Qalereyalar fəaliyyətini onlayn rejimdə davam etdirir

 

Mədəniyyət Nazirliyinə tabe olan dövlət rəsm qalereyaları da bu günlər fəaliyyətlərini mövcud şəraitə uyğun olaraq onlayn rejimdə davam etdirir.

 

Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən region qalereyalarının fəaliyyətinin təşkili işlərinə zəruri texniki dəstək göstərilir, onların əlaqəli fəaliyyəti təmin olunur, qalereya rəhbərləri ilə “Skype” üzərindən görüşlər keçirilir.

 

Qalereyanın direktoru Qalib Qasımov tərəfindən “Riskböhran dövrlərində qalereyaların idarəedilməsi”, “Bilgi menecmentinin əhəmiyyəti”, AMEA-nın əməkdaşı, fəlsəfə doktoru Ayaz Məmmədov tərəfindən “İnformasiya mübadiləsi, təhlil və əlaqələrin onlayn təminat vasitələri” mövzularında treninqlər keçirilib.

 

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyində müxtəlif şəhər və rayonlar üzrə 32 qalereya fəaliyyət göstərir. Sumqayıt, Neftçala, Qusar, Şirvan, Biləsuvar, Goranboy, Saatlı, Zaqatala, Ağstafa, Qazax, Tovuz, Şamaxı, İsmayıllı, Qəbələ, Masallı, Astara, Lerik, Cəlilabad və digər şəhərlərdə yerləşən dövlət qalereyaları tərəfindən ötən dövr ərzində mövcud imkanlar daxilində müxtəlif mövzuda onlayn sərgilər, rəssamların əsərlərinin təqdimatları, aksiyalar, rəssamların yaradıcılığına dair maarifləndirici videoçarxlar hazırlanıb.

 

Nazirlik tərəfindən başladılan “Evdə qal, evdə yarat!” təşəbbüsünə qoşulan Neftçala və Biləsuvar Dövlət Rəsm qalereyaları onlayn şəkildə layihələr təqdim ediblər. Qusar, Astara, Ağstafa, Qazax, Bərdə Dövlət Rəsm qalereyaları sosial şəbəkələr vasitəsilə virtual sərgilər təşkil ediblər.

 

Xüsusi karantin rejimi, həmçinin vətəndaşları evlərində asudə vaxtı səmərəli dəyərləndirməyə, mövcud elektron resurslardan, yeni layihələrdən istifadə etməyə sövq edir. Bu baxımdan Sumqayıt, Tovuz, Saatlı, LerikZaqatala Dövlət Rəsm qalereyalarının əməkdaşları tərəfindən hazırlanan maarifləndirici videoçarxlar, rəssamların həyat və yaradıcılığına həsr olunan müxtəlif layihələr, ustad dərsləri onlayn şəkildə sənətsevərlərə və həmin bölgənin insanlarına təqdim olunur.

 

Mədəniyyət.- 2020.- 29 aprel.- S.4.