İtaliya portalında Elçinin “Baş” romanı haqqında resenziya
İtaliyanın
“www.differentmagazine.it” portalında Azərbaycanın Xalq yazıçısı Elçinin
“Baş” romanı barədə resenziya dərc edilib.
“Sandro Teti” nəşriyyatında çapdan
çıxmış və
italyan dilinə tərcümə olunmuş
“Baş” (La testa) romanına resenziyanın müəllifi Miriam Bokkinodur. Əsər barədə
məlumatda onun tarixi roman janrında yazıldığı vurğulanır.
Bildirilir ki, romanda XVIII-XIX əsrlərdə
Rusiya, Türkiyə, İran və Qafqazın (həm Şimali, həm də Cənubi Qafqaz timsalında) hökmdarlarının, tarixi
şəxsiyyətlərin daxili aləmi açılır, bir çox məqamlarda mövcud gerçəklik
milli mənəviyyat yönündən araşdırılır,
nəticədə oxucu
dolğun və əhatəli biliklə təmin olunur. Burada sənəd və faktlarla müəllif təxəyyüllü məharətlə
əlaqələndirilib, nəticədə
yaxın tarixin qaranlıq, indiyə qədər bədii həqiqətə çevrilməmiş
mənzərəsinə aydınlıq
gətirilib. Yazıçı
gələcəkdə ədəbi-nəzəri
fikirdə yarana biləcək mübahisələri
nəzərə alaraq
əsərin əvvəlində
romandakı hadisələrin
tarix ilə üst-üstə düşmədiyini,
lakin tarixilik baxımından əhəmiyyətli
olan məqamların az olmadığını
yazıb.
Resenziyada romandakı əsas
xətt, qəhrəmanlar və onların taleyi
barədə maraqlı məlumatlar və dialoqların əksini
tapdığı barədə də məlumat verilir.
Mədəniyyət.- 2020.- 15
aprel.- S.7.