Türk dünyasının böyük şairi
TÜRKSOY Abay Kunanbayev ili çərçivəsində
nəşr olunan kitabın təqdimatını
etdi
Məlum olduğu kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY 2O20-ci ili böyük qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin (1845-1904) anadan olmasının 175 illiyi münasibətilə xatirə ili elan edib.
Abay Kunanbayev ili çərçivəsində TÜRKSOY-a üzv ölkələrdə müxtəlif təqdimat və layihələr həyata keçirilir. Xatırladaq ki, bu silsilədən ilk tədbirlərdən biri yanvar ayında Azərbaycan paytaxtında Bakı Dövlət Universitetində gerçəkləşmişdi.
Mütəfəkkir şairin doğum günü 10 avqustda TÜRKSOY-un və Qazaxıstanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə Ankaradakı Abay parkında şairin abidəsi önündə xatirə mərasimi keçirilib. Mərasimdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Ankaranın Keçiörən Bələdiyyəsinin başqanı Turgut Altınok, Qazaxıstan səfirliyinin rəsmiləri, Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı iştirak ediblər.
Həmin gün TÜRKSOY-un Ankaradakı qərargahından videokonfrans formatında TÜRKSOY Kitabxanası seriyasından işıq üzü görən nəşrin azərbaycanlı alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Elman Quliyevin hazırladığı Abay Kunanbayev kitabının təqdimatı keçirildi.
Nəşr Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, TÜRKSOY, Qazaxıstanın Azərbaycandakı səfirliyi, Azərbaycan Milli Kitabxanası və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə layihəsi olaraq ərsəyə gəlib.
Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlunun moderatorluğu ilə keçirilən videokonfransda TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, kitabın müəllifi professor Elman Quliyev, professorlar Hülya Kasapoğlu Çengel, Sadık Alahan, Asəf Zamanov, şair Kenan Çarboğa iştirak edirdilər.
Düsen Kaseinov açılış nitqində Abay Kunanbayevin həyat və yaradıcılığından bəhs etdi. Bildirdi ki, Abay XIX əsr realist ədəbiyyatının öncüllərindən biri, böyük fikir adamıdır, qazax ədəbiyyatının dünyaya açılan pəncərəsidir.
TÜRKSOY-un baş katibi il ərzində A.Kunanbayevə həsr edilən tədbirlərdən də söz açdı və əlavə etdi ki, pandemiya kimi qlobal problemin yaşandığı bir dönəmdə TÜRKSOY olaraq tədbirləri təxirə salmayıb, videokonfrans formatında da olsa, keçiriblər.
D.Kaseinov Abay Kunanbayev kitabının ərsəyə gəlməsinə görə Elman Quliyevə öz təşəkkürünü bildirdi: Abay Kunanbayev ili boyunca işbirliyi təkliflərinə açıq olmuşuq. Hələ iki il öncə Bakıda Azərbaycan musiqiçisi və aranjimançısı Aida Hüseynovanın Salam sənə, qələm qaşlım əsərini təqdim etdi və əsər TRT-nin böyük xorunun bədii rəhbəri və baş dirijoru Elnarə Kərimovanın rəhbərliyi ilə TRT-də səsləndirildi. Mən təklif edirəm ki, əsər yenidən səsləndirilsin.
Əsərin səsləndirilməsindən sonra baş katib Abay Kunanbayev ilinə dəstək verdiyinə görə,
Azərbaycan Mədəniyyət Nazirliyinə, Azərbaycan Milli Kitabxanasına və Qazaxıstanın Azərbaycandakı səfirliyinə minnətdarlığını ifadə etdi.
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov isə öz çıxışında diqqətə çatdırdı ki, Prezident Kasım-Jomart Tokayev tərəfindən 10 avqust Qazaxıstanda Abay Kunanbayev günü elan edilib. A.Kunanbayevin irsindən bəhs edən səfir vurğuladı ki, onun yaradıcılığında xalqın yaşamı, adətləri, xarakteri görünür, əsərləri humanizm dəyərlərini əks etdirir. Diplomat təqdim olunan kitabın ərsəyə gəlməsində zəhmət çəkən hər kəsə minnətdarlığını bildirdi.
Sonra D.Kaseinov
kitabın təqdimat rəmzi olan lenti kəsdi.
Videokonfransda çıxış edən Elman Quliyev uzun illərdir ki, A.Kunanbayevin irsini araşdırdığını
və kitabla bağlı TÜRKSOY-un təklifini
məmnuniyyətlə qəbul
etdiyini dedi: Kitabın qısa müddətdə nəşrinə
görə, D.Kaseinova
və Azərbaycan Mədəniyyət Nazirliyinin
TÜRKSOY-dakı təmsilçisi
Elçinə Qafarlıya
minnətdaram. TÜRKSOY türk mədəniyyətinin
böyük təbliğatçısıdır.
Abay Kunanbayev türk
dünyasına böyük
xidmətləri olan şəxsiyyətdir. Abaysız nə
qazax ədəbiyyatını,
nə də qazax mədəniyyətini
təsəvvür etmək
mümkündür. Onun həm
də qazax ədəbi dilinin formalaşmasında böyük
rolu olub.
Daha sonra konfransın panel hissəsi
başladı. Hülya Kasapoğlu Çengel, Sadık Alahan, Asəf Zamanov və Kenan Çarboğa
Abay Kunanbayevin həyat yaradıcılığından
bəhs etdilər.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxış edərək bildirdi ki, türk dünyası qazax xalqının böyük şairi Abayın yubileyini böyük təntənə ilə qeyd edir: TÜRKSOY özünün çoxillik ənənələrinə sadiq qalaraq 2020-ci ili Abay ili elan etmişdir və çox təəssüflər olsun ki, dünyanı cənginə alan pandemiya təhlükəsi yubileyin geniş şəkildə qeyd olunmasına imkan vermir. Abay Azərbaycanda da daim sevilən şairlərdən olub və onun əsərləri, habelə qazax ədəbiyyatının böyük klassiki Muxtar Auezovun Abay romanı hələ sovet dövründə Azərbaycanda çox böyük tirajla çap olunub.
K.Tahirov çıxışını ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə bitirdi: Abay, onun yaradıcılığı bütün bəşəriyyətə, bütün xalqlara məxsusdur. Təbii ki, bu, qazax xalqının fəxri, qazax xalqının xoşbəxtliyidir. Çünki onun belə görkəmli övladı, alimi, maarifçisi var və o öz xalqını xoşbəxtliyə və firavanlığa aparan düzgün yol göstərmişdir. Bununla yanaşı, o, bütün bəşəriyyətə, eyni zamanda Azərbaycan xalqına məxsusdur.
Sonra Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova kitabxananın tərtib etdiyi Abay Kunanbayev 175 adlı virtual kitab sərgisini konfrans iştirakçılarına təqdim etdi. Virtual sərgidə (anl.az/el/vsb/Abay_Kunanbayev/index.htm) şair haqqında Azərbaycanın görkəmli şəxslərinin fikirləri, Abayın portretləri, müəllifi olduğu əsərlər, haqqında yazılan kitab və məqalələri tam mətnləri verilib.
Videokonfrans TÜRKSOY Kamera orkestrinin ifasında A.Kunanbayevin əsərlərinə yazılmış musiqilərin səsləndirilməsi ilə başa çatdı.
Mehparə SULTANOVA
Ankara
Mədəniyyət.- 2020.- 13
avqust.- S.1;3.