İstedadlı musiqiçi,
qayğıkeş müəllim
Üzeyir Hacıbəylinin sənət işığından od alan, musiqi mədəniyyətimizin inkişafı yolunda zəhmətlərə qatlaşan neçə-neçə sənətkarımız olub. Tanınmış musiqi təşkilatçısı, bəstəkar, pedaqoq, Əməkdar incəsənət xadimi Qılman Salahov da belə musiqi xadimlərimizdəndir.
Qılman Balaməmməd oğlu Salahov 16 mart 1906-cı ildə Bakının Balaxanı kəndində anadan olub. Kiçik yaşlarında atasını itirən Qılman dayısı, tarzən Ağanəsimin himayəsində qalır. Dayısının tar çalması onda musiqiyə maraq doğurur. Dayısı Qılmanın musiqiyə sevgisini görüb, onu Üzeyir Hacıbəylinin yanına aparır. Dahi bəstəkar ona violonçel alətində Leopold Rostropoviçin (Mstislav Rostropoviçin atası) sinfində oxumağı məsləhət görür.
Qılman
bir il
həmin sinifdə təhsil alır. Üzeyir bəy bu alətdə ifa etməyin uşaq üçün ağır olduğunu görür və ona iş otağında
saxladığı kamançasını
verir. Beləliklə, Qılman Salahovun
kamança sevgisi başlayır. O, Üzeyir
bəyin yaratdığı
Azərbaycan Dövlət
Türk Musiqi Məktəbinin (Azərbaycan
Dövlət Konservatoriyasının
nəzdində Musiqi Kolleci) kamança sinfində təhsilini davam etdirir.
Görkəmli tarzən Əhməd Bakıxanov 1927-ci ildə
“Solistlər” ansamblını
(Musiqi Texnikumunun nəzdində) yaradır. Q.Salahov da
ansamblın üzvü
kimi kamançada ifa edir. 1936-cı ildə Ü.Hacıbəylinin təklifi
ilə Mahnı və rəqs ansamblının bədii rəhbəri olur. O,
kollektivlə mütəmadi
olaraq bölgələrə
gedir, istedadlı gəncləri ansambla cəlb edir. Üzeyir bəyin məktəbini keçən Q.Salahov da xalq mahnı
və rəqslərini
toplayır və nota salır.
1938-ci ildə Moskvada
keçirilən Azərbaycan
mədəniyyəti və
incəsənəti ongünlüyündə
Q.Salahovun rəhbərlik
etdiyi Mahnı və rəqs ansamblı da çıxış edir. Uğurlu çıxışdan
sonra kollektivə dövlət ansamblı statusu verilir. Üzeyir bəyin təklifi ilə kamança ifaçısı Moskvada
keçirilən I Ümumittifaq
ifaçılıq müsabiqəsində
iştirak edərək
laureat olur.
Araşdırmalarda qeyd edilir ki,
1958-ci ildə Azərbaycan
Dövlət Mahnı
və Rəqs Ansamblı 4 ay Çində
qastrol səfərində
olur. Qastrol konsertlərində
ansamblın üzvləri
- xalq artistləri Rübabə Muradova, Əminə Dilbazi, Roza Cəlilova, eləcə də Böyükağa Məmmədov,
Əlibaba Abdullayev uğurlu çıxışları
ilə tamaşaçıların
rəğbətini qazanır.
Konserti dinləyənlərin arasında
Çinin Dövlət
Şurasının sədri
(Baş nazir) Cjou Enlay da
olur. O, ansamblın
üzvləri ilə görüşür və
kollektivin daha 10 gün də Çində qalmasını
xahiş edir. Ansambl Çindən Monqolustana dəvət edilir. İncəsənət ustalarımız
20 gün də Monqolustanda uğurlu konsertlər verirlər...
Q.Salahov kamança ifaçılığı
ilə yanaşı, ansambl üçün bir sıra mahnılar
və rəqslər yazıb. Onun “Nəlbəki”,
“Qaval”, “Naz eləmə” və s. rəqsləri maraqla qarşılanıb. “Qaval” və “Naz eləmə” rəqsləri Xalq artisti Əminə Dilbazinin ifasında böyük populyarlıq qazanıb. “Naz
eləmə” rəqsi
görkəmli rejissor
Tofiq Tağızadənin
çəkdiyi “Əmək
və qızılgül”
filmində lentə alınıb. Onun “Bulaq başında” süitası, “Azərbaycan
toyu”, “Dədə Qorqud” tamaşalarına yazdığı musiqilər
maraqla qarşılanıb.
Q.Salahovun “Könül verdim”,
“Bir dənəsən”
mahnıları tanınmış
müğənnilərin ifasında
könülləri oxşayıb.
Q.Salahovun
Niyazi və Andrey Babayevlə birlikdə yazdığı
“Bir bağçanın
çiçəkləri” əsəri Azərbaycan Dövlət Televiziya və Radiosunun “qızıl fond”unda saxlanılır.
Tanınmış musiqi xadimi rəhbərlik
etdiyi ansamblın inkişafı üçün
yorulmadan fəaliyyət
göstərib. Kollektivin nəzdində yaratdığı
“Sazçı qızlar”
ansamblı musiqi ictimaiyyətinin yaddaşında
dərin iz qoyub.
Görkəmli bəstəkar Ağabacı Rzayevanın bacısı Ruqiyyə Rzayeva Q.Salahov haqqında qələmə aldığı məqaləsində yazır: “Qılman Salahov istedadlı musiqiçi olmaqla bərabər, həm də qayğıkeş müəllim idi. O, Asəf Zeynallı adına Musiqi Texnikumunda kamança üzrə not sinfində dərs deyirdi. Qayğıkeş müəllim sənətin sirlərini yorulmadan, həvəslə bizə öyrədərdi. Məktəbdə dərslərimiz çox ciddi keçərdi. Bəzən lazım gələndə saata baxılmazdı. Fortepianoda çalmaq üçün mənə hər dəfə təzə əsər verərdi. Mən isə onu çox asanlıqla çalardım. Deyərdi ki, sənə çox məəttəl qalmışam. Notu üzündən çox yaxşı oxuyursan”.
Əməkdar artistlər Tələt Bakıxanov, Hafiz Mirzəbəyov, Firuz Əlizadə və başqaları Q.Salahovun tələbələri olub. Görkəmli xanəndə Cabbar Qaryağdıoğlu yaşının müdrik çağlarında Qurban Pirimov və Q.Salahovun müşayiəti ilə oxuyub. Onun kamançada müşayiəti ilə sonralar Xan Şuşinski, Zülfi Adıgözəlov, Seyid Şuşinski, Rübabə Muradova, Şövkət Ələkbərova kimi məşhur xanəndələr el şənliklərində konsertlər veriblər.
Üzeyir Hacıbəyli məktəbinin layiqli yetirməsi, Əməkdar incəsənət xadimi Qılman Salahov 12 oktyabr 1974-cü ildə vəfat edib.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2020.- 7 aprel.-
S.6.