Mədəniyyət işçiləri üçün metodiki videoseminar
Pandemiya şəraiti və karantin rejimində mədəniyyət müəssisələrinin əhaliyə yeni növ xidmətlər təqdim etməsi bu istiqamətdə fəaliyyətin əlaqələndirilməsini və yeni metodiki üsulların müəyyən olunmasını zəruri edir.
Bu barədə aprelin 23-də Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə keçirilən mədəniyyət işçilərinin respublika metodiki vebinarında (videoseminar) söhbət açılıb.
Regional mədəniyyət idarələri təmsilçilərinin iştirakı ilə keçirilmiş videoseminar zamanı virtual xidmətlər, yeni səriştələr, mədəniyyət siyasəti, mədəniyyətin təbliğində yeni texnologiyaların rolu, fəaliyyətin qiymətləndirilməsində yeni meyarlar və sair bu kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
MEMİM-in elmi katib Cavid Əliyev 2015-ci ildə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun yaradılmasını, sosial təcridə qədər dövrdə təşkil olunan konfrans və seminarlarda gələcək konsepsiyalara dair mövzuların müzakirə olunmasını yeni çağırışlara nisbətən hazırlıq kimi qiymətləndirib.
Mərkəzin İncəsənət sahəsi ilə iş sektorunun müdiri Nadir Məmmədov sosial təcrid dövründə cəmiyyətin yüksək əhval-ruhiyyəsinin qorunub saxlanılması üçün mədəniyyət işçilərinin üzərinə düşən məsuliyyətdən bəhs edib.
Sumqayıt Regional Mədəniyyət İdarəsi Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun metodisti Səadət Nəcəfova və Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Telman Əzimov karantin dövrünün daha səmərəli keçirilməsindən söz açıblar.
Mərkəzin direktoru Asif Usubəliyev vebinarın əhəmiyyətindən danışarkən nazirlik tərəfindən bu istiqamətdə görülən işlər haqqında geniş məlumat verib. Mövzu ətrafında müzakirələr, o cümlədən pandemiyadan sonrakı dövrdə mədəniyyətin sosial və siyasi aktuallığının qorunması üçün görülə biləcək işlər ətrafında diskussiya aparılıb.
Mədəniyyət.- 2020.- 24
aprel.- S.2.