Kino və pandemiyalar. Bir də
yeniliklər...
Güman
edirik ki, pandemiya və dünya incəsənəti
(ədəbiyyatı) mövzusunda
sayca üçüncü yazını
qəzetimizdə oxuduğunuz
zaman Yer üzünü bürümüş
pandemiya təhlükəsi
bir qədər də səngimiş olacaq. Hələ ki... Hələ ki pandemiya meydan
sulayır... Və bu meydanda birinciliyi heç kimin arzulamadığı
siyahıya Amerika Birləşmiş Ştatları
başçılıq edir.
Az qala hər elmi-texniki
yeniliyin (xüsusilə
də müasir texnologiyaların incəsənətdə
və əyləncə
sənayesində tətbiqi
ilə bağlı) vətəni olan Yeni Dünyanın bu acizliyi adamın
ağlına sığmaq
istəmir. Yəqin ki, bu olanlar qeyd etdiyimiz
həmin sahələrə
də öz düzəlişini edəcək.
Eynilə bir zamanlar etdiyi kimi...
***
Amerika kino sənayesi hələ XX əsrin ilk rübündə
“İspan qripi” pandemiyası üzündən
xeyli dəyişikliyə
uğramışdı. Kino tarixçisi
Vilyam Mannın fikrincə, COVİD-19 ucbatından
eyni məntiqi dəyişiklik təkrar baş verə bilər. O, ABŞ-ın
“deadline.com” televiziya və
kino portalına müsahibəsində bu fikirləri söyləyib:
“Koronavirus Hollivud kino industriyasına mühüm təsir göstərə bilər.
1918-ci ildə dünyanı
sarmış, bəşər
tarixində həm yoluxanların, həm də ölüm hallarının sayına görə ən kütləvi pandemiyalardan
sayılan “İspan qripi” tüğyan edən zaman da belə
olmuşdu.1918-1926-ci illər Hollivudun inkişafında ən aparıcı mərhələlərdən sayılır,
çünki uzun illər üçün Amerika kino industriyasını
müəyyən edəcək
bütün strukturlar,
əsasən də
film istehsalına və
onların distribusiyasına
aid olan qurumlar məhz həmin dövrdə yaranmışdı”.
Alimin dediyinə görə, o zaman Amerika kinosu
fərqli yolla getməyə qərar verdi. Studiya
sistemi həmin mərhələdə yaranmışdı,
hər şey məhz 1918-ci il
pandemiyasından başlamışdı.
Qrip pandemiyası ucbatından kinoteatrların 80-90 faizi bağlanmışdı. Karantin
qadağası ilk olaraq
Los-Anceles kinoteatrlarını
yaxalamışdı, kinostudiyalar
isə istehsalı iki aya yaxın
– 1918-ci il noyabrın sonunadək dayandırmışdılar. Mann xatırladır ki, qrip pandemiyasından Amerika kino industriyasının
bütün subyektləri,
o cümlədən studiyalar
xeyli zərərə
düşmüşdülər: məsələn, “Paramount” 1918-1919-cu illərdə təxminən
2 milyon dollar itirmişdi
ki, bu o dövr üçün böyük məbləğ
idi.
Tarixçi həmin dövrdən və onun Hollivuda
daha sonrakı təsiri barədə danışarkən “Paramount Pictures”in
əsasını qoymuş
Adolf Sukorun fəaliyyətini
xüsusi vurğulayır. O, bir şirkətin daxilində
film istehsalının, yayılmasının
və prokatının
təşkili baxımından
kino industriyasında inqilab etmişdi: “Bütün sahəni nəzarətdə saxlamaq
üçün ilk növbədə
kinoteatrlara nəzarət
etmək ideyası hələ pandemiyadan çox əvvəl onun ağlına gəlmişdi. O öz planını
gerçəkləşdirmək üçün ”İspan
qripi”ndən istifadə
etdi. Sukorun əməlləri çox
adamı biznesdən uzaqlaşmağa vadar etsə də, bununla belə, Amerika kino industriyasının
inkişafından ötrü
qarşıdakı 60-70 il üçün iş prinsiplərini müəyyən etdi. O belə hesab edirdi ki, əgər
film istehsalı ilə
məşğul olursansa,
elə də filmin yayımına, yəni kinoteatrda nümayişinə də
nəzarət etmək
lazımdır. Adolf Sukor
kino işinin bütün aspektlərini
öz nəzarətinə
alaraq, müstəqil kinematoqrafçıları sıxışdırır,
pandemiya üzündən
müflis olmuş kinoteatr sahiblərini “yolun o biri tərəfində”
öz kinoteatrını
tikəcəyi ilə
hədələyərək onların müəssisələrini
su qiymətinə alırdı. Sabahlarından nagüman, müflis
olmuş kinoteatr sahibləri bu təzyiqə dözməyib
təslim olurdular.
Sukor
1921-ci ildə bu sahənin nəhəng simasına çevrildi.
V.Mannın fikrincə, COVİD-19 virusunun başlatdığı
pandemiya da Hollivuda təsirsiz ötməyəcək: “Əlbəttə,
müəyyən fərqlər
olacaq, bununla belə, sahənin strukturu yaxın bir-iki ildə dəyişə bilər.
Çünki yüz il əvvəl
qrip pandemiyası nəticəsində hər
şey – filmlərin müddəti, biletin satışı... dəyişmişdi.
Bugünkü yayım servislərinin
fəaliyyətini izləyəndə
görürəm ki, onlar əsasən Sukorun modelindən istifadə edirlər.
Onlar istehsala və distribusiyaya nəzarət edir, xırda oyunçuları biznesdən
sıxışdırıb çıxarırlar. Bu cür fəsadlarının
olmasına baxmayaraq, striminq platformaları çox effektli modeldir”.
***
Ola bilsin ki, striminq platforması ifadəsi sənətsevər
oxucunun qulağını
cırmaqlayır. Amma fəal internet istifadəçiləri
bunun məğzi ilə tanışdır.
Üstəlik, karantin mərhələsində
striminq məcburən
evinə qapanmış
ən müxtəlif peşə sahiblərini –
böyük bir auditoriyanı əhatə
edir.
Striminq – onlayn yayım axınıdır. İstifadəçinin provayderdən fasiləsiz olaraq aldığı musiqi, video və informasiya yayım axını striminq multimediasına aid edilir. Striminq bazarının böyük hissəsi kiberidman seqmentinə aiddir; geymerlər oyunların necə keçdiyini onlayn rejimində – canlı olaraq göstərirlər. Musiqi, kulinariya, səyahət, evdarlıq janrlarında və digər istiqamətlərdə çalışan videobloq müəlliflərini də strimer adlandırırlar.
Bir neçə mənbəni araşdırdıqdan sonra gəldiyimiz ortaq nəticə budur ki, striminq gələcəyin kütləvi informasiya vasitəsidir. Üstəlik, populyar striminq platformaları artıq məşhur rəqəmsal alət toplularına daxil olub, kiberidman bazarları və videooyun striminqi davamlı olaraq diqqət mərkəzindədir.
Bu gün sənət anlayışlarını, medianı özündə birləşdirən striminq platforma getdikcə maliyyə cəhətdən də söz, sənət bazarını ələ alır. Necə? Onların qazancı nədən çıxır?
Strimer müəllifləri və strim yayımçıları öz kanallarında bir neçə üsulla qazanc götürürlər. Bu yollardan biri və ən birincisi striminq platformalı tərəfdaşlıq proqramıdır: platformanı yaradanlar, onun sahibləri kənar reklam çarxını yayımlamağı təklif edərək populyar müəlliflərlə birgə çalışırlar. İkinci üsul birinci qədər gəlirli olmayan abunə üsuludur. Müəllifin strimlərini müşahidə edən istifadəçilər onun kanalına abunə olmaqla müəyyən bonuslar qazanırlar. Abunədən gələn qazancın bir hissəsi platforma sahibinə, qalan hissəsi isə strimerə çatır. Üçüncü yol da, istifadəçilərin, ya da yeni sahənin terminologiyası ilə desək, donatyorların birbaşa minnətdarlıq kimi strimerin hesabına köçürdükləri pul vəsaiti – donatlardır. Nəhayət, artıq ən köhnə qazanc üsuluna çevrilən reklamdır ki, strimerin kanalında yerləşdirilir.
***
Bir müdrik insan deyib ki, dünyadakı ən kiçik məişət ixtiralarından tutmuş insan həyatını yüngülləşdirən ən böyük kəşflərədək hər şeyi tənbəllər icad edib. Yəni, kimsə əti əl ilə döyməkdən elə bezib ki, ətçəkən maşını icad edib. Əslində, bu fikir mübahisəlidir. Çünki dünyada istənilən qədər tənbəl, çox enerji sərf edən fiziki məşğuliyyətdən, vaxtını ət döyməkdən daha maraqlı və faydalı işə sərf etmək istəyən adam tapmaq olar, amma ətçəkən maşının ixtiraçısı bir nəfərdir: baron Karl Drez. Başqa bir müdrik isə bu günümüzlə çox səsləşən bir fikir söyləyib: ağıllı fikirlər adamın ağlına çox danışdıqda yox, çox susduqda, öz-özü ilə tək qalarkən gəlir. Bu fikirlə mübahisə etməyə dəyməz. Bu gün biz də karantin rejimindəyik. Bəlkə milli kinomuzun yaxın gələcəkdə necə inkişaf edəcəyi barədə elə Hollivudun qayğısını çəkənlərlə birlikdə düşünək?...
Gülcahan
MİRMƏMMƏD
Mədəniyyət.- 2020.- 22
aprel.- S.5.