Musiqi məktəbinin
“Florida keys” yarışmasında uğuru
Bakı
Şəhər Mədəniyyət
Baş İdarəsinin
C.Hacıyev adına 3
nömrəli Musiqi məktəbi Azərbaycan-Amerika
Beynəlxalq Mədəniyyət
Assosiasiyası
tərəfindən keçirilən
və görkəmli bəstəkarın xatirəsinə
həsr olunan “Florida
keys” beynəlxalq musiqi
yarışmasında iştirak
edib.
Müsabiqəyə ilin əvvəlində start verilib,
iştirakçılar öz
çıxışlarını onlayn təqdim ediblər. Yarışmaya
Fransa, Almaniya, Hindistan, Vyetnam, Sloveniya və ABŞ-dan müxtəlif nominasiyalar üzrə 80-ə
yaxın musiqiçi qatılıb.
C.Hacıyev adına 3 nömrəli
Musiqi məktəbinin
vokal (akademik) ixtisası üzrə 8-ci
sinif şagirdi, respublika və beynəlxalq müsabiqələr
laureatı Atilla Məmmədov (müəllim
Mahir Tağızadə),
estrada oxuma ixtisası üzrə 8-ci
sinif şagirdi Nurdan Hüseynzadə (müəllim Solmaz Qasımova) və simli alətlər şöbəsinin müdiri
Hülya Orucova (violin)
müsabiqədə uğur
qazanaraq 1-ci yerə layiq görülüblər.
Müsabiqənin məqsədi gənc, istedadlı musiqiçilərin
üzə çıxarılmasıdır. Yarışma
onlara Nyu-Yorkun “Carnegie
Hall”un səhnəsində
çıxış etməyə
imkan yaradır. Bundan başqa, layihə Azərbaycanın musiqi mədəniyyətinin təbliği
və tanıdılmasına
xidmət edir. Budəfəki müsabiqədə Cövdət Hacıyevin əsərləri ilə yanaşı, Vaqif Mustafazadənin 80 illik yubileyi münasibətilə
məşhur cazmenin musiqiləri də səsləndirilib.
Müsabiqənin təşkilatçısı
C.Hacıyevin qızı Pərvin Muradovadır. O, Florida ştatında Azərbaycan-Amerika Mədəniyyət
Assosiasiyası yanında təhsil və mədəniyyət
komitəsinin sədridir. Layihə assosiasiyanın prezidenti Töhfə Eminova,
pianoçu Key Lenq, Nyu-York musiqi festivalının münsiflər heyətinin
üzvü Vivian Fanq Liunun dəstəyi ilə
reallaşıb.
Mədəniyyət.- 2020.- 15
aprel.- S.2.