60-ın 43-ü kinonun payına düşür…
Azərbaycanda kino sənətinə
töhfələr verən
adlar sırasında kinoşünas, kinorejissor,
ssenarist, Əməkdar
incəsənət xadimi
Ayaz Salayevin özünəməxsus yeri
var. O, vaxtilə Azərbaycan
Televiziyasında aparıcısı
olduğu “Retro” verilişi
vasitəsilə tamaşaçılara,
dünya kinosuna maraqla yanaşı, həm də bir kino mədəniyyəti
aşılayıb. Ayaz Salayev
ölkəmizdə bu
sənətin təbliği
və populyarlaşmasında
mühüm xidmətləri
olan kino xadimidir.
60 illik yubileyini qeyd edən səbəbkarla qısa müsahibəmizdə ad günü
təəssüratlarına və təbii ki, yenə də
kino ilə bağlı mövzulara müraciət etdik.
Öncə qısa dosye…
Ayaz Salayev 1960-cı il
avqustun 1-də Bakıda
anadan olub. 1977-1982-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) Kinoşünaslıq
fakültəsində təhsil
alıb. 1983-1985-ci illərdə “Azərbaycanfilm”də
redaktor vəzifəsində
çalışıb. 1986-1988-ci illərdə
ÜDKİ-nin aspiranturasında
oxumaqla bərabər,
həmin təhsil ocağında “Müasir
film” fənnini tədris
edib. 1995-ci ildə çəkdiyi “Yarasa” filmi müxtəlif
ölkələrdə keçirilən
30-a yaxın festivalda iştirak edib, Fransanın Anje şəhərində Beynəlxalq
Avropa kinosu festivalında Qran-priyə,
digər mükafatlara
layiq görülüb.
Kino sənətinin inkişafında
xidmətlərinə görə
18 dekabr 2000-ci ildə
Azərbaycanın “Əməkdar
incəsənət xadimi”
fəxri adına
layiq görülüb.
Müxtəlif təhsil ocaqlarında
kino tarixindən dərs deyib.
“Ad günlərimi həmişə
kədərli keçirirəm...”
– İndiyədək keçirdiyiniz
ad günlərindən hansını
daha çox xatırlayırsınız?
– Səmimi cavab versəm, bu günə kimi heç bir ad günüm istədiyim kimi keçməyib. Amma yadımda qalan bir ad günüm olub. 1982-ci ildə mən Moskvada artıq təhsilimi bitirib Bakıya qayıtmalı idim. Hardasa iyul ayının əvvəlində. Evə dedim ki, istəyirəm bu dəfə ad günümü Moskvada keçirim. Bir ay əlavə qaldım və avqustun 1-də yataqxanada qalan dostlarımla, 4-5 nəfərlə ad günümü qeyd etdim. Etiraf edim ki, onlara heç fərli bir qonaqlıq da verə bilmədim. Amma yenə də nəsə elədim. O ad günü ən yadımda qalanıdır.
– Yubileyi qeyd etmək necə hissdir?
– Bu yaşda
artıq qocalmaq qorxusu
gündən-günə artır. Yubiley heç
bir hiss ifadə etmir. Düzünü desəm, ad günüm
olan tarixdə fikirləşirəm ki, bu gün kaş
tez bitərdi. Ad günlərimi həmişə kədərli
keçirirəm.
– 60 yaşın neçə ili kinonun
payına düşür?
– 17 yaşımdan hesablayanda
43 ili. 1977-ci
ildən kino üzrə təhsil almağa başladım.
– Bu 43 ildə bizim kinoya nəzər salanda mənzərə neçə görünür?
– Sözün düzü, vaxtilə məni Moskvaya ÜDKİ-yə oxumağa sövq edən dünya kinosuna marağım idi. Dünya kinosuna məhəbbət
məni bu sahəyə gətirdi.
Təbii ki, dövr başqa idi,
70-ci illər idi,
xaricə çıxış
yox idi və
biz xaricə daha çox meyil göstərirdik. Necə ki,
indi düşünürəm,
o vaxt bu düşüncələr bizə
yuxu kimi gələrdi. Müstəqil Azərbaycanın kinosu anlamı mənasında deyirəm. O vaxt gənc yaşlarımda mən Azərbaycan kinosu ilə bağlı tamam başqa düşüncələrə
malik idim. Bu gün mən
özümü tam olaraq
Azərbaycan kino ailəsinin üzvü hesab edirəm.
– Müəyyən dövr məşhur simalardan birinə çevrildiniz. “Retro” verilişinin aparıcısı olaraq hər bir ailədə
sevildiniz. Bu sevgi hələ də davam edir?
– Bəli, tanıyırlar, sevgilərini bildirirlər.
Salam verirlər və bu sevgi
hələ də qalır. Düzünü desəm, səbəbini
bilmirəm. Bu, çox böyük sevinc hissidir. Hərdən düşünürəm
ki, bu məhəbbətin
davam etməsinə səbəb o ola
bilər ki, mən özümü heç vaxt heç kimdən yuxarı tutmamışam,
sənətimə adi,
həm də sevgi ilə yanaşmışam. Çalışmışam ki, həmişə
səmimi olum. Heç vaxt kinoya bir
vasitə kimi yanaşmamışam. Yəni məşhur
olum, varlı olum. Təbii ki, şöhrət
də, populyarlıq da, pul da
lazımdır. Kim desə ki, lazım
deyil, buna inanmaram. Çünki bu mənə
də lazımdır.
Amma bu sadalananlar mənim məqsədim olmayıb.
– Son illər rejissorlar komiks və digər mövzulara müraciət edirlər. Ədəbi əsərlərə müraciət
zəifləyib. Nəyə görə
klassikaya maraq azalıb?
– Bu çox gözəl sualdır. Deyərdim ki, bütün
dünyada və eləcə də bizdə bu proseslər
gedir və mənim xoşuma gəlməyən proseslərdir.
Hazırda kinoya artıq
dünya mədəniyyətinin
bir hissəsi kimi yanaşmırlar.
Kino çox müstəqilləşir,
dünya mədəniyyəti
anlayışından ayrılır.
Amma dünya mədəniyyəti
içində memarlıq,
ədəbiyyat, poeziya,
təsviri sənət,
musiqi və s. var. Bütün bunlar dünya mədəniyyətində
xüsusi bir təfəkkür yaradır
və kino nədənsə artıq
bu təfəkkürü
ifadə etmək istəmir. İndi kinoya gələn
cavanların arasında
(düzdür, hamıya
şamil etmək olmaz), əfsuslar olsun ki, savadsızlar
da çoxdur. Mən gənc rejissor tanıyıram ki, bir şeir əzbər
bilmir, yazıçılarımızı
tanımır, amma
film çəkir. Bu da ona dəlalət
edir ki, həmin qeyd etdiyiniz klassikadan xəbəri belə yoxdur.
– Hazırda hansısa kino layihəsi üzərində çalışırsınızmı?
– Bu günlərdə tammetrajlı sənədli filmi bitirdim. Gözləyirəm, pandemiya bitsin və filmin premyerasını edim. Bundan sonra bir tammetrajlı bədii film üzərində işə başlayacağam.
– Bir dəfə oxumuşdum ki, kinoplyonkaya çəkilən filmlər azaldıqca kino təsviri mədəniyyəti də itməyə başlayır. Bu fikir düzdürmü?
– Bu fikirlə tam razıyam. Rəqəmsal çəkiliş hər adama film çəkmək imkanı yaradır. Bununla da dəyərlər itir. Bütün bunlar kino sənətinə təsir edir.
– Yubiley münasibətilə yəqin çoxlu sayda təbriklər aldınız?
– Açığı, həmişə məni təbrik edəndə, haqqımda xoş sözlər deyiləndə, diqqət mərkəzində olanda bundan çəkinirəm. Bir də, bilirsiniz necədir, əslində. Belə günlərdə təbrik edənlər yox, təbrik etməyənlər daha çox yadda qalır. Amma bu dəfə mənim üçün fəxr və şərəfli bir hadisə oldu ki, Mədəniyyət Nazirliyi yubileyimlə bağlı təbrik ünvanladı və bu təbrik KİV ilə yayımlandı. Həqiqətən, bu fakt məni çox sevindirdi.
– Biz də “Mədəniyyət” qəzeti olaraq bu təbriklərə qoşulur, Sizə yubiley münasibətilə xoş diləklərimizi bildirir, cansağlığı arzulayırıq!
LALƏ
Mədəniyyət.-
2020.- 7 avqust.- S.5.