Mədəni irsin qorunması dövlət siyasətinin əsas istiqamətlərindəndir

 

“Abidələr xalqın daş yaddaşıdır. Onları qorumaq, abad saxlamaq və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur

 

Abidələr və tarixi yerlər xalqlara hər an onların milli kimliyini, nəyə qadir olduğunu xatırladır, vətən sevgisiona sadiqlik hisslərini aşılayır. Ölkəmizdə də yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Azıx mağarası, Qobustan kimi qədim yaşayış məskənləri Azərbaycanda ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir.

 

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov deyib.

 

Xidmətin rəisi bildirib ki, tarixin müxtəlif dövrlərində ölkəmizin ərazisində dövlətlərin yaranması ilə qədim şəhərlər salınıb, müdafiə tikililəri, əzəmətli qala divarları inşa olunub. Orta əsrlərə aid abidələr – Qız qalası, Möminə xatın, Qarabağlar, Gülüstan, Allah-Allah türbələri, Şirvanşahlar sarayı, Şəki Xan sarayı, Şuşa şəhərinin abidələri nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir.

 

Azərbaycan xalqının çoxəsrlik zəngin tarixi və mədəni irsinin daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayan Zakir Sultanov deyib: Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva istər ölkə daxilində, istərsə də xaricdə böyük işlər həyata keçirirlər. Mədəni irsin qorunması sahəsinə verilən önəm ölkə başçısının imzaladığı bir çox fərman və sərəncamlarda öz əksini tapıb və bu sahəni prioritet sahələrdən birinə çevirib. Tarix və mədəniyyət abidələrinin qorunması və mühafizəsi sahəsində kompleks işləri həyata keçirmək və əldə olunmuş nailiyyətlərin davamlılığını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli sərəncamı ilə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilib. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması işinin təkmilləşdirilməsi, abidələrin inventarlaşdırılması, pasportlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi, müasir tələblərə cavab verən məlumat bazasının yaradılması və sahəyə aid digər işlərin həyata keçirilməsi Dövlət Proqramının əsas istiqamətlərindəndir”.

 

Zakir Sultanov qeyd edib ki, bu işlərin həyata keçirilməsi ölkə başçısının müvafiq fərmanı ilə yaradılmış Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əsas məqsəd və vəzifələrindəndir. Prezidentin 22 oktyabr 2019-cu il tarixdə imzaladığı fərmana əsasən, Dövlət Xidmətinin beş regional idarəsinin yaradılması da daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirmək, idarəetmənin səmərəliliyini təmin etmək məqsədi daşıyır.

 

Xidmət rəisinin sözlərinə görə, Dövlət Proqramının əsas məqsədlərindən biri ölkə ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin yeni siyahısının tərtib edilməsidir. Belə bir siyahı ilk dəfə Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli qərarı ilə təsdiq edilib. 1981,1988 və 2001-ci illərdə siyahılar dövrün imkan və tələblərinə uyğun olaraq yenilənərək təsdiqlənib. Hazırda ölkə ərazisində 6308 abidə dövlət qeydiyyatına götürülüb. Həmçinin fizikihüquqi şəxslərin, arxeoloqların müraciəti əsasında 1500-dən çox abidə yeni aşkar olunmuş abidə kimi siyahıya alınıb.

 

Siyahının dəqiqləşdirilməsi üçün Dövlət Xidmətinin əməkdaşları tərəfindən ölkə ərazisində aparılan tarix-mədəniyyət abidələrinin monitorinqi başa çatdırılıb. Aparılmış işlər yalnız yeni siyahının hazırlanmasına xidmət etmir, həm də müasir tələblərə cavab verən məlumat bazasının yaradılması üçün əsas rol oynayır.

 

Z.Sultanov qeyd edib ki, Azərbaycanın zəngin mədəni irsinin qorunması məqsədilə Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında paytaxt Bakıda və bölgələrdə yerləşən onlarla tarix-mədəniyyət abidəsində bərpa-konservasiya və yenidənqurma işləri aparılıb. İşlərin yüksək peşəkarlıq səviyyəsində həyata keçirilməsi və beynəlxalq bərpaçılıq məktəbinin təcrübəsinin öyrənilməsi üçün bu prosesə yerli mütəxəssislərlə yanaşı xarici mütəxəssislər də cəlb edilir.

 

Arxeoloji irsin qorunması və öyrənilməsi istiqamətində də işlər davam etdirilir. Xüsusi əhəmiyyət kəsb edən tarixi ərazilərin qorunması və bu ərazilərdə xüsusi rejimin yaradılması məqsədilə ötən il ölkə başçısının sərəncamı ilə Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir şəhəri”, Ağsu rayonunun tarixi ərazisi “Orta əsr Ağsu şəhəri” tarix-mədəniyyət qoruqları elan edilib. Həmin sərəncamla qoruqların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi birləşdirilərək “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Nizami Gəncəvi Məqbərə Kompleksi isə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibində fəaliyyətlərini davam etdirəcək.

 

Respublika ərazisində təbii təsirlər, habelə insan fəaliyyəti nəticəsində üzə çıxmış arxeoloji abidələrin və digər maddi mədəniyyət nümunələrinin qorunması və tədqiqi, həmçinin, arxeoloji əhəmiyyətli digər ərazilərdə qabaqlayıcı tədbirlərin görülməsi və tədqiqatların aparılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası və digər müvafiq qurumlar ilə birgə qarşılıqlı işlər həyata keçirilir.

 

2016-cı ildən başlayaraq Qobustan Milli-Tarix Bədii QoruğundaYeni baxış” adlı layihə çərçivəsində aparılan çöl tədqiqat işləri nəticəsində ölkədə ilk dəfə 3D üsulundan istifadə olunaraq yeni qayaüstü rəsmlər aşkar olunub, Cingirdağda yerləşən petroqliflərin rəqəmsal məlumat bazası yaradılıb. Yerli ekspedisiyalarla yanaşı, beynəlxalq ekspedisiyaların da fəaliyyəti davam etdirilir. Hazırda “Aveyqoruğunda Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası, Qəbələ qoruğunda Azərbaycan-Koreya arxeoloji ekspedisiyası fəaliyyət göstərir.

 

Qorunma işinin kompleks şəkildə təmin edilməsi məqsədilə daşınmaz tarix və mədəniyyət abidələrinin milli pasportlarının hazırlanması və mühafizə zonalarının müəyyən edilməsi işidavam etdirilir. Ötən ildən Azərbaycanın işğal altında qalmış tarix-memarlıq abidələrinin pasportlarının hazırlanması işinə başlanılıb.

 

Xidmət rəisi bildirib ki, ölkə başçısının diqqət və qayğısı sayəsində Azərbaycanda tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində vacib addımlar atılır. Bu baxımdan son illər ölkəmizin nüfuzlu beynəlxalq konfranslara ev sahibliyi etməsi təsadüfi deyil. Ötən il bizim üçün ən yaddaqalan hadisə Dünya İrs Komitəsinin 43-ci sessiyasının Bakıda keçirilməsi və Şəkinin tarixi hissəsinin Xan sarayı ilə birgə UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi oldu.

 

Azərbaycanın vizit kartına çevrilmiş zəngin mədəni irsimizin beynəlxalq aləmdə təbliğində və tanıdılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi işlərin xüsusi əhəmiyyətini vurğulayan Z.Sultanov bu istiqamətdə Dövlət Xidmətinin müxtəlif beynəlxalq təşkilatlar, fondlarictimai birliklərlə əməkdaşlıq çərçivəsində anlaşma memorandumları imzaladığını və birgə layihələr həyata keçirildiyini deyib.

 

Dövlət Xidmətinin rəisi deyib: “Məlum olduğu kimi, hər il 18 aprel dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir.

 

Tarixi məkanların məhv olmaq təhlükəsi ölkəmizdən də yan ötməyib. Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə milli mədəniyyət abidələrimiz qəddarcasına dağıdılır. Bu gün Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycanın bir milyondan çox soydaşının məcburi köçkün həyatı yaşaması, işğal altındakı tarixi-dini abidələrimizin məhv edilməsi bütün regionda sülh və sabitliyə, eləcə də tolerantlıq ənənələrinin qorunmasına ciddi ziyan vurur. Abidələr xalqın daş yaddaşıdır. Onları qorumaq, abad saxlamaq və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur”.

 

Mədəniyyət.- 2020.- 22 aprel.- S.6.