Urmiyadan Bakıya uzanan sənət yolu
Bu günlərdə fəlsəfə
doktoru İmran Axundovun “Fatma Muxtarova” adlı monoqrafiyası ilə tanış oldum. Altı fəsildən ibarət olan monoqrafiyada Azərbaycanın Xalq artisti, ilk peşəkar
opera müğənnilərimizdən biri, metso-soprano Fatma Muxtarovanın həyatı, yaradıcılığı,
həmçinin müxtəlif
şəhərlərin opera səhnələrində ifa
etdiyi mürəkkəb
partiyalar geniş şəkildə tədqiq
və təhlil olunur.
Görkəmli opera müğənnisi Fatma Abbas qızı Muxtarova 26 mart 1893-cü ildə
Cənubi Azərbaycanın
Urmiya şəhərində
doğulub. Kiçik yaşlarından ailəsi ilə birlikdə Rostova, sonra isə Peterburqa köçüb.
Burada atası Abbas Rzayev vəfat edəndən sonra anası Sara xanım Səttar Muxtarov adlı bir nəfərlə
ailə həyatı qurub. 1910-cu ildə
ailə Saratova köçüb. Fatma Muxtarova
şarmanka musiqi alətində küçələrdə
mahnılar oxumaqla qazandığı pulla ailəsinin dolanışığına
yardım etməyə
çalışırdı. Onu Saratovda “Katya Muxtarova” və ya “Şarmankaçı Katya” olaraq tanıyıblar.
İmran Axundovun monoqrafiyasının
birinci fəsli “Küçə müğənnisinin
həyatı və
ilk təhsil illəri”
adlanır. Bu fəsildə
tarixi mənbələrə
istinadla Fatma Muxtarovanın çətin,
əzablı həyat
yoluna ətraflı nəzər salınır.
Fitri istedadını böyük sənətdə reallaşdırmaq
arzusu ilə yaşayan Fatma Muxtarova “Saratovski listok” qəzetinin baş redaktoru Nikolay Arxangelski ilə tanışlığı
sayəsində bu yolda ilk addımı ata bilir. Baş redaktor
musiqi məktəbində
onun üçün xeyriyyə konserti təşkil edir və konsertdə toplanan pullar Fatmanın Saratov konservatoriyasında
təhsilə başlamasına
kifayət edir.
Monoqrafiyanın “Yaradıcılığının başlanğıc dövrü”
adlı ikinci fəslində Fatma Muxtarovanın 1913-cü ildə
ilk dəfə Bakıya
gəlməsindən, burada
iştirak etdiyi konsertin müvəffəqiyyətindən
söz açılır. “Kaspi” qəzetinin 21 iyun
1913-cü il tarixli sayında konsert barədə məlumat dərc olunur.
Konservatoriyada iki il
təhsil alan Fatma Muxtarova Saratovdan Moskvaya gedir və orada
məşhur musiqiçi
Fyodor Şalyapinlə tanış
olur. Konservatoriyanı
bitirdikdən sonra o, Moskva, Saratov, Sankt-Peterburq,
Kiyev, Xarkov, Odessa və s. şəhərlərin
opera teatrlarında çıxış
edir. Daha sonra Şalyapinin
vasitəsilə Ziminin
opera teatrına dəvət
olunaraq 1917-ci ilədək
orada fəaliyyət göstərir.
Fatma Muxtarovanın yaradıcılığından
söhbət düşərkən
Xalq artisti, görkəmli bəstəkar
Əfrasiyab Bədəlbəyli
yazır: “Yaxın və Orta Şərq
xalqları içərisində
ümumbəşər vokal
sənəti üslubuna
ilk dəfə yiyələnən
bizim Azərbaycan xalqımız olub və bu yolda
Fatma Muxtarovanın göstərdiyi hünər
misilsizdir”.
1928-29-cu illərdə Fatma Muxtarova Bakıda indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
fəaliyyət göstərib
və onun yaradıcılıq fəaliyyətinin
15 illiyi 1929-cu il martın 15-də Bakıda
qeyd edilib. Bu haqda müəllif İmran Axundov yazır: “Tamaşa salonu ağzına qədər dolu idi. Bu yubiley
yalnız Azərbaycan
operasının deyil,
ümumiyyətlə, sovet
opera sənətinin təntənəsi
idi”.
Fatma Muxtarova
1938-1953-cü illərdə Azərbaycan Dövlət
Opera və Balet Teatrının aparıcı
solisti olub və konsert proqramları ilə də çıxışlar
edib. İmran Axundov kitabda
Fatma Muxtarovanın tembrinə görə qüvvətli metso-soprano səsin sahibi olaraq bu cür
səs üçün
yazılan çətin
partiyaların öhdəsindən
çox məharətlə
gəldiyini qeyd edir. Monoqrafiyada Fatma xanımın ifa etdiyi “Qaratoxmaq
qadın” operasında
Polina, “Mazepa” operasında Lyubov, “Qar qızı” operasında Bahar, “Çar gəlini” operasında Lyubaşa, “Xovanşina”da Marfa, “Faust” operasında Zibelin və başqa partiyalar haqqında müfəssəl məlumat
verilərək təhlil
edilir. Müəllif aktrisanın yaradıcılığının
zirvəsi sayılan Karmen (“Karmen” – J.Bize) partiyasından xüsusi bəhs edərək yazır:
“Opera sənətinə dərindən
bələd olan ... peterburqlular Fatma Muxtarovanı da bu rolda qəbul
etdilər və onun yaradıcılığını
sevdilər...”.
Monoqrafiyanın üçüncü fəslini “Müxtəlif səhnələri fəth
edən sənət” adlandıran İmran Axundov çətin, lakin şərəfli yaradıcılıq yolu keçən Fatma Muxtarovanın Şərqdə
vokal sənətinin inkişafında
böyük xidmətləri
olduğunu xüsusi qeyd edir. Müəllif həmçinin 1949-cu ildə
Fatma Muxtarovanın iki operada iki
böyük partiya ilə çıxış
etməsini diqqətə
çatdırır. Bunlardan
birincisi Jorj Bizenin “Karmen” operasında (rejissor İ.Hidayətzadə, dirijor
Ə.Həsənov) Karmen,
ikincisi isə Cüzeppe Verdinin “Trubadur” operasında (rejissor P.Tveretski,
drijor V.Traximoviç)
Azuçena partiyalarıdır.
“Köhnə ibarəylə
desək, Muxtarovanı
“külçə qızıl”,
“təbiət övladı”
adlandırmaq olar. Təbii xüsusiyyətlərdən
onda etibarlılıq,
sadəlövhlük, uşaqəminliyi
və qeyri-adi yumşaq qəlblilik və nikbinlik daha çox üstünlük təşkil
edirdi” – deyə İmran Axundov yazır.
Monoqrafiyanın dördüncü fəslində (“Böyük sənətin təntənəsi”) 1928-29-cu il teatr mövsümünün sonlarında Fatma Muxtarovanın Moskvada, Böyük Teatrda üç məşhur operada – C.Verdinin “Aida”, J.Bizenin “Karmen” və Rimski-Korsakovun “Çar gəlini” operalarında uğurlu çıxışından bəhs edir: “O dövrün qaydalarına görə, dirijor V.İ.Suk ilk tamaşaya bir neçə gün qalarkən F.Muxtarovanı dinləməli idi ki, görsün, bu aktrisa-vokalist onun tələblərinə cavab verir, ya yox. Fatma xanım bu yoxlanışa əvvəlcədən hazır idi. O, baş rejissorla şəxsən işləyən konsertmeyster ilə tanış olaraq onunla məşq etmək üçün razılıq almışdı. Böyük Teatrda ifa edəcəyi bütün partiyaları konsertmeyster ilə işləmişdi. Fatma xanımı dinləmə zamanı bəstəboy, arıq, əlində əsa tutan baş dirijor Vyaçeslav Suk ona qulaq asmağa gəlir. Baş dirijor onu dinlədikdən sonra başa düşür ki, konsertmeyster ilə məşğul olub. Vyaçeslav İvanoviç Fatma xanımdan heç bir irad tuta bilməyib, ona təşəkkür edir. F.Muxtarova Böyük Teatrda “Aida” operasında Amneris partiyasını da müvəffəqiyyətlə ifa edir”.
Onu da qeyd edək ki, Böyük Teatrın rəhbərliyi F.Muxtarova ilə danışıqlar aparıb, onun orada qalıb fəaliyyət göstərməsini istəyib. Bu haqda İmran Axundov yazır: “Təklif olunan bəzi şərtlər Fatma xanımın ürəyincə deyildi. O, odla-su arasında qalmışdı. F.Muxtarovanın Böyük Teatrda hörməti az deyildi. Orada çalışan məşhur aktrisalar da Fatma xanımın burada həmişəlik işləməsindən bərk narahat idilər”.
Müəllif monoqrafiyanın beşinci (“Səhnə fəaliyyətinin orta və son dövrü”) və altıncı (“Məktub və teleqramlarda yaşanan ömür”) fəsillərində də sənətkarın həyat və fəaliyyətinə geniş nəzər salmaqla onun yaradıcılığını, insani keyfiyyətlərini oxucuya daha yaxından tanıdır.
Ömrünün böyük bir hissəsini Azərbaycan opera sənətinə həsr edən Xalq artisti Fatma Muxtarova haqqında fəlsəfə doktoru İmran Axundovun qələmə aldığı monoqrafiya teatrşünaslar, sənətşünaslar üçün böyük maraq kəsb etməklə yanaşı, görkəmli sənətkarın səhnə fəaliyyəti ilə bağlı gələcəkdə aparılacaq tədqiqatlar üçün də təqdirəlayiq mənbədir.
Anar BURCƏLİYEV
Teatrşünas
Mədəniyyət.- 2020.- 7 aprel.-
S.7.