Vikipediyada Xan Şuşinski haqqında özbək dilində
bölmə
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) bu ilin fevralından “Qarabağ – Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə həyata keçirir. Layihə çərçivəsində Azərbaycanın görkəmli şəxsiyyətləri, ədəbiyyat, incəsənət xadimləri ilə bağlı “Vikipediya” elektron ensiklopediyasında özbək dilində bölmələr yaradılır. Növbəti bölmə Azərbaycanın Qarabağ diyarının tanınmış muğam ustadı, Xalq artisti Xan Şuşinski haqqındadır.
Bölmədə qeyd olunur ki, muğam sənətinin korifeylərindən olan ustad xanəndə Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov) Azərbaycanın mədəniyyət, musiqi beşiyi olan Şuşada doğulub. Xan Şuşinskinin həyatı, yaradıcılığı, yaratdığı muğam nümunələri, mükafatları haqqında məlumat verilir, sənətkarın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Xan Şuşinski Fondunun yaradıldığı qeyd olunur. Vurğulanır ki, Azərbaycan muğamlarının ifaçılıq tarixində özünəməxsus yer tutan ustad pedaqoji fəaliyyəti ilə özündən sonra çoxsaylı gənc istedadların inkişafında mühüm rol oynayıb.
Həmçinin Xan Şuşinskinin repertuarına nəzər salınır, onun ifa etdiyi “Mahur-hindi”, “Bayatı-Qacar”, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” muğamları, müəllifi olduğu “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə” və başqa mahnılarla Azərbaycan musiqi tarixinə əbədi olaraq öz imzasını qoyduğu bildirilir.
Bölmə ilə
https://uz.wikipedia.org/wiki/Xon_Shushinskiy linkində tanış olmaq mümkündür.
Mədəniyyət.-
2020.- 7 avqust.- S.8.