Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin yeni layihəsi
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi II Dünya müharibəsində qələbə naminə ön cəbhədə döyüşmüş, arxa cəbhədə önəmli işlər görmüş bəstəkarlarımız haqqında məlumatları və muzeydə mühafizə olunan materialları sosial şəbəkə hesablarından təqdim etməyə başlayıb.
İlk olaraq muzey yaradıcılığının çiçəklənən dövründə, çox gənc ikən azğın düşmənlə müharibədə qəhrəmancasına həlak olmuş istedadlı bəstəkar Məmməd İsrafilzadənin Üzeyir Hacıbəyliyə cəbhədən yazdığı məktubunu təqdim edib. Məktub 29.10.1942-ci il tarixdə yazılıb.
Cəbhədən
məktub
Çox hörmətli Üzeyir
əmi!
Dünən cəbhənin ön xəttində sakitlik olarkən bizə qəzet gətirdilər. Birdən mən sizin “Bəstəkarların yaradıcılığı” adlı məqalənizi gördüm və çox böyük maraqla oxudum. İki il əvvəl bu, mənim doğma işim idi. Hal-hazırda mən cəbhədə pulemyot bölməsinin komandiri – leytenantam. Vətən müharibəsi günlərində amansız döyüşlər vaxtı doğma respublika haqqında oxumaq çox xoşdur. 24.10.1942-ci il tarixli “Pravda” qəzetində bütöv bir səhifə respublikamıza həsr olunmuşdu. Burada yazmağa, musiqi ilə məşğul olmağa vaxt və imkan yoxdur. Amma fritsləri darmadağın etməyə vaxt tapılır.
İndi almanlar səngərdən çıxmağa belə qorxurlar. Bizim hissədə xeyli alman öldürən çoxlu snayperlərimiz var. Hazırda Böyük Oktyabr bayramına hazırlaşırıq. “N” hərbi hissəmizdə təşviqatçıyam, partiyaya daxil olmağa hazırlaşıram.
Əziz Üzeyir əmi!
Yəqin ki, siz Hacıyev Raufdan, Əmirov Fikrətdən məktub almısız. İftixarla və qürurla bəyan edirəm ki, sizin rəhbərliyinizlə Azərbaycan Bəstəkarlar İttifaqının gənclər bölməsinin üzvləri Hacıyev Rauf, Əmirov Fikrət, İsrafilzadə Məmməd Bəstəkarlar İttifaqının, Azərbaycan xalqının etimadını doğruldacaqlar.
Rahatlığımızı pozan qatı düşmənlərimizə qarşı daha güclü mübarizə aparacağıq. Bizim bölmənin döyüşçüləri, komandirləri, siyasi işçiləri sizə ön cəbhədən atəşin qəhrəmanlıq salamı göndərirlər.
Həmçinin, Bakının və Azərbaycanın neftçilərinə salamımızı göndəririk. Qoy daha çox slah, sursat hazırlasınlar, bəstəkarlar düşmən üzərində bəşəriyyətin qələbə simvolu olan musiqi yazsınlar.
Son damla qanımızadək döyüşəcəyik. Qoy bizim ata, analarımız, arxa cəbhədəki həmkar dostlarımız bizimlə fəxr etsinlər. Yalnız irəli, yalnız qələbəyə doğru.
Az.SSR Bəstəkarlar İttifaqının gənclər bölməsinin üzvü, gənc bəstəkar – leytenant Məmməd İsrafilzadə.
Döyüşən Ordu, 29.10.1942.
LALƏ
Mədəniyyət.- 2020.- 24
aprel.- S.5.