Moskvada əslən Azərbaycandan olan rəssamın sərgisi
“Bir xalqın tarixi – bütün dünya üçün”
Avqustun 12-də Moskva Dövlət Şərq Muzeyində əslən Azərbaycandan olan israilli rəssam Rami Meirin “Bir xalqın tarixi – bütün dünya üçün” adlı sərgisi açılıb. Bu, rəssamın dağ yəhudilərinin tarix və mədəniyyətinə həsr olunmuş ilk fərdi sərgisidir.
Sərgidə rəsm əsərləri, habelə ağacdan hazırlanmış heykəllər və metalişləmə və zərgərlik nümunələrindən ibarət 31 iş nümayiş etdirilir. Tablolar dağ yəhudilərinin məişətini, ənənələrini, sənətkarlığını və milli geyimlərini əks etdirir.
Ekspozisiyada rəssamın XIX əsrdə və XX əsrin əvvəlində Qafqazın dağ yəhudilərinə həsr olunmuş silsilə əsərləri nümayiş etdirilir. Özü dağ yəhudisi olan Rami Meirin bu əsərləri çəkməkdə məqsədi təsviri sənət vasitələrinin köməyi ilə xalqının tarixini canlandırmaq və mədəniyyətini dünyaya tanıtmaqdır.
Multikultural mühitli Azərbaycanda doğulan Rami Meir Rusiyanın Dağ Yəhudi Rəssamları İttifaqının sədridir. Hazırda Moskvada yaşayır və orada işləyir. Portret, peyzaj, animalistika, tarixi və dini təsviri boyakarlıq janrlarında rəsmlər çəkir. Əsərləri Rusiya, ABŞ və İsraildə şəxsi kolleksiyalarda saxlanılır. Eyni zamanda özü də sənət əsərlərinin kolleksiyaçısıdır.
Rəssam “Dağ yəhudiləri” silsiləsi üzərində işləyərkən əsl tarixçi kimi araşdırma aparıb, xalqının tarixini zərrə-zərrə bərpa edib. O, çoxsaylı kitablar, köhnə qəzetlər, ötən əsrin əvvəlinə aid açıqcalar, qədim ailə fotoşəkilləri, doğmalarının və dostlarının söhbətləri əsasında dağ yəhudilərinin məişəti, ənənələri, peşələri, milli geyimləri barədə tam mənzərə yaradıb. Dağ yəhudilərinin geyimində istifadə etdikləri parçaları, onların teksturasını və ənənəvi rənglərini, bəzək əşyalarını və dini simvolları dərindən öyrənmiş rəssam bütün bu bilikləri kətan üzərinə köçürüb.
Moskva Dövlət Şərq Muzeyində sərgi sentyabrın 6-dək davam edəcək.
Mədəniyyət.- 2020.- 13
avqust.- S.1.