Naxçıvan səhnəsinin parlaq ulduzu
“Yüksək peşəkarlıq, seçdiyiniz sənətə vurğunluq və sədaqət, milli teatrımızın inkişafı yolunda göstərdiyiniz fədakarlıq gənc aktyorlar üçün əsl həyat məktəbidir. İnanıram ki, sənətkarların hələ neçə-neçə nəsli bundan sonra da həmin məktəbdən faydalanacaq, Vətənə, xalqa, sənətə sevgi dərsi alacaqlar...”.
Bu fikirlər ümummilli lider Heydər Əliyevin 2000-ci il martın 27-də tanınmış səhnə ustası, Xalq artisti Zəroş Həmzəyevanın 75 illik yubileyi münasibətilə ona ünvanladığı məktubda əks olunub.
Mübarizliyi, iradəsi, istedadı ilə ilk gənclik çağlarından fərqlənən Zəroş Həmzəyeva öz idealı uğrunda dövrün xurafat buxovlarını qıraraq sənət yollarında inamla irəliləyib. Anadan olmasının 95 illiyi münasibətilə mərhum səhnə xadiminin ömür və sənət yoluna nəzər saldıq.
Zəroş Mirzəbağır qızı Həmzəyeva 1925-ci ilin 22 martında Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində müəllim ailəsində dünyaya gəlib. Atası müəllim işləməklə yanaşı, incəsənətlə, musiqi ilə tanış idi, tar ifaçısı olmuşdu. Atası tarı əlinə aldımı, balaca Zəroş da onun yanında hazır olardı...
Zəroş Nehrəm kənd məktəbində oxumağa başlasa da, atası Naxçıvan şəhərindəki məktəblərin birinə dəvət edildiyindən ailə şəhərə köçür. Şəhər beynəlmiləl məktəbində təhsilini davam etdirən Zəroş burada daha maraqlı, necə deyərlər, ayrı bir aləmə düşür. Hələ məktəbli ikən onda teatr sənətinə böyük maraq oyanır. Sonralar aktrisanın sənətin enişli-yoxuşlu yollarından keçib kamilləşməsində onun ömür-gün yoldaşı, tanınmış aktyor və rejissor, Xalq artisti İbrahim Həmzəyevin (1908-1982) böyük rolu olur. Təsadüfi deyil ki, Zəroş xanımdan onun ilk sənət müəlliminin kim olduğunu soruşduqda o, böyük hörmət və razılıqla İbrahim Həmzəyevin adını çəkirdi.
Bakı, Gəncə, Füzuli, Ağdam teatrlarında aktyor və rejissor kimi fəaliyyət göstərən İ.Həmzəyev 1937-ci ildən taleyini Naxçıvan teatrına bağlayaraq muxtar respublikada səhnə sənətinin inkişafına mühüm töhfələr vermişdi. O, Zəroş xanımın çıxış etdiyi bir çox tamaşaların səhnə həllini verməklə yanaşı, onunla tərəf-müqabil olmuş, ağıllı məsləhətləri ilə aktrisaya yol göstərmişdi.
Unudulmaz bir gün
O gün ki Zəroş xanım ömrünün sonunacan onu həyəcansız xatırlaya bilmədi. Hər dəfə sənət yolundan söz düşəndə, həmin günün təsviri məqamı gələndə Zəroş xanımın qəlbində dərin bir həyəcan, gözlərində isə bütün aləmi nura qərq edə biləcək işıq görünürdü... O gün ilk dəfə qızlarla Naxçıvan Dövlət Dram Teatrına, Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsəri əsasında hazırlanmış tamaşaya baxmağa getmişdi. Və elə ilk baxdığı tamaşadan sonra aktrisa olmaq arzusu Zəroş xanımın qəlbinə hakim kəsilir. Tamaşadakı Firəngiz obrazına həsəd aparır, “mən də onun kimi cəsarətli, bacarıqlı və arzusu naminə qətiyyətli aktrisa olacağam”, deyir.
Ulularımız “Niyyətin hara, mənzilin ora”, deyiblər. Zəroş Həmzəyeva 1941-ci ilin sentyabrında teatrda işə qəbul edilir. İlk vaxtlar ona sözsüz-statist
rollar tapşırılır.
Zəroş xanım isə
səbirsizliklə səhnədə
söz deyəcəyi,
başqaları kimi obraz yaradacağı günü gözləyirdi.
Nəhayət, bir gün onun da
səsi səhnədə
eşidilir... Aktrisa bu günü belə xatırlayırdı:
“Əsli və Kərəm” operası gedirdi. Tamaşada bir hissə var: şah keşişə
deyir ki, qızı ver Kərəmə! Keşiş
isə verməyəcəyini
bildirir. Gördüm ki, səhnədə
hamı danışır,
“nə olar, mən də bir söz deyim”,
– deyə düşündüm.
Ona görə keşişə – bu həmin keşişdir ki, onu aktrisanın
gələcək həyat
yoldaşı İbrahim
Həmzəyev canlandırırdı
– yaxınlaşıb: “Əşi,
duzsuz olma, ver getsin”, – dedim. Mənim bu sözümə
artistlər də güldülər. Zalda alqış
qopdu. Mənsə
bu gülüşlərdən
pərt olub səhnədən çıxdım
və ağladım...
Və mənim səhnə dilim həmin gecədən açıldı”.
Səhnə həyatına “Əsli
və Kərəm” operasında kiçik, sözsüz rolla başlayan aktrisa az sonra
həmin operada Əslinin partiyasını
məharətlə ifa
edir. Zəroş Həmzəyevanın uğurlu debütü Nəcəf bəy Vəzirovun “Yağışdan
çıxdıq, yağmura
düşdük” komediyasındakı
qulluqçu qız Yetər obrazı ilə olur. Aktrisa bu obrazı rejissorun istədiyindən
qat-qat yüksək səviyyədə oynamağı
bacarmışdı. Naxçıvan
teatrının tədqiqatçısı
Əli Xəlilov Zəroş xanımın
teatra gəlişi haqda bunları demişdi: “Onun qulluqçu Yetər rolunda çıxışı
Naxçıvan teatrı
həyatında mühüm
bir hadisəyə çevrilmişdi”.
İlk uğurlar
gənc aktrisanı yeni axtarışlara həvəsləndirmişdi. Bütün varlığı
ilə teatr sənətinin vurğunu olan Zəroş Həmzəyeva səhnə
işini öyrənməyə,
onun sirlərinə vaqif olmağa çalışırdı. Naxçıvan teatrının Xədicə
Qazıyeva, Firuzə Əlixanova, Rüxsarə
Ağayeva kimi təcrübəli səhnə
ustaları bu sahədə ona yaxından kömək etmiş, sənət yollarında qayğıkeş
hamiləri olmuşdular.
Teatrın rəhbərliyi bu sənət aşiqinə
cəsarətlə bir-birinin
ardınca böyük,
məsuliyyətli rollar
etibar etməyə başlayırlar. Beləliklə, teatra gəldiyi
2-3 ildə Zəroş
Həmzəyeva Məryəm
(“Fərhad və Şirin” – S.Vurğun), Afaq (“Nizami” – M.Hüseyn), Pəri (“Pəri cadu” – Ə.Haqverdiyev), Firəngiz
(“Oqtay Eloğlu” – C.Cabbarlı), Məhəbbət
(“Məhəbbət” – M.İbrahimov),
Nazlı (“Ölülər”
– C.Məmmədquluzadə), Gülnaz (“Məşədi
İbad” – Ü.Hacıbəyli),
Xumar (“Şeyx Sənan” – H.Cavid) və digər obrazları məharətlə
canlandıraraq tamaşaçıların
rəğbətini qazanır.
O, ifaları ilə Cavid məhəbbətindən,
Cəlil gülüşündən,
Cabbarlı öyüdündən
izləyicilərə pay verirdi.
V.Şekspir, F.Şiller, İ.Əfəndiyev,
S.Rəhman və başqa müəlliflərin
əsərlərinin tamaşasında
baş rolları ifa edir, sənətkar
imkanlarını ortaya
qoyurdu.
Zəroş Həmzəyeva, çox
geniş diapazonlu, zəngin yaradıcılıq
imkanları olan sənətkarlardan idi. Səhnə həyatı
“Əsli və Kərəm” operasından
başlanan Zəroş
xanım az
müddət sonra dram
tamaşalarında əsas
qadın rollarında böyük müvəffəqiyyətlə
çıxış etməklə
yanaşı, operetta və
musiqili komediyalarda da nailiyyətlər əldə edir.
Aktrisanın zəngin səs imkanları onun muğam operalarında, vokal istedadı, rəqs etmək bacarığı isə
operetta və musiqili komediyalarda məharətli
sənətkar, mahir ifaçı kimi çıxış etməsinə
zəmin yaradırdı.
Yaradıcılığa başladığı ilk vaxtlardan
Zəroş Həmzəyeva
həm dram əsərlərində,
həm də musiqili tamaşalarda bacarıqla çıxış
edir, sənətsevərlərin
könlünü oxşayırdı. Əslində, dram tamaşasındakı uğuru
musiqili səhnə əsərlərində təkrarlamaq
sənətkardan istedad
və ustalıq tələb edirdi. Bu mənada aktrisanın
opera tamaşalarında musiqini
qavrama istedadı, çalğıçılarla, orkestrlə ayaqlaşmaq bacarığı da vurğulanmalıdır. Aktrisanın nəinki
bir janrdan başqa janra, bir tamaşadan başqa tamaşaya, hətta eyni tamaşada bir roldan digərinə uğurla keçməsi mürəkkəb yaradıcılıq
prosesidir. Zəroş xanımın
yaradıcı fəaliyyətində
bu keçidlər və obrazları özününküləşdirmə bacarığı onun sənətkar məharətinin
aydın təzahürüdür.
Onu kinolentlərdə də çox görə bilərdik...
Zəroş Həmzəyeva teatrda olduğu kimi, kinoda da uğur
qazana bilərdi. Biz onu kinokadrlarda demək olar ki görmürük.
Bunun bir səbəbi onun əyalət teatrında çalışması idisə,
digər səbəb sənət mühitində
təəssüf doğuran
qısqanclıq idi...
Görkəmli sənətkar Adil İsgəndərov “Ögey
ana” filmində ögey ana rolunu
Zəroş Həmzəyevaya
həvalə etmək
istəyirdi. Hətta bu məqsədlə
zəng vurub dəvət eləmişdi
də. Lakin aktrisa getmək
istəyəndə onu
aldatmışdılar. Demişdilər ki, bəs A.İsgəndərov ikinci
dəfə zəng vurub və bir
aydan sonra dəvət edəcək.
Sonralar aktrisa görkəmli rejissorla görüşəndə aydın
olmuşdu ki, bunların hamısı quramadır...
“Əhməd haradadır?” filmində də Əhmədin anası rolunu oynamalıydı. Əhməd (Elxan Qasımov) üç dəfə qayınanasının (Zəroş xanımın) arxasınca Naxçıvana gəlib, üçündə də əliboş qayıdıb; deyiblər ki, sən get, özümüz göndərərik. Ancaq göndərməyiblər.
Zaman göstərdi ki, Zəroş Həmzəyeva filmlərdə çəkilmədən də, yalnız səhnə şöhrəti ilə adını sənət salnaməsinə yazdırmağa nail olub. Teatr sənətinin inkişafındakı xidmətləri qiymətləndirilən aktrisa muxtar respublikanın Əməkdar artisti (1943), Azərbaycan Respublikasının Əməkdar artisti (1956) və 1967-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2000-ci ildə 75 illiyi münasibətilə “Şöhrət” ordeni ilə təltif edilib. Zəroş Həmzəyeva daim vətəndaşlıq mövqeyi nümayiş etdirib, ictimai xadim kimi tanınıb. O, uzun müddət Naxçıvan Qadınlar Şurasının sədri vəzifəsində çalışıb.
...1982-ci ildə aktrisanın ömür-gün yoldaşı, müəllimi, həmkarı, tərəf-müqabili İ.Həmzəyev dünyasını dəyişir. Bu ağır itkidən sonra o, illərini verdiyi, ruhən bağlı olduğu sevimli səhnəsindən ayrılır. Bakıya köçür. Burada sənət soraqlı xatirələrlə zəngin günlər başlayır...
Zəroş Həmzəyeva 2004-cü il iyulun 7-də bu dünyadan köçərək canlandırdığı obrazlarla birgə əbədiyyətə qovuşdu.
Səyyar MƏMMƏDOV
Naxçıvan MR Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin direktoru
Mədəniyyət.- 2020.- 17
aprel.- S.6.