Evdə qal, evdə yarat!

   

 

Müasir informasiya texnologiyaları sayəsində yaradıcı əməyi bütün dünya ilə paylaşmaq mümkündür

 

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Mədəniyyət Nazirliyinin “Evdə qal, evdə yarat” layihəsi çərçivəsində ölkə vətəndaşlarına videomüraciət edib.

 

Akademik Azərbaycanda koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar mövcud vəziyyət, Prezident İlham Əliyevin qətiyyətli addımları sayəsində görülən işlər, vaxtında həyata keçirilmiş tədbirlər nəticəsində bu virusa yoluxma sayının az olması, respublika daxilində əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi kimi məsələlərdən bəhs edib.

 

Dünyanın əksər ölkələrində tətbiq olunan karantin rejiminin iqtisadiyyata mənfi təsirlərindən danışan alim bildirib ki, məhdudiyyətlərin vaxtından öncə yumşaldılması xəstəliyə yoluxanların sayında artıma səbəb ola bilər. Vurğulayıb ki, Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunları ilə bağlı videokonfrans şəklində keçirilən müşavirədə çıxışı zamanı insanların sağlamlığını iqtisadi fəallıqdan üstün tutması onun Azərbaycan vətəndaşlarına diqqət və qayğısının bariz ifadəsidir.

 

Müxtəlif dövrlərdə baş verən epidemiyalar zamanı insanların həmrəylik nümayiş etdirməsinin vacib məsələlərdən olduğunu söyləyən R.Hüseynov belə dönəmlərdə dövlətlərin vətəndaşların qayğısına qalması ilə yanaşı, insanların da daha mütəşəkkil davranmasının önəmini qeyd edib. Alim əlavə edib ki, xəstəliklə mübarizə zamanı əsas şərt insanların intizamlı olmasıdır.

 

Karantin rejimi şəraitində yaradıcı insanların, xüsusən mədəniyyət və incəsənət xadimlərinin üzərinə böyük vəzifələr düşür”, – deyən R.Hüseynov Azərbaycanın müxtəlif rayonlarında yaşayan sənətkarların həmin bölgələrdə mikromühit yaradaraq mədəniyyət və incəsənətimizin inkişafına böyük töhfələr verdiklərini söyləyib. Qeyd edib ki, müasir texnologiyaların, internetin yaratdığı imkanlar sayəsində yaradıcı əməyin məhsullarını bütün ölkə, o cümlədən dünya ilə paylaşmaq mümkündür. O, mədəniyyət və incəsənət xadimlərini bu yolda səfərbər olmağa çağırıb.

 

Hər bir Azərbaycan vətəndaşına ruh və bədən sağlamlığı arzu edən akademik xalqımızın bu sınaqdan da tezliklə öz əqidəsi, intizam və mütəşəkkilliyi, bir-birinə mənəvi dayaq olması sayəsində uğurla çıxacağına əminliyini ifadə edib.

 

Mədəniyyət.- 2020.- 24 aprel.- S.7.