Bizi birləşdirən mədəniyyət”in ekran işığında

 

 

Layihənin növbəti telehəftəsi görkəmli bəstəkarlar Vasif Adıgözəlov və Xəyyam Mirzəzadənin yaradıcılığına həsr olunub

 

Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə təşəbbüsü ilə aprelin 1-dən start verilən “Bizi birləşdirən mədəniyyət” layihəsi müxtəlif proqram və təqdimatlarla davam edir.

 

Layihə çərçivəsində həyata keçirilən “Əbədiyaşarlarımız” adlı növbəti telehəftə (27 aprel – 3 may) görkəmli bəstəkarlar Vasif Adıgözəlov və Xəyyam Mirzəzadənin yaradıcılığına həsr olunub. Bu həftənin təqdimatlarında da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Milli Konservatoriyası, Akademik OperaBalet Teatrı, Akademik Musiqili Teatr, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsi və Azərbaycan Bəstəkarlar İttifaqı iştirak edir.

 

Həftə ərzində hər iki bəstəkarın zəngin yaradıcılığı təqdim olunur, operabalet musiqiləri, simfonik əsərləri, kamera əsərləri, mahnıları və s. səslənir. Bəstəkarların yaradıcılığına həsr olunan ilk verilişdə Azərbaycanı dünya opera səhnələrində uğurla təbliğ edən, La Skala Vokal Akademiyasına (İtaliya) qəbul olunan ilk azərbaycanlı ifaçı Azər Zadə və bariton, Prezident mükafatçısı Məhərrəm Hüseynov çıxış ediblər. Vokalçıları Əməkdar artist Nərgiz Əliyeva (fortepiano) müşayiət edib.

 

Xatırladaq ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin “Əbədiyaşarlarımız” adlı televiziya həftələri bundan öncə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Arif Məlikova həsr olunmuşdu.

 

Bizi birləşdirən mədəniyyət” silsiləsi çərçivəsində “Musiqi dərsi”, “Evdə  öyrən”, “Azərbaycan aşıqları”, “XX əsr Azərbaycan operetta inciləri”, “Opera dünyası”, “Sərhədsiz musiqi”, “Muğam ustadlari”, “Azərbaycan muzeyləri”, “Biz xalqın içindəyik”, “Bizim Bakı küçələri” kimi təqdimat və layihələr də davam etməkdədir.

 

Mədəniyyət.- 2020.- 29 aprel.- S.1;3.