Teatrların tamaşaçılarla onlayn
ünsiyyəti
Koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin günlərində Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında teatrlar internet üzərindən tamaşaların nümayişini davam etdirir.
Bu günlər teatrlarımız da, digər yaradıcılıq kollektivləri kimi, insanların karantin tələblərinə riayət edib evdə qalması və eyni zamanda vaxtını səmərəli dəyərləndirməsi üçün imkanlarını əsirgəmirlər. Bizə isə internetə qoşulub evdə tamaşaları izləmək qalır.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi
Cavid Zeynallının sözlərinə
görə, əvvəlcədən müəyyən edilmiş virtual repertuara uyğun olaraq, tamaşalar saat 12:00 və 19:00-da teatrın “Facebook” ünvanında təqdim olunur. Aprelin 2-dən etibarən tamaşalar Akademik Milli Dram Teatrının «Youtube» kanalında da yayımlanır. Aprelin 3-dən isə teatrın azdrama.az ünvanlı saytında da yayım həyata
keçirilir: “Sevindirici
haldır ki, tamaşalar ölkə daxilində olan teatrsevərlərlə bərabər
müxtəlif ölkələrdə
yaşayan soydaşlarımız
tərəfindən də
izlənilir. Biz teatr olaraq təkcə
bu günlərdə yox, koronavirus pandemiyasından əvvəl
də elektron resurslar, sosial şəbəkələr üzərindən
təbliğat işini
prioritet istiqamət kimi qəbul etmişik və bu istiqamətdə işimizi təkmil qurmağa çalışmışıq.
Əlavə olaraq deyə bilərəm ki, hazırda “Youtube” kanalımızın
imkanlarının, arxivinin
daha da genişlənməsi
istiqamətində iş
aparılır. Aprel ayı
üçün virtual repertuarda
ümumilikdə 30 tamaşanın
nümayişi planlaşdırılır.
Hər kəsi karantin günlərində evdə
qalmağa, özünü
və yaxınlarını
qorumağa çağırırıq”.
Azərbaycan Dövlət Akademik
Musiqili Teatrının
mətbuat katibi Fəridə Rüstəmova
qeyd edir ki, xüsusi karantin günlərində
sənət ocağı
evlərində olan tamaşaçılara onlayn
xidmət edir: “Karantin günlərində
teatrımızın istedadlı
aktyorları
evdə videogörüntü
vasitəsilə oynadıqları
obrazları, oxuduqları
partiyaları nümayiş
edirlər, ən əsası, teatrımızın
fondunda olan köhnə, sevilən tamaşalarımızı sosial
şəbəkə vasitəsilə
təqdim edirik və onların izlənmə sayı isə həmişəki kimi yüksəkdir”.
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının
mətbuat xidmətinin
rəhbəri Pərvin
Nurəliyeva da bildirdi ki, bu
çətin günlərdə
teatrın kollektivi tamaşaçıları evdə
qalaraq vaxtlarını
səmərəli keçirmələri
üçün imkanlarını
əsirgəmir: “Yaradıcı
heyətimiz tərəfindən
evdə videolar çəkilir, biz də öz sosial şəbəkə səhifələrimizdə
onları tamaşaçılarımızla
paylaşırıq. Bundan əlavə,
mütəmadi olaraq “Youtube”da yerləşdirilmiş
həm uşaq, həm də böyüklər üçün
olan tamaşalarımızı
sosial şəbəkələrdə
paylaşırıq. Eyni zamanda
onlayn rejimdə tamaşaçıların müraciətlərini
cavablandırırıq və
çox xoş hadisədir ki, bu çətin gündə insanlarda ruh düşkünlüyü
olmur və paylaşdıqlarımızı sevə-sevə izləyirlər”.
HƏMİDƏ
Mədəniyyət.- 2020.- 7 aprel.-
S.1;3.