Mədəniyyət Nazirliyinin ictimaiyyətə müraciəti

 

 

Azərbaycan xalqının zəngin mədəni və mənəvi irsinin qorunması, təbliği, ölkəmizdə mədəniyyət sahəsinin bütün istiqamətlərinin inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir.

 

Ölkəmizdə, bütün sahələrdə olduğu kimi, dövlət rəhbərliyinin yüksək diqqət və qayğı göstərdiyi mədəniyyət sahəsində də komplekssistemli islahatların həyata keçirilməsi günün tələbidir. Bu islahatların və görüləcək işlərin daha keyfiyyətli və səmərəli olmasını təmin etmək üçün mədəniyyətin müxtəlif sahələrində fəaliyyət göstərən təşkilatlar və fərdlərin iştirakı ilə məsləhətləşmələrin aparılması və sahəvi inkişaf proseslərində onların rəy və təkliflərinin nəzərə alınması planlaşdırılır.

 

Bu məqsədlə aşağıdakı suallar ətrafında rəy və təkliflərinizi info@creative.az e-mail ünvanına göndərərək bizimlə bölüşməyinizi xahiş edirik:

 

1. Mədəniyyət sahəsində siyasət və idarəetmədə gözləntiləriniz nədir?

 

2. Mədəni irsin mühafizəsi və inkişafı ilə bağlı hansı təklifləriniz vardır?

 

3. Mədəniyyət sahəsində yerli və beynəlxalq təbliğatın gücləndirilməsi üçünkimi yenilikləri təklif edərdiniz?

 

Rəy və təkliflərinizin  mədəniyyət sahəsində gələcək uğurlarımız üçün əhəmiyyətli olacağını düşünürük və öncədən təşəkkürümüzü bildiririk.

 

 

Mədəniyyət.- 2020.- 7 avqust.- S.2.