Xalq yaradıcılığının yorulmaz tədqiqatçısı

 

 

Xalq yaradıcılığı milli-mənəvi mədəniyyətimizin zəngin xəzinəsidir. Bu sahənin dərindən araşdırılmasında mühüm xidmətləri olan alimlərimizdən biri də AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Azad Nəbiyevdir. Mərhum alimi anadan olmasının 75-ci ildönümündə yada salırıq.

 

Azad Mövlud oğlu Nəbiyev 20 aprel 1945-ci ildə Quba rayonunun II Nügədi kəndində ziyalı ailəsində anadan olub. Doğma kəndində orta məktəbi bitirdikdən sonra – 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinə daxil olub, 1967-ci ildə həmin fakültəni jurnalistika ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurub. Əmək fəaliyyətinə 1967-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında (“Azərnəşr”) siyasi ədəbiyyat üzrə böyük redaktor kimi başlayıb. 1972-ci ildə “Gənclik” nəşriyyatına dəyişilib və şöbə müdiri işləyib.

 

Azad Nəbiyev jurnalist fəaliyyəti ilə yanaşı, universitetin aspiranturasında qiyabi təhsil alır. Tanınmış folklorşünas, professor Məmmədhüseyn Təhmasibin elmi rəhbərliyi ilə 1972-ci ildə “Koroğlu” dastanında Koroğlu surəti (Azərbaycan-özbək materialları əsasında)” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. O, 1976-cı ildən universitetdə müəllimlik fəaliyyətinə başlayır. 1981-ci ildə “Azərbaycan-özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqəsi” mövzusunda elmlər doktorluğu dissertasiyasını Tiflisdə uğurla müdafiə edir. Alimin təşəbbüsü ilə 1989-cu ildə Bakı Dövlət Universitetində Folklor kafedrası açılır və o, həmin kafedranın müdiri vəzifəsinə təyin edilir.

 

Onun yaradıcılığı çoxşaxəli və məhsuldar olub. Folklorşünaslıq, ədəbi tənqid, tərcüməçilik və publisistika onun gündəlik fəaliyyət sahəsi olub. Lakin hər şeydən öncə folklorşünas alim kimi tanınıb. Xalq yaradıcılığı nümunələrini toplayıb tərtib və nəşr etdirməklə yanaşı, bu sahənin nəzəriyyəçisi və universitet auditoriyalarında tədrisini həyata keçirib.

 

Alim folkloru milli mədəniyyətimizin ayrılmaz sahəsi, tarixi yaddaşımızın ən böyük daşıyıcısı hesab edib. O, “Nəğmələr, alqışlar, inanclar”, “Azərbaycan dastanları”, “Novruz”, “Novruz bayramı”, “Sehrli sünbüllər”, “İlaxır çərşənbələr”, “Alqışlar, adətlər, nəğmələr”, rus dilində “Azərbaycanın mif, əfsanə və nağılları”, “Azərbaycan folkloru”, Türkiyə türkcəsində “Azərbaycan ədəbiyyatı antologiyası” və başqa kitab və monoqrafiyaların, dərs vəsaitlərinin müəllifidir. A.Nəbiyev folklorşünaslığın müxtəlif sahələri və problemləri ilə məşğul olub. Nəzəriyyəçi alim kimi təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da tanınıb. Eyni zamanda dastanlarımızı ümumtürk folkloru kontekstində öyrənməsi ilə türk xalqları arasında folklor əlaqələrinin tədqiqinə töhfə verib.  “Qəhrəmanlıq səhifələri”, “Azərbaycan-özbək folklor əlaqələri”, X.Koroğlu ilə birlikdə yazdığı “Azərbaycan qəhrəmanlıq eposu” kitabları milli eposşünaslığımızın dəyərli əsərləridir. BuraKoroğlu”, “Qaçaq Nəbi”, “Qatır Məmməd” kimi dastanların nəşrini də əlavə etmək olar.

 

Görkəmli alimin araşdırmalarında mərasim folkloru, milli bayramlar, xüsusilə Novruz bayramı, mifologiya, xalq dram və oyunları, aşıq sənəti kimi sahələrin tədqiqi də xüsusi yer tutur. Bu baxımdan onunEl nəğmələri, xalq oyunları”, “Azərbaycan uşaq folkloru”, “Azərbaycan aşıq məktəbləri və s. kitablar maraq doğurur.

 

“Azərbaycan xalq ədəbiyyatı” adlı ikicildlik dərsliyi isə hər bir folklor tədqiqatçısının yararlana biləcəyi dəyərli elmi əsərdir. A.Nəbiyev həm də AMEA tərəfindən nəşr olunan 6 cildlik “Azərbaycan ədəbiyyatı tarixinin xalq ədəbiyyatına həsr olunmuş (“Oxşar dəyərlərin gen qaynağı – genealoji nəzəriyyə”) I cildinin və “Folklorda fasiləsiz transferyuxu paradiqmaları” kitabının müəllifidir.

 

2000-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülən Azad Nəbiyev bir il sonra AMEA-nın müxbir üzvü seçilib. Folklorşünas alim 13 fevral 2012-ci ildə vəfat edib, doğulduğu kənddə dəfn olunub.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 15 aprel.- S.5.