“Naxçıvan makrotoponimlərinin linqvistik xüsusiyyətləri”
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin “Naxçıvan makrotoponimlərinin linqvistik xüsusiyyətləri” monoqrafiyası çapdan çıxıb.
Nəşrin baş məsləhətçisi akademik İsmayıl Hacıyev, elmi redaktoru professor Adil Babayev, rəyçisi AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevdir.
Dörd fəsildən ibarət monoqrafiyada qədim mənbələrdə Naxçıvan makrotoponimləri, bölgənin makrooykonimləri, makrooronim və makrohidronimlərinin linqvistik xüsusiyyətləri tədqiq olunub.
Araşdırmadan aydın olur ki, Naxçıvan makrotoponimləri, eləcə də tayfa adları ilə bağlı məlumatlar e.ə. I əsrin sonu, eramızın I əsrinin əvvəllərində yaşamış Strabonun “Coğrafiya” əsərində də əksini tapıb. Burada Araz çayının adı və Sakasena əyaləti ilə yanaşı, bu ərazilərin yerli sakinləri olan sak, qarqar, şirak, massaget, gel, lek, kaspi tayfaları qeyd edilib.
Monoqrafiyada Naxçıvan – Naxər ölkəsinin makrotoponimləri antik müəlliflərə, tarixi qaynaqlara istinadən təhlil edilib, yayılma arealı və ümumtürk onomastik vahidləri ilə müqayisəli araşdırılıb.
Mədəniyyət.- 2020.- 24
aprel.- S.7.