Muzeylərin virtual
layihələri
Xüsusi karantin rejimində insanların evdə asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə Mədəniyyət Nazirliyi və Gənclər Fondu tərəfindən reallaşdırılan “Muzeylərə virtual səyahət” layihəsi üzrə təqdim olunan növbəti videoçarxda Azərbaycan Milli Xalça Muzeyindən bəhs edilib.
Xalça Muzeyi də öz sosial şəbəkə hesabından təqdimatlarını davam etdirir. “Xalça məmulatları kolleksiyamızdan” adı ilə fondda olan eksponatlar haqqında məlumatlar paylaşılır. Bu dəfə muzeyin sosial şəbəkə səhifəsində İCOC-un (İnternational Conference on Oriental Carpets – Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) Akademik Komitəsinin sədri, memar Alberto Boralevi və onun Quba xalçaları qrupuna daxil olan “Zeyxur” xalçasının tarixi haqqında çıxışı yerləşdirilib.
İtaliyalı ekspert hələ sovet dönəmindən dəfələrlə Azərbaycanda təşkil olunan xalça konfranslarında iştirak edib. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasının zənginləşməsində onun da rolu var. A.Boralevi 2017-ci ildə Bakıda keçirilən Azərbaycan xalçası üzrə V Beynəlxalq simpoziumun həmsədri olub.
Bundan əlavə, Xalça Muzeyi tərəfindən sosial şəbəkə hesablarından izləyicilərə viktorinalar da təqdim edilir.
***
Azərbaycan Milli İncəsənət Muzeyinin “Facebook” səhifəsində “Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından yapon incəsənəti” adlı təqdimat yerləşdirilib. Eləcə də gün ərzində onlayn viktorinalar, muzeyin kolleksiyasında əsərləri qorunan rəssamların həyat və yaradıcılığı ilə bağlı paylaşımlar edilir.
***
Musiqi Mədəniyyəti Dövlət Muzeyi “Dinləyin, bizdə nələr vardır” layihəsində bu mədəniyyət ocağında nümayiş olunan və muzeyin Qədim musiqi alətləri ansamblında yer alan alətlərdən söz açılır.
“Mədəniyyət” kanalı və Mədəniyyət Nazirliyinin “Bizi birləşdirən mədəniyyət” layihəsi üzrə “Arif Məlikov həftəsi” çərçivəsində muzeyin kolleksiyasından görkəmli bəstəkara aid materiallar onlayn təqdim edilib. Muzeyin “Zövqlə ifa et” layihəsində isə ötən həftə A.Məlikovun əsərlərinin notları nümayiş olunub.
***
Muzey Mərkəzi tərəfindən 2015-ci ildə təşkil edilən III Bakı Beynəlxalq Kukla Biennalesi, 2007-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, rəssam Sara Manafovanın yubileyi və xatirə sərgisi, eləcə də 2015-ci ildə “Avropa haqqında düşüncələr” adlı sərginin videomaterilları izləyicilərə təqdim edilib.
***
Milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin ev-muzeyi də karantin günlərində fəaliyyətini onlayn rejimdə qurub. Bu günlərdə muzey tərəfindən onlayn rəsm müsabiqəsi elan edilib. Müsabiqəyə qatılmaq istəyənlər “Biz qalib gəldik, çünki həqiqət bizimlə idi” adı altında çəkdikləri rəsmləri may ayının 1-dək muzeyin “Facebook” səhifəsinin mesaj bölməsinə göndərə bilərlər.
Bəyənilən rəsmlər muzeyin sosial şəbəkə səhifələrində qalibin adı yazılmaqla yerləşdiriləcək. Koronavirus infeksiyası bitdikdən sonra ev-muzeyində qalib şəxsin çəkdiyi rəsmlər sərgilənəcək.
Müsabiqə istedadlı uşaq və gənclərin bacarıqlarını üzə çıxarmaq, onların yaradıcılığının dəstəklənməsi, yetişməkdə olan nəslin təsviri sənətə marağının daha da artırılması məqsədilə keçirilir.
L.AZƏRİ
Mədəniyyət.- 2020.- 29
aprel.- S.3.