“Bizi birləşdirən
mədəniyyət”in yeni təqdimatları
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının aprelin 1-dən start verilən “Bizi birləşdirən mədəniyyət” layihəsi müxtəlif proqram və təqdimatlarla davam edir. Layihə çərçivəsində həyata keçirilən “Əbədiyaşarlarımız” adlı növbəti telehəftə dünya şöhrətli Azərbaycan bəstəkarları, SSRİ-nin və Azərbaycanın xalq artistləri, Dövlət mükafatları laureatları Qara Qarayev və Fikrət Əmirovun yaradıcılığına həsr olunub.
Layihənin 13-19 aprel tarixini əhatə edən incəsənət həftəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Milli Konservatoriyası, Akademik Opera və Balet Teatrı, Akademik Musiqili Teatr, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Mədəniyyət Nazirliyi Regional siyasət şöbəsi və Azərbaycan Bəstəkarlar İttifaqı iştirak edir.
İştirakçılar hər iki bəstəkarın əsərlərindən və onların haqqında çıxışlardan ibarət videoçarxlar (3 dəqiqə) çəkərək “Mədəniyyət” kanalına təqdim edirlər. Eyni zamanda həftə ərzində bəstəkarların yaradıcılığından nümunələr – balet musiqiləri, simfonik əsərlər, kamera əsərləri və s. nümayiş olunur.
Xatırladaq ki, “Bizi birləşdirən mədəniyyət” layihəsi üzrə ilk telehəftə dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuşdu.
Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Mədəniyyət” kanalı bu həftə ərzində Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə “Muğam ustadları” layihəsini də təqdim edir. Layihədə Beynəlxalq Muğam Mərkəzinin solistləri, həmçinin Muğam televiziya müsabiqəsinin iştirakçıları mərkəzin foyesində heykəlləri olan ustad sənətkarların yaradıcılığından nümunələri (3 dəqiqə) ifa edirlər. Bundan əlavə, “Bizi birləşdirən mədəniyyət” layihəsində “Biz xalqın içindəyik” adlı təqdimat da keçiriləcək. “Azərbaycan aşıqları” layihəsində isə aşıq musiqisi axşamları canlı olaraq yayımlanır.
BMM-in muzey hissəsindən qədim musiqi alətləri ekspozisiyasında yer alan alətlər haqqında mühazirələr də sosial şəbəkə hesablarından təqdim edilir. Mühazirələr Azərbaycan Milli Konservatoriyasının “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov və tanınmış musiqişünaslar tərəfindən təşkil olunub.
Qeyd edək ki, bu günlər mədəniyyətimizin təbliği və xüsusi karantin rejimində insanlara dolğun şəkildə çatdırılması məqsədilə reallaşan layihə və təşəbbüslər geniş ictimai rezonans doğurur.
Milli Məclisin Mədəniyyət komitəsi Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” portalının (www.creative.az) “Sənətə dəstək ol” adlı təşəbbüsünə dəstək nümayiş etdirib. Komitənin sədri Qənirə Paşayeva bununla bağlı sosial media hesablarından ictimaiyyətə çağırış edib. Millət vəkili diqqətə çatdırıb ki, təşəbbüs bu günlər çətin maddi vəziyyətə düşən yaradıcı insanların əl işlərini, rəsmlərini satın alaraq onlara dəstək olmaq məqsədi daşıyır. Alınan əsərlər “Azəri Ekspress” şirkətinin dəstəyi ilə ünvana çatdırılacaq. Əsərlər satış üçün “Kreativ Azərbaycan” portalının “Facebook” səhifəsində yerləşdirilir.
LALƏ
Mədəniyyət.- 2020.- 15
aprel.- S.2.