“TRT Avaz”da Tağıyevə həsr edilmiş
sənədli film
Sedat Sağırkaya:
“Qoy gələcək nəsillər belə bir şəxsiyyəti
daha yaxından tanısınlar”
Türk dünyasının ortaq televiziya kanalı olan “TRT Avaz” qurulduğu gündən etibarən müxtəlif layihələrlə gündəmə gəlir.
Bu layihələrdə Azərbaycanın tarix və mədəniyyətinə də mühüm yer ayrılır. Kanalda həmçinin Azərbaycanın tanınmış şəxsiyyətləri, mütəfəkkirləri, türk dünyasında xüsusi xidmətləri olan insanlarla bağlı layihələr də gerçəkləşdirilir.
Bu günlərdə kanalda yayımlanan “Köklərin izində” sənədli serialının 20-ci bölümü də belə layihələrdən biridir. Film Azərbaycanın tanınmış milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevdən bəhs edir.
Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun ssenari müəllifliyi ilə ekranlaşdırılan filmdə Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən söz açılır, onun uzaqgörən qərarları, Azərbaycan milli mətbuatının inkişafı, təhsil və maarifçilik işlərinə göstərdiyi dəstək, Bakının abadlaşması naminə gördüyü işlər barədə tamaşaçılara məlumat verilir.
“TRT Avaz”ın koordinatoru Sedat Sağırkaya filmin uğurlu alındığını deyir: “Hacı Zeynalabdin Tağıyev bütün sərvətini xalqa, onun maariflənməsinə həsr edib. Birinci Dünya müharibəsi zamanı Şərqi Anadolu bölgəsinə böyük yardımları olub. Layihə türk dünyasına böyük xidmətləri olmuş bu insana vəfa borcumuzdur. Qoy gələcək nəsillər belə bir şəxsiyyəti daha yaxından tanısınlar”.
S.Sağırkayanın sözlərinə görə, Azərbaycanın tanınmış şəxsiyyətləri ilə bağlı layihə davam etdiriləcək: “Layihə ilə bağlı məsləhətçi heyətimiz fəaliyyət göstərir. Məsələn, bundan öncə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq “Əhməd Cavad” sənədli filmini hazırlayıb nümayiş etdirdik. Məncə, filmdə Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərini Əhməd Cavadın həyatı timsalında çox gözəl anlada bilmişdik. İnanıram ki, Azərbaycanla Türkiyə arasında bu qardaşlıq daha da güclənəcək və biz televiziya sahəsində çox önəmli işlər görəcəyik. “TRT Avaz”da Azərbaycanla bağlı bir çox layihələr həyata keçirilib və bu iş davam edəcək”.
Yaqub Öməroğlu isə bildirdi ki, filmdə Tağıyevin Azərbaycanda maariflənməyə, inkişafa verdiyi dəstəkdən xüsusi bəhs edilir: “Bildiyimiz kimi, Zeynalabdin Tağıyev Azərbaycanda ziyalı hərəkatına böyük töhfələr vermiş şəxsiyyətlərdəndir. Özü təhsil almasa da, açdığı məktəblər, qəzetlərlə, teatra, incəsənətə dəstəyi ilə milli hərəkata yardım etmiş bir insandır. Bu səbəbdən biz onun da adının “Köklərin izində” silsiləsində yer almasını vacib bildik. Türkiyədə bu şəxsiyyətlə bağlı ciddi elmi qaynaqlar mövcuddur. Məsələn, universitetlərdə onun haqqında elmi işlər müdafiə olunub. Filmin ssenarisi və mətnini də bu qaynaqlar əsasında yazdıq”.
Y.Öməroğlunun fikrincə, gələcəkdə Tağıyev haqqında daha böyük və çoxseriyalı sənədli film çəkilməlidir: “Filmdən məmnun qaldım. Lakin izləyənlər də görəcəklər ki, sonda onun etdiyi xidmətlərin yalnız adlarını çəkməklə kifayətlənmişik. Çünki həyat və fəaliyyəti zəngin olan belə bir şəxsiyyət çoxseriyalı bir filmlə ətraflı anladıla bilər. Gələcəkdə belə bir filmin çəkilməsini istərdim. Çünki həm yaşadığı dövrdə, həm də bu gün Tağıyev kimi şəxsiyyətlər azdır. Gördüyü işlərlə, dəstək verdiyi layihələrlə nümunəyə çevrilən bu iş adamı həm də türk iş dünyasına nümunədir və təbliğ olunmalıdır. Bizə belə bir filmin ərsəyə gətirilməsinə şərait yaratdığı üçün “TRT Avaz” kanalına minnətdarlığımı bildirirəm”.
Sənədli filmdə böyük xeyriyyəçinin fəaliyyəti barədə Türkiyənin Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Babanın fikirləri də yer alıb. Qeyd edək ki, 2015-ci ilin fevral ayında Ankarada “Hacı Zeynalabdin Tağıyev və Qafqaz İslam Ordusunun qəhrəmanları” mövzusunda keçirilən konfrans da Əhməd Babanın təşəbbüsü ilə baş tutub: “Dərnək olaraq milli mücadilə adamlarını, seçilən şəxsiyyətləri yenidən millətimizə xatırlatmaq üçün “Xatırlatmaq, vəfa və şükran” başlığı ilə toplantılar keçiririk. 2015-ci ildə keçirdiyimiz konfransda da hər iki ölkədən deputatlar, elm və mədəniyyət xadimləri, Hacı Zeynalabdin Tağıyevin qohumları iştirak edirdi. Elm adamlarının məruzələri kitab şəklində çap edildi. Azərbaycan üçün böyük xidmətləri olan, sərvətini xalqının inkişafı üçün xərcləyən, Birinci dünya müharibəsində əsir düşən Osmanlı əsgərlərinə yardım edən Hacı Zeynalabdin Tağıyev və onunla yanaşı Qafqazda bizimlə eyni taleyi paylaşan mücadilə adamlarını, Nuru paşaları, Xəlil paşaları, millətin qəhrəman övladlarını, Qafqaz İslam Ordusunu anmaq, xatırlamaq bizim üçün bir milli vəzifədir”.
Ə.Baba filmin maarifçi istiqamətinə, cəmiyyətə göndərdiyi mesaja da toxundu: “Filmdə Tağıyevin timsalında bu gün bütün türk dünyasına vətənsevər bir iş adamının necə olması təbliğ olunur. O, sovetlər dövründə bütün əmlakı müsadirə olunduğu halda vətənindən ayrılmağı heç düşünməyib. Türk millətinin önəmli xüsusiyyətlərindən biri də vəfadır. Belə bir vətənsevər iş adamını bütün türk dünyasına yaxından tanıtmalıyıq”.
Filmdə həmçinin yazıçı Mina Tansel və başqaları tarixi faktlar və rəsmi sənədlər əsasında böyük xeyriyyəçinin tarixi fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycan xalqının milli oyanışında böyük əməyi olan Hacı Zeynalabdin Tağıyevin adı müasir Azərbaycan dövlətində sevimli tarixi şəxsiyyət kimi uca tutulur.
Mehparə SULTANOVA
Ankara
Mədəniyyət.- 2020.- 7 aprel.-
S.1;8.