İsmayıllıda yol
çəkilərkən qədim maddi mədəniyyət
nümunələri aşkar olunub
Ölkə başçısının müvafiq sərəncamı əsasında İsmayıllı rayonunda Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc-Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisinə başlanılıb.
Yolun Kürdüvan kəndindən keçən hissəsində görülən tikinti işləri zamanı maddi mədəniyyət nümunələri üzə çıxıb.
Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları ərazidə olublar, aşkar olunmuş maddi mədəniyyət nümunələrinə baxış keçiriblər.
Burada XI-XIII əsrlərə aid həndəsi, nəbati və zoomorf təsvirli şirli və şirsiz saxsı məmulatlar, şüşə qolbaq, sferokonus aşkar olunub. Ərazidə Elxanilər dövrünə aid müxtəlif pul vahidləri də tapılıb. Eyni zamanda həmin ərazinin yaxınlığında Antik dövrə aid xeyli sayda saxsı qablar və bəzək əşyaları aşkar olunub. Aşkar olunan maddi mədəniyyət nümunələrindən birinin üzərində ərəbcə yazılar var.
Nadir tapıntıların aşkar olunduğu ərazidə tikinti işləri dayandırılıb, ərazi nəzarətə götürülüb.
Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova qeyd edib ki, ərazidə ilkin arxeoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulub. Arxeoloqların rəyi əsasında daha geniş tədqiqat işlərinin aparılmasına qərar veriləcək. Dövlət Xidmətinin əməkdaşları həmçinin İsmayıllı rayonunun Xan kəndində yerləşən Xan qalasına da baxış keçiriblər. Abidənin vəziyyəti ilə maraqlanıblar.
Mədəniyyət.- 2020.- 13
avqust.- S.2.