Tarixi-mədəni irs
xalqın yaddaşıdır
Hər il mədəni irsi yaşadan məkanlarda, mədəniyyət qoruqlarında çeşidli tədbirlər, sərgilər, maraqlı ekskursiyalarla qeyd olunan 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü bu il, bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin rejiminə təsadüf edir.
Xatırladaq ki, bu gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Məlum şəraitlə bağlı bu il əlamətdar gün daha çox virtual formatda, o cümlədən abidələrə və tarixi yerlərə videoturlarla, virtual sərgi və digər təqdimatlarla qeyd edilir.
Hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində 14 tarix-mədəniyyət qoruğu fəaliyyət göstərir. Koronavirus (COVİD-19) infeksiyası səbəbindən həyata keçirilən sosial izolyasiya tələblərinə uyğun olaraq qoruqlar bir aya yaxındır ki, ziyarət üçün bağlı elan edilib. Qoruqlarda yerləşən binalarda mütəmadi dezinfeksiya işləri həyata keçirilir, fəaliyyət göstərməsinə icazəsi olan əməkdaşlar lazımi qoruyucu vasitələrlə təmin olunub.
Yaranmış vəziyyətlə əlaqədar olaraq Dövlət Xidmətinin tabeliyində olan qoruqlar fəaliyyətini internet məkanında, sosial şəbəkələr üzərindən davam etdirirlər. Qoruq əməkdaşları ziyarətçilər üçün videoturlar çəkərək bu tarixi məkanların “Youtube”, “Facebook” və “İnstagram” səhifələrində paylaşırlar. Azərbaycan, ingilis, rus dillərində yayımlanan bu videolarda qoruqlarda mövcud ziyarətçi turlarına tam uyğun turlar təşkil olunur.
Ziyarətçilər həmçinin bütün qoruqların həm internet saytlarında, həm də “Google maps”də yerləşdirilmiş 360° virtual turlar vasitəsilə bu tarixi məkanlarla, orada yerləşən abidələrlə əyani tanış ola bilirlər.
Bundan başqa, qoruqlar Mədəniyyət Nazirliyinin “Evdə qal, evdə yarat”, “Evim – yeni iş yerim”, eləcə də digər layihə və təşəbbüslərində fəal iştirak edirlər.
Eyni zamanda
Qobustan Milli Tarix-Bədii
Qoruğu xarici ölkələrin
qoruq və muzeyləri ilə həmrəylik
aksiyası təşkil edir. Bu əsnada Özbəkistan, İndoneziya,
İspaniya, Portuqaliya qayaüstü incəsənət abidələri
haqqında məlumatlar yayımlanır.
Mədəniyyət.- 2020.- 17
aprel.- S.1.