Regional mədəniyyət idarələrindən xəbərlər

 

Koronavirus infeksiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi günlərində Mədəniyyət Nazirliyinin regional idarələri və yerlərdəki müəssisələrin əməkdaşları videokonfrans rejimi, distant çalışma, onlayn layihələr, eləcə də sosial təcrid nəzərə alınaraq reallaşdırılan təşəbbüslərlə fəaliyyətini davam etdirir.

 

Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Xan Şuşinski adına Ağdam Uşaq muğam musiqi məktəbi paytaxt sakinlərinə “Eyvana çıx” adlı onlayn konsert proqramı təşkil edib. Məktəbin direktoru Xətayə Cəfərovanın rəhbərliyində Əziz Mənsimli, Şaiq İbayevVüsal Müseyibzadə öz ifaları ilə çoxmərtəbəli binaların sakinlərinə xoş anlar yaşadıblar.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsi üzrə karantin müddətində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans keçirilib. İdarənin rəisi Vüqar Qədirov sosial izolyasiya müddətində musiqi məktəblərində distant dərslərin keçirildiyini, insanların asudə vaxtının səmərəli təşkili üçün virtual konsertlərin təşkil olunduğunu, həmçinin məktəblərarası, kitabxanalararası virtual müsabiqələrin elan edildiyini bildirib. Qeyd edib ki, karantin günlərində mədəniyyət müəssisələrində mütəmadi dezinfeksiya işləri aparılıb, yaşı 65-dən yuxarı olan mədəniyyət işçilərinə qayğı göstərilib, aztəminatlı ailələrə sovqat verilib.

 

Regional idarənin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov, Qazax rayonu üzrə nümayəndə Valeh Vəliyev, idarənin mətbuat katibi Xəyal Nağıyev və başqaları həyata keçirilən işlərdən danışıblar. Qeyd edilib ki, informasiya texnologiyalarından səmərəli istifadə və internet imkanlarının artırılması üçün  telekommunikasiya qovşaqlarına müraciət olunub.

 

Regional idarənin əhatə etdiyi uşaq musiqi məktəblərinin fəaliyyəti də videokonfrans vasitəsilə müzakirə olunub. İdarənin əməkdaşları müəllimləri maraqlandıran sualları cavablandırıblar, distant dərslərin keyfiyyəti və davamlılığı ilə bağlı videotəlimat təqdim olunub.

 

Ağstafa Regional Mədəniyyət İdarəsi karantin müddətində sakinlərdə xoş əhvali-ruhiyyə yaratmaq məqsədilə tədbirləri davam etdirir. TovuzQazax rayonlarında çoxmərtəbəli yaşayış binalarının sakinləri üçünMusiqili eyvan” adlı konsertlər təqdim edilib. Tovuzda Mədəniyyət mərkəzi və aşıq Əsəd Rzayev adına Musiqi məktəbinin, Qazaxda Mədəniyyət mərkəzi və 1 saylı Musiqi məktəbinin təşkilatçılığı ilə keçirilən eyvan konsertləri dinləyənlərin zövqünü oxşayıb.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Mingəçevir şəhər F.Qasımov adına İncəsənət məktəbinin “Banu” rəqs qrupu Türkiyədə 23 AprelMilli SuverenlikUşaq Bayramı münasibətilə onlayn şəkildə keçirilən beynəlxalq müsabiqədə uğurla iştirak edib. 9-12 yaş kateqoriyasında Nuray Həsənova və 13-15 yaş kateqoriyasında Təranə YolçuyevaEmil Yolçuyevin ifaları onlayn müsabiqədə 1-ci yerə layiq görülüb.

 

***

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi və tabe müəssisələr tərəfindən Ramazan ayının başlaması ilə əlaqədar 80-dən çox sosial qayğıya ehtiyacı olan ahıl və kimsəsiz, maddi imkanı zəif olan, həmçinin fiziki məhdudiyyətli insanlar ziyarət edilib, zəruri ərzaq yardımı göstərilib.

 

***

 

Sosial şəbəkələrdə “Evdə qal, musiqidən qalma” aksiyası çərçivəsində onlayn konsertlər verən sənətçilərə bədii qiraətçilər də qoşulub.

 

Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “Evdə mədəniyyətimizi yaşadaq” və “Mədəniyyət birlikdir” layihələrinə qoşulan Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin aparıcı metodisti, bədii qiraət ustası Nazilə Qafarova “Həyat poeziyadır” adlı onlayn canlı bədii qiraət axşamını “Facebook” səhifəsi üzərindən  izləyicilərə təqdim edib. Təqdimatda o, S.Vurğunun, S.Rüstəmin, M.Yaqubun, C.Novruzun, N.Kəsəmənlinin şeirlərini, habelə özünün qələmə aldığı “Həkim” şeirini səsləndirib.

 

Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Balakən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə rayonun musiqiçiləri sakinlərə “Qubekhotelinin eyvanından canlı konsert proqramı təqdim ediblər. Mədəniyyət Mərkəzinin təşkilatçısı Elman Əzimov, Talalar kənd Sənətkarlıq evinin bədii rəhbəri Rasim Əliqayev və Mahamalar kənd Folklor evinin bədii rəhbəri Burhan Rəşidovun ifasında bəstəkar və xalq mahnıları sakinlər tərəfindən rəğbətlə qarşılanıb.

 

Nurəddin MƏMMƏDLİ

 

 

Mədəniyyət.- 2020.- 29 aprel.- S.4.