Uşaq ədəbiyyatına töhfə
verən ədib
XX əsr qadın nasirlərimizdən söz düşəndə ilk xatırlanan müəlliflərdən biri də görkəmli yazıçı-dramaturq, tərcüməçi Xalidə Hasilovadır. Zəngin ədəbi irs yaradan yazıçı uşaq ədəbiyyatının inkişafında da mühüm rol oynayıb. Bu il ədibin anadan olmasının 100 illiyi tamam olur.
Xalidə Məmməd qızı Hasilova 19 aprel 1920-ci ildə
Zaqatala şəhərində dünyaya göz
açıb. Orta məktəbi bitirdikdən
sonra Pedaqoji Texnikumda təhsil alır. Bir müddət Zaqatala rayonunun
Qımır kənd məktəbində müəllim işləyir.
1939-cu ildə
Leninqrad (Sankt-Peterburq)
Universitetinin Filologiya fakültəsinə qəbul
olunur. 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması
ilə əlaqədar
Bakıya qayıdır. Təhsilini Azərbaycan
Dövlət Universitetinin
(indiki BDU) Filologiya fakültəsində davam
etdirir. 1944-cü ildə təhsilini bitirdikdən sonra Zaqatala şəhər orta məktəbində əmək fəaliyyətinə
başlayır. Pedaqoji fəaliyyətlə
yanaşı, mətbuatda
mütəmadi çıxışlar
edir.
Növbəti il Moskvaya – xarici dillər kursuna (türk dili) göndərilir. Kursu bitirib Bakıya
gəldikdən sonra “Uşaqgəncnəşr”də redaktor kimi işə
düzəlir. Bir müddət
sonra “Azərbaycan qadını” jurnalı redaksiyasına dəyişilir.
1966-cı ildə “Göyərçin”, 1972-ci ildə
“Azərbaycan qadını”
jurnallarının baş
redaktoru təyin edilir.
Xalidə Hasilova bədii yaradıcılığa gənc
yaşlarında başlayıb,
uşaq yazıçısı
kimi tanınıb. İlk kitabı
– “Kiçik hekayələr”i
1950-ci ildə işıq
üzü görüb.
Ardınca “İlk məktub”, “Lalənin kitabı”, “İki yoldaş”, “Sular durulur”, “Ulduzlu papaq”, “Rəna evlərini axtarır”, “Dəniz çıraqları”,
“Atlas yarpaqları”, “Yaşıl
ayna”, “Çilçıraq”
kitabları nəşr
olunur. Əsərləri balaca oxucular
tərəfindən maraqla
qarşılanır.
Yazıçının hekayələrində daha
çox dövrün
məktəb həyatı,
uşaqların maraq dünyası öz əksini tapıb. “Baba və nənə” hekayəsində baba öz nəvəsinə yaşıllığı qorumaqdan
danışır. Deyir
ki, bir neçə
il əvvəl
bu yolun kənarında bir ağac əkib. İndi onun kölgəsində insanlar dincəlir. Bir ağac da nəvəsinin
əkməsini istəyir.
“Ulduzlu papaq”
hekayəsində isə
kiçik Muradın atası müharibədən
qayıtmayıb. Amma oğluna
ulduzlu bir papaq göndərib.
O da papağı əziz xatirə kimi saxlayır. Hər dəfə papağa baxır və atasını yada salır.
Müəllifin məktəb həyatından
bəhs edən hekayələrində isə
şagirdlərin tərbiyəsi,
əxlaqi keyfiyyətləri,
onların qarşılıqlı
dostluq münasibətləri
və ən başlıcası, biliyə
maraq göstərmələri
diqqət mərkəzinə
çəkilir.
Xalidə Hasilova rəngarəng yaradıcılığında əxlaqi-mənəvi mövzulara
da yer ayırıb. “Kaman”, “Çəhrayı
rəng”, “Ana fəryadı”
povestləri, “Onun taleyi”, “Sular durulur”, “Ucqar bir kənddə” romanları bu mənada maraqlı nümunələrdir. Yazıçının gənclik illəri müharibə dövrünə
təsadüf etdiyindən
yaradıcılığında bu mövzuya da geniş yer
ayırıb. “Kaman” povestində müharibənin
məşəqqətləri, ağrı-acıları göz
önünə gətirilir.
Əsərin qəhrəmanı Kələntər məktəb
direktorudur. O, atalarının
ölüm xəbərini
alan məktəb
şagirdlərinə qayğı
ilə yanaşır.
Onların evlərinə gedir.
Babaları və anaları
ilə görüşür.
“Onun taleyi”
romanı da müharibənin insan həyatına gətirdiyi
çətinliklər və
ayrılıqdan bəhs
edir. Müharibə illərində öz
doğma qızını
itirən Məlahət
xeyli vaxt onun həsrəti ilə yaşayır.
Ancaq uzun ayrılıqdan sonra ana qızına
qovuşur.
Ümumiyyətlə, müəllifin əsərləri
həyat materiallarının
zənginliyi, üslub
tərzi, yüksək
ideya-bədii xüsusiyyətləri
ilə oxucuların marağına səbəb
olub, eyni zamanda ədəbi tənqid tərəfindən
yüksək qiymətləndirilib.
Qələmə aldığı dram əsərləri
də böyük maraq doğurub. “Həsrət”,
“Həyat özü bir nəğmədir”, “Bir sahilin adamları”,
“Hamı doğmadır
mənə”, “Nəğməli
könül” pyesləri
müxtəlif teatrların
səhnəsində tamaşaya
qoyulub.
Tərcüməçilik fəaliyyəti
ilə də məşğul olan X.Hasilova rus yazıçılarından Vladimir Korolenko, Nikolay Tixonov və başqalarının əsərlərini
dilimizə tərcümə
edib. O, həmçinin
məşhur türk yazıçısı Əziz
Nesinin uşaqlar üçün yazdığı
“İndiki uşaqlar möcüzədir” kitabını
dilimizə uyğunlaşdırıb.
Eyni zamanda özünün əsərləri də rus və türk
dillərinə tərcümə
olunub.
Yazıçı uşaq ədəbiyyatının
problemlərinə həsr
edilən məqalələr
də qələmə
alıb. “Uşaq ədəbiyyatında ədəbi
tənqid haqqında”,
“Gözəl duyğular”,
“Uşaqlara yüksək
keyfiyyətli əsərlər
verək”, “Ədəbiyyat
və tərbiyə” və s. məqalələr
elmi-ədəbi ictimaiyyət
tərəfindən maraqla
qarşılanıb.
X.Hasilova həm də ictimai xadim kimi
tanınıb. Sovet Qadınları Komitəsi
Rəyasət Heyətinin,
Azərbaycan KP MK yanında
Qadınlar Şurası
Rəyasət Heyətinin,
Azərbaycan Yazıçılar
İttifaqı Plenumunun
üzvü olub.
Görkəmli yazıçı “Əməkdar mədəniyyət işçisi” fəxri adına (1974), “Şərəf nişanı” və “Qırmızı Əmək Bayrağı” ordenlərinə layiq görülüb. 5 dekabr 1996-cı ildə vəfat edib.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2020.- 17
aprel.- S.6.