Abayın doğum günü Bakıda da qeyd olunub

 

Avqustun 10-da ünlü qazax şairi Abay Kunanbayevin anadan olmasının 175 illiyi münasibətilə Bakının Binəqədi rayonunda onun şərəfinə vurulmuş xatirə lövhəsinin yerinin dəyişdirilməsi ilə bağlı aksiya keçirilib.

 

Tədbirdə Qazaxıstanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi Altınbek Mamayusupov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Mədəniyyət Nazirliyinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, “Azərbaycan-Qazaxıstan” Dostluq Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

 

Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov Bakının küçələrindən birinə Abay Kunanbayevin adının verilməsinə görə Azərbaycan Respublikasının rəhbərliyinə minnətdarlığını bildirib.

 

Diplomat tədbir iştirakçılarına xatırladıb ki, 25 il əvvəl – 1995-ci il avqustun 9-da Qazaxıstan rəhbəri Nursultan Nazarbayevin dəvəti ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Almatıda Abayın 150 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə iştirak edib.

 

Qazaxıstanlı diplomatlar Abayın doğum günü şərəfinə kiçik hədiyyə kimi öz vəsaitləri hesabına Abayın xatirə lövhəsinin yaxınlığında sakinlərin istirahət etməsi üçün oturacaq qoyublar.

 

Qeyd edək ki, Abay Kunanbayevin şərəfinə 2011-ci ildə vurulmuş xatirə lövhəsinin əvvəlki yerində təmir işləri aparılması və yaxınlıqdakı binanın sökülməsi ilə əlaqədar xatirə lövhəsinin yeri dəyişdirilib.

 

Mədəniyyət.- 2020.- 13 avqust.- S.3.