Kitabxanaların və muzeylərin fəaliyyətinə həsr olunmuş videokonfranslar

 

 

Ölkəmizdə koronavirus infeksiyası səbəbindən tətbiq edilən sosial izolyasiya tədbirləri və karantin rejimi ilə bağlı Mədəniyyət Nazirliyi öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və tövsiyələr əsasında davam etdirir. Mədəniyyət Nazirliyi Aparatında, nazirliyin tabe təşkilatları və idarələrində, aparıcı mədəniyyət müəssisələrində fəaliyyət videokonfans rejimində tənzimlənir.

 

Aprelin 13-də Mədəniyyət naziri Əbülfəs Qarayev respublikanın aparıcı kitabxanaları və bir sıra şəhər və rayonlardakı kitabxanaların fəaliyyəti ilə bağlı videokonfrans keçirib.

 

Konfransda kitabxana fondlarının rəqəmsallaşdırılması, elektron xidmətlərin göstərilməsi, onlayn oxucu sifarişlərinin təmin edilməsi və kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması kimi məsələlər müzakirə olunub.

 

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, nazirliyin məsul əməkdaşları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, şəhər (rayon) MKS-lərin direktorları videokonfransda iştirak ediblər.

 

Nazir Əbülfəs Qarayev bu günlərdə ölkəmizin mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işlər, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, videodərslərin keçirilməsi, muzeylərə və qoruqlara virtual turların, onlayn kitabxana xidmətlərinin təşkili, eləcə də digər mədəniyyət müəssisələrinin bu istiqamətdə həyata keçirdikləri tədbirlərdən danışıb. Bildirib ki, yaranmış vəziyyətdə Mədəniyyət Nazirliyi tərəfindən başladılan layihə və təşəbbüslər, eləcə də göstərilən digər elektron mədəni xidmətlər daha da genişləndirilməlidir.

 

Nazir hazırkı şəraitdə kitabxanaların elektron xidmətlərinin daha da yaxşılaşdırılması üçün  bu sahədə qabaqcıl dünya təcrübəsinin tətbiqinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, kitabxanaya üzv olan hər bir şəxsin əlaqə vasitələri götürülməli, onların elektron poçtlarına kitabxanaya daxil olan yeni kitablar, həm də digər yeniliklərlə bağlı mütəmadi olaraq məlumatlar göndərilməlidir. Bu eyni zamanda sosial şəbəkələr üzərindən də davam etdrilməlidir.

 

Nazirin birinci müavini Vaqif Əliyev çıxış edərək kitabxanaların fəaliyyətinin daha da gücləndirilməsi və günün tələbələrinə uyğun olaraq elektron xidmətlərin keyfiyyətinin daha da artırılmasının vacibliyindən danışıb. Bildirib ki, bu sahənin inkişafının təmin olunması və ortaya çıxan məsələlərin operativ həll olunması, təcrübə mübadiləsinin aparılması üçün gələcəkdə də belə videokonfransların davam etdirilməsi məqsədəuyğundur.

 

Daha sonra çıxış edən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Milli Kitabxananın direktoru Kərim Tahirov, Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, Sumqayıt şəhər MKS-nin direktoru Yeganə Əhmədova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin sektor müdiri Səbinə Məmmədova, Ağcabədi rayon MKS-nin direktoru Məhəbbət Əliyeva mövcud vəziyyətdə kitabxanaların fəaliyyəti barədə məlumat verib, elektron xidmətlərin göstərilməsi sahəsində həyata keçirilən tədbirləri qeyd ediblər.

 

***

 

Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə aprelin 14-də keçirilən videokonfrans isə koronavirus pandemiyası ilə bağlı ölkəmizdə tətbiq edilən sosial izolyasiyakarantin şəraitində muzey işinin təşkili və aparıcı muzeylərin fəaliyyətinə həsr olunub.

 

Konfransda nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, nazirliyin məsul əməkdaşları, ölkəmizin aparıcı muzeylərinin rəhbərləri və başqaları iştirak ediblər.

 

Videokonfransda çıxış edən nazir Əbülfəs Qarayev bu günlərdə ölkəmizin mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işlər, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, o cümlədən muzeylərə və qoruqlara virtual turların təşkili, digər mədəniyyət müəssisələrinin bu istiqamətdə həyata keçirdikləri tədbirlərdən danışıb. Qeyd edilib ki, hazırkı vəziyyət bizdən yeni çağırışlar, müasir yanaşmalarla işləməyi tələb edir. Bu günə qədər ölkəmizin mədəniyyət sahəsində elektron xidmətlərin tətbiqi istiqamətində xeyli işlər görülüb. Həyata keçirilən tədbirlərin daha da inkişaf etdirilməsi, yeni xidmətlərin tətbiqi, bu xidmətlərdən istifadənin asanlaşdırılması vacibdir.

 

Yaranmış fasilədən muzeylərimizin əməkdaşları da səmərəli istifadə etməlidir. Yeni ideyalar, yeni yanaşmalar üzərində düşünülməli, beynəlxalq təcrübədən də yararlanaraq muzeylərin fəaliyyətinin daha da inkişafı təmin olunmalıdır. Muzeylərdə virtual sərgilər genişləndirilməlidir. Həmçinin Böyük Vətən müharibəsində qələbənin 75 illik yubileyi münasibətilə bütün muzeylərdə çoxşaxəli fəaliyyət təmin olunmalı, virtual sərgilər təşkil edilməlidir. Bu eyni zamanda sosial şəbəkələr üzərindən də davam etdirilməlidir.

 

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək muzeylərin fəaliyyətinin daha da gücləndirilməsi və günün tələbələrinə uyğun olaraq elektron xidmətlərin keyfiyyətinin daha da artırılmasının vacibliyindən danışıb. Yaranmış şəraitdə muzeylərin elektron xidmətlərin həyata keçirilməsi məsələsinə çevik reaksiya verdikləri diqqətə çatdırılıb. Nazir müavini göstərilən elektron xidmətlərin daha da yüksəldilməsi istiqamətində işlərin davam etdiyini bildirib.

 

Məsələ ilə bağlı fikirlərini bölüşən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bu günlərdə mədəni xidmətlərin göstərilməsi sahəsində yeni təcrübənin yaşandığını qeyd edib. Bildirib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilməli, bütövlükdə mədəniyyət sistemində elektron xidmətlərin səviyyəsi daha da artırılmalıdır.

 

Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova,  Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynli, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov, Muzey Mərkəzinin İnzibati Təsərrüfat Müdiriyyətinin direktoru Liana Vəzirova, Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova və başqaları çıxış edərək mövcud vəziyyətdə muzeylərin fəaliyyəti barədə məlumat verib, elektron xidmətlərin göstərilməsi sahəsində atılan addımlardan danışıblar.

 

Bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə bütün muzey müəssisələri aprelin 20-dək tamaşaçılar üçün bağlanıb, mütəmadi dezinfeksiya işləri həyata keçirilir. Respublikada fəaliyyət göstərən muzeylərin elektron bazasının yaradılması ilə bağlı muzeylər haqqında 3 dildə (Azərbaycan, rus, ingilis) məlumatlar təqdim edən museum.az internet səhifəsi yaradılıb.

 

***

 

Əbülfəs Qarayev hər iki videokonfransın sonunda bir daha çıxış edərək koronavirus infeksiyasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb, vətəndaşlarımızın tətbiq edilən xüsusi qaydalara əməl etməsinin vacibliyini qeyd edib. Bildirib ki, ölkəmizin bu çətin sınaqdan tezliklə çıxması üçün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müvafiq dövlət qurumları tərəfindən qətiyyətli addımlar atılır.

 

Nazir hazırkı dövrdə mədəniyyət sahəsinin də üzərinə mühüm məsuliyyət düşdüyünü vurğulayaraq göstərilən mədəni xidmətlərin daha da inkişaf etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

 

Mədəniyyət.- 2020.- 15 aprel.- S.1;2.