Milli filmlərimiz hər gün ekranlarda
Bu günlər koranavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir.
Mədəniyyət və incəsənətimizin bütün zənginliyinin müasir informasiya texnologiyaları vasitəsilə, eləcə də televiziya və radio efirindən əhaliyə dolğun şəkildə çatdırılması üçün tədbirlər görülür.
Bu istiqamətdə daha bir addım olaraq, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ölkəmizin bütün televiziya kanallarında “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bədii filmlərin nümayiş etdirilməsinə şərait yaradılıb.
Xatırladaq ki, kinofilmlərin telekanallar vasitəsilə nümayişi müvafiq icazəni nəzərdə tutan normativ qaydalarla tənzimlənir. Sözügedən təşəbbüslə telekanallara “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyinə müraciət edərək ödənişsiz olaraq milli filmləri sərbəst şəkildə nümayiş etdirmək imkanı verilir.
Bu günləri evimizdə, ailəmizlə birlikdə keçirməklə – özümüzü, yaxınlarımızı və bütövlükdə xalqımızı bəladan qorumuş olarıq. Mədəniyyətimizin zəngin qolu olan Azərbaycan kinosunun müxtəlif janr və mövzularda çəkilmiş dəyərli nümunələri, hər zaman sevərək izlədiyimiz ekran əsərləri indi hər gün televiziya kanallarında evlərimizə qonaq gəlir. Sağlıqlı sabahımız naminə evdə qalaq, mədəni irsimizlə, incəsənətimizlə bir daha yaxından təmasda olaq.
Mədəniyyət.- 2020.- 7 aprel.-
S.3.