Mədəniyyət naziri
vətəndaşlar üçün
videoqəbul keçirib
Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün reallaşdırılan sosial izolyasiya tədbirləri və karantin rejimi ilə bağlı Mədəniyyət Nazirliyi öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və tövsiyələr əsasında davam etdirir.
Mədəniyyət Nazirliyi Aparatında, nazirliyin tabe təşkilatları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional idarələrdə, aparıcı mədəniyyət müəssisələrində fəaliyyət videokonfrans rejimində tənzimlənir. Mövcud vəziyyətdə fəaliyyətini müvəqqəti dayandırmış müəssisə və təşkilatların əməkdaşlarının distant formada işləməsi təmin edilib.
Aprelin 9-da Mədəniyyət naziri Əbülfəs Qarayev videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Videoqəbulda nazir müavini Rafiq Bayramov, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, nazirliyin Aparat rəhbəri Fikrət Babayev, regional idarələrin rəisləri və nazirliyin digər məsul əməkdaşları iştirak edib.
Əbülfəs Qarayev əvvəlcə ölkə ərazisində koronavirus infeksiyasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb, vətəndaşlarımızın dövlət tərəfindən tətbiq edilən xüsusi qaydalara əməl etməsinin vacibliyini qeyd edib. Vurğulanıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müvafiq dövlət qurumları tərəfindən koronavirusla mübarizədə qətiyyətli addımlar atılır və ölkəmiz bu çətin sınaqdan qısa zamanda çıxacaqdır.
Nazir bu günlərdə ölkəmizin mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işləri, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, videodərslərin keçirilməsi, muzeylərə və qoruqlara virtual turların, onlayn kitabxana xidmətlərinin təşkili, eləcə də digər mədəniyyət müəssisələrinin bu istiqamətdə həyata keçirdikləri tədbirləri yüksək qiymətləndirib. Əbülfəs Qarayev belə tədbirlərin daha da inkişaf etdirilərək gələcəkdə də davamlı həyata keçirilməsini müasir dövrün tələbləri kimi dəyərləndirib.
Eyni zamanda Mədəniyyət Nazirliyi tərəfindən başladılan layihə və təşəbbüslərin ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığı diqqətə çatdırılıb. Nazir mədəniyyət işçilərini yaranmış vəziyyətdən səmərəli istifadə edərək öz yaradıcılıqlarını inkişaf etdirməyə, bütövlükdə ölkəmizin mədəni həyatının daha da zənginləşməsinə töhfə verməyə çağırıb.
Daha sonra vətəndaşların müraciətləri dinlənilib.
Videoqəbulda vətəndaşlar tərəfindən istedadlı uşaqlar üçün mədəniyyətin müxtəlif sahələri üzrə onlayn müsabiqələrin təşkili, ümumrespublika bədii qiraət müsabiqəsinin keçirilməsi, onlayn dərslərin genişləndirilməsi, “Bölgələrdə yaşayan tarix” adlı layihənin icrası, İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyində ekspozisiyanın qurulması və muzeyin balansa götürülməsi, Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinə (Tovuz rayonu) yeni ştatların verilməsi, ixtisasartırma kurslarının onlayn təşkili barədə müraciətlər səsləndirilib.
Vətəndaşlar həmçinin mədəniyyət müəssisələrinin nəzdindəki biçmə-tikmə dərnəklərində tibbi maskaların hazırlanması, kreativ sənayenin inkişaf etdirilməsi və satışların həyata keçirilməsi üçün regional idarələrin əhatə etdiyi rayon və şəhərlərdə yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən yerlərin ayrılmasına dəstək göstərilməsi, kitabxana fondlarının ehtiyatlarının saytlarda nümayiş etdirilməsi məqsədilə proqram təminatı, kitabxanaların müasir standartlara uyğun texniki avadanlıqlarla təchiz olunması və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.
Vətəndaşların bütün müraciətləri dinlənilib, qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Bəzi xahişlər həll edilib, digər müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması üçün müvafiq tapşırıqlar verilib.
Əbülfəs Qarayev sonda bir daha
videoqəbulun keçirilməsinin əhəmiyyətini vurğulayaraq, vətəndaşlarla birbaşa qəbullarla yanaşı, bu formada ünsiyyətin gələcəkdə
də davam etdirilməsinin vacibliyini
qeyd edib.
Mədəniyyət.-2020.- 10 aprel.-
S.2.