“Bizi birləşdirən
mədəniyyət” layihəsində konsertlər
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının aprelin 1-dən etibarən birgə reallaşdırdığı “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzindən (BMM) növbəti canlı konsert proqramı təqdim olunub.
Layihənin “Əbədiyaşarlarımız” adlı təqdimatının buraxılışı görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun yaradıcılığına həsr edilib.
Canlı yayımda BMM-in solistləri Ayşən Mehdiyeva və Sərxan Bünyadzadə çıxış ediblər. Solistlərin ifasında muğamlarımız, xalq mahnıları və təsniflər səsləndirilib. Verilişə qonaq olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistri, rəssam Röya Həsənova layihəyə töhfə olaraq Arif Məlikovun portretini təqdim edib.
“Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində aprelin 25-də BMM-dən yayımlanan növbəti canlı proqramın qonaqları Xalq artisti Nurəddin Mehdixanlı və Əməkdar artist Aybəniz Haşımova olub.
Nurəddin Mehdixanlı bildirib ki, karantin günlərində xalqımızın birlik nümayiş etdirməsi, pandemiyanın geniş yayılmasının qarşısının alınması Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında qəbul edilən qərarların nəticəsidir: “Biz sənət adamları da öz növbəmizdə bir olmağı, insanlara ümid verməyi bacarmalıyıq”.
Aktyor həmçinin çalışdığı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırlanan yeni tamaşalardakı rolları haqqında tamaşaçılara məlumat verib.
Aybəniz Haşımova sənət yolu və sosial izolyasiya günlərində fəaliyyəti ilə bağlı danışıb. Müğənni vaxtilə çalışdığı “Dan ulduzu” instrumental ansamblı ilə bağlı xatirələrini də bölüşüb.
Verilişin qonaqları yaradılan şəraitə görə layihənin təşkilatçılarına minnətdarlıq ediblər.
Qeyd edək ki,
“Bizi birləşdirən mədəniyyət”
layihəsinin çəkilişləri həftənin üç günü “Mədəniyyət”
kanalı ilə canlı olaraq Beynəlxalq
Muğam Mərkəzindən
yayımlanır. Canlı yayımlar eyni zamanda BMM-in “Facebook” səhifəsindən də
təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən
BMM-in sosial şəbəkə
səhifələrində izləyicilərə
təqdim olunur.
Karantin günlərində
BMM-in “Unudulmayanlar” layihəsi
də sosial şəbəkə hesabları
vasitəsilə davam etdirilir. Layihənin koordinatoru Gülhüseyn Kazımlı
və musiqişünas,
professor Nailə Rəhimbəyli
muğam sənəti
tariximizdə iz qoyan Keçəçioğlu
Məhəmməd, “Azərbaycan
tarının atası”
adlandırılan Sadıqcan
və ustad xanəndə Xan Şuşinskinin yaradıcılığını
əsk etdirən videotəqdimatlarla çıxış
ediblər. Həmçinin xanəndələrin ifalarından nümunələr
təqdim olunub. Layihə izləyicilər tərəfindən
maraqla qarşılanır.
“Bizi
birləşdirən mədəniyyət”
layihəsinin məqsədi
insanları incəsənətə,
muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz,
muğam korifeylərimizi
böyük auditoriyaya
tanıtmaqdır.
LALƏ
Mədəniyyət.- 2020.- 29
aprel.- S.3.