünsiyyət yaradan mənəvi körpüdür. Cəmiyyətdə fərdin şəxsiyyətə çevrilməsində mədəniyyətin ayrılmaz tərkib hissəsi olan kitab və kitabxanaların rolu böyükdür. Kitab bəşəriyyətin yaratmış olduğu fikir və ideyaların, nəzəriyyələrin, elmi kəşflərin uzun bir müddət üçün insanlara çatdırmağın əsas vasitəsidir. Cəmiyyətimizdə elmə, informasiyaya, mədəniyyətə, təhsilə və tərbiyəyə xidmət etdiyi üçün kitabxanaları sosial institut da adlandırırlar. Müasir dövrdə oxucu və mütaliə probleminin öyrənilməsi, mütaliə mədəniyyətinin formalaşdırılması, kitabın mənəvi inkişafımızda rolunun müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Mütaliə yazılı informasiyanın mənimsənilməsi, ardıcıl və davamlı oxu deməkdir. Yunan filosofu Sokrat deyirdi: “Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilsə, o cəmiyyət xoşbəxt olar”.
Bu gün mütaliəni obyektiv sosial zərurətə çevirən amillər mövcuddur: yeni elmi kəşflərin meydana gəlməsi, dünyada gedən ictimai-siyasi proseslər, yeni elm və bilik sahələrinin yaranması və s. Mütaliənin səbəb və məqsədləri çoxdur: həyat təcrübəsi qazanmaq və özünütəkmilləşdirmək, idraki ehtiyac əldə etmək, şəxsi təhsil və təcrübə, emosional və estetik tələbatı ödəmək, əylənmək, informasiya almaq, tərbiyəvi etik qaydalara yiyələnmək və s. Mütaliə mədəniyyəti həm də kitabla iş prosesində vərdişlər kompleksidir. Bura müvafiq mövzu üzrə kitabın seçilməsi, mənbələrdə düzgün istiqamətlənmək bacarığı, mütaliədə sistemlilik, oxuduğunu mənimsəmək, kitabın məzmununu dərk etmək, əldə edilmiş informasiyanı təcrübədə tətbiq və istifadə etmək, informasiyanı biliyə çevirmək, nəşrlərə qayğı ilə yanaşmaq və gigiyenik qaydalara əməl edilməsi daxildir.
Müasir dövrün informasiya bolluğunda mütaliə mədəniyyətinin formalaşdırılması və düzgün istiqamətləndirilməsi həyati zərurətə çevrilmişdir. Bu mənada kitabxanalar mütaliə mədəniyyətinin düzgün istiqamətləndirilməsində, informasiyanın yayılmasında, maarifləndirici missiyanın yerinə yetirilməsində əsas məsuliyyət daşıyan sosial institutlardır.
Mütaliə zamanı insan yalnız informasiya qəbul etmir, həmin informasiyanı emal edir, düşünür, təhlil edir, nəticə çıxarır. Bunun da ən sınanmış yolu yenə müntəzəm və düşünərək kitab oxumaqdan keçir. Biz kitab oxuyarkən əsərin ideyasını anlamağa çalışır və mümkün qədər düşünməyə başlayırıq. Əbəs yerə deyilmir ki, vücud üçün idman nədirsə, beyin üçün də kitab oxumaq o qədər əhəmiyyət kəsb edir. İnsanın söz ehtiyatının zənginləşməsində, ətrafdakılarla rahat ünsiyyət qurmasında, nitq qabiliyyətinin inkişafında, özünəinamının artmasında, stresdən uzaq olmasında, yaddaşının güclənməsində mütaliənin rolu son dərəcə böyükdür.
Bəs müharibə dövründə, sosial izolyasiya zamanı, fövqəladə vəziyyətdə kitabxanalarımız öz funksiyalarını necə yerinə yetirə bilər və bu istiqamətdə hansı tədbirləri görə bilərlər? Məlum olduğu kimi, hazırda bütün dünyada COVİD-19 virusunun yayılması ilə əlaqədar Dünya Səhiyyə Təşkilatı pandemiya elan etmişdir. Mövcud vəziyyət ölkəmizdən də yan keçməmişdir. Ölkəmizdə infeksiyanın qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülür. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri, o cümlədən kitabxanalar müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
Kitabxanalarda iş prosesinin dayandırılmasına baxmayaraq, müasir texnologiyalar müxtəlif formatlarda iş fəaliyyətini davam etdirməyə imkan yaradır. Belə bir şəraitdə kitabxanaların fəaliyyət istiqaməti onlayn xidmətə çevrilmişdir. Kitabxanaların üzərinə düşən əsas vəzifə elektron formada oxuculara xidmət etmək, cəmiyyətin informasiyaya olan tələbatını təmin etmək, insanlarda mütaliə mədəniyyətinin formalaşdırılmasını istiqamətləndirmək, kitaba olan marağı artırmaqdır.
Bu gün ölkəmizin əsas kitabxanaları xüsusi karantin rejimi ilə əlaqədar öz fəaliyyət istiqamətlərini şəraitə uyğun qurmuşlar. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası onlayn formada oxuculara kitabxana-informasiya xidmətini davam etdirir. Milli Kitabxananın onlayn xidmətləri (biblioqrafik sorğu, sənədlərin sifarişi və elektron çatdırılması, virtual sərgi və metodiki xidmətlər) oxucular üçün aktivdir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Evdə qal, tək darıxma” layihəsi bu mənada təqdirəlayiqdir. Koronavirus pandemiyasının ölkəmizdə daha geniş yayılma təhlükəsinin qarşısının alınması məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində evdə qalan uşaqlarımızın vaxtlarının səmərəli keçməsi üçün bu layihədən respublikanın digər kitabxanaları da istifadə edə bilər. Layihə çərçivəsində uşaq yazarları öz oxucularına nağıl, hekayə, şeir təqdim edirlər. Bu layihədən əsasən Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin uşaq şöbələri yararlana bilər. Sosial şəbəkələrdə artıq bir sıra şəhər və rayon MKS-nin və onların filiallarının “Facebook” səhifələrində xüsusi elektron kitabxana xidmətləri təklif olunur və bu xidmətlər sosial izolyasiya dövründə kitabxanaların fəaliyyət istiqamətlərini təşkil edir. Kitabxanalar bu səhifələrdə oxucularına müxtəlif kreativ formatlarda onlayn xidmətlər göstərirlər.
Sosial təcrid dövründə evdə qalan insanların ən gözəl məşğuliyyəti kitab oxumaq olardı. Çünki biz kitab oxumaqla tənhalıq hissini ortadan qaldırır, fərdi yaradıcılığımızı inkişaf etdiririk. Bir sözlə, kitab insanlığı ucalığa aparan yolun bələdçisidir. Bu çətin günlərdə də mütaliə bizi mənəvi-psixoloji sıxıntıdan xilas edə bilər. Ona görə də müəyyən dövr üçün evdə qalaq və ancaq oxuyaq, mütaliə edək.
Nəzakət RƏHMANOVA
Mədəniyyət üzrə Elmi-Metodiki
və İxtisasartırma Mərkəzi Təlim-tədris
şöbəsinin müdiri
Mədəniyyət.-2020.- 10 aprel.-
S.6.