BXA-nın müəllimi Beynəlxalq Pedaqoji Akademiyanın üzvü seçilib

 

 

Bakı Xoreoqrafiya Akademiyasının klassik rəqs müəllimi, Əməkdar mədəniyyət işçisi Sergey Boqdanov xoreoqrafiya sənəti və təhsilində çoxillik məhsuldar fəaliyyətinə görə Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü seçilib. Bu barədə Bakı Xoreoqrafiya Akademiyasından məlumat verilib.

 

Məlumatda qeyd edilir ki, Sergey Boqdanov 1972-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1971-ci ildə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında balet artisti kimi yaradıcılıq fəaliyyətinə başlayıb və uzun illər teatrın solisti, balet truppasının rəhbəri və məşqçi-müəllim vəzifələrində çalışıb. 1986-cı ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan S.Boqdanov bir neçə nəsil balet artisti yetişdirib. Onların bir çoxu dünyanın ən mötəbər səhnələrində çalışır. Məzunları sırasında Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artist, beynəlxalq festivallar və müsabiqələr laureatı, Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrının aparıcı balet artistisolisti Timur Əsgərov, Rusiyanın Xalq artisti, professor, dövlət mükafatları laureatı Vyaçeslav Qordeyevin yaratdığı və bədii rəhbəri olduğu Moskva Dövlət “Rus Baleti” Teatrının aparıcı solisti Aleksandr Suldin və başqaları var.

 

Hazırda S.Boqdanov Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətinə davam ediryeni nəsil balet artistlərinin formalaşmasında yaxından iştirak edir.

 

Xatırladaq ki, Beynəlxalq Pedaqoji Akademiya 1992-ci ildə yaradılıb. MDB ölkələrinin 300-dən çox alim, müəllim və incəsənət xadimi akademiyanın üzvüdür.

 

Mədəniyyət.- 2020.- 24 aprel.- S.6.