Kuklaçı sənətkar əbədiyyətə qovuşdu
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aparıcı aktyoru, Əməkdar artist Mansur Mansurov aprelin 22-də uzun sürən xəstəlikdən sonra 75 yaşında vəfat edib.
Azərbaycan milli kukla teatrı sənətinin inkişafında mühüm xidmətləri olan Mansur Əbdül oğlu Mansurov 13 avqust 1944-cü ildə Bakı şəhərində doğulub. Orta təhsilini 190 saylı məktəbdə alıb. Məktəb illərində Xalq artisti Lütfi Məmmədbəyovun rəhbərlik etdiyi xalq teatrına üzv olaraq sənət yolunda ilk addımlarını atıb. Sonra o vaxtkı Bakı Mədəni-Maarif Texnikumunun Aktyor-rejissorluq fakültəsində təhsil alıb (1963-1966), paralel olaraq Zirə kənd klubuna rəhbərlik edib. Bayıl və Tibb işçiləri mədəniyyət evlərinin xalq teatrlarında da çalışıb, həvəskar aktyorların yetişməsində böyük əmək sərf edib.
1970-ci ildən ömrünü Azərbaycan Dövlət Kukla Teatrına bağlayan səhnə ustası teatrın repertuarındakı onlarla tamaşada maraqlı obrazlar yaradıb, balaca tamaşaçıların sevgisini qazanıb.
Repertuarın əsasını təşkil edən tamaşalarda çıxış edən aktyor tamaşaçıların yaddaşında Ə.Səmədlinin “Cubbulunun çərpələngi” tamaşasında Div, A.Şaiqin “Tıq-tıq xanım”ında Siçan bəy, R.Əlizadənin “Dəcəl çəpişlər, belə-belə işlər” tamaşasında Cangüdən, E.Quliyev və A.Əbilovun “Dədə Qorqud” tamaşasında Ağsaqqal, N.Zamanov və M.Məmmədovun “Səfərin nağılı”nda Rəmmal, S.Marşakın “Bu ev kimin evidir?” tamaşasında Kirpi, Ə.Vəliyevin “Madarın dastanı”nda Vəzir, H.Ziyanın “Əkiz qardaşlar”ında Cin, X.Əlibəylinin “Cunquş” tamaşasında Vəli baba, Ü.Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasında Məşədi İbad, M.Seyidzadənin “Cırtan”ında Div və s. rolları ilə qalıb.
Teatrın xarici ölkələrə reallaşan qastrol səfərlərində, beynəlxalq festivallarda uğurlu iştirakında da M.Mansurovun əməyi var. O, 2012-ci ildə ölkə başçısının sərəncamı ilə respublikanın Əməkdar artisti adına layiq görülüb.
Ömrünün sonunadək bu teatrın səhnəsində çıxış edərək yetişən nəsillərin sənət zövqünün formalaşmasına xidmət edən Mansur Mansurovun xatirəsi sənət yoldaşları və onu sevən tamaşaçılarının qəlbində həmişəlik qalacaq.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2020.- 24
aprel.- S.5.